Hər insan bir Qaf dağıdır

22.01.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Həyatımdakı döngələrin demək olar ki, hamısı qədərin cilvəsi ilə baş verib.

İstiqamətim çox vaxt dərkimdən öncə, əlimdə olmadan dəyişib. Qərarlarım yolun axışında içimə dolub. Önümü görə bilmədiyim yönlərdə adətən asta addımlamışam.

Üfüqdə açılmayan pəncərədən boylanmaqdan çəkindiyim qədər, mənəvi böhranların girdabından çıxmaq üçün cəsarət göstərməkdən qorxmamışam.

Dumanlı, sisli yollarda işığın göründüyü yönə getmişəm, amma bu da üzərimdə varlığını hiss etdiyim lətafətbəxş bir əlin müşayiəti ilə baş verib.

Yol boyunca təzadlarım az olmayıb, amma onların arasında büllur kimi duru yəqinim, sarsılmayan həqiqətlərim də həmişə var olub. Ötələrə qanad çırpan quşlar kimi əskikliklərimə, imkanlarımın azlığına baxmayaraq, ora doğru üz tutmağı özüm üçün əsas bir qayə bilmişəm.

Bunu ta kiçik yaşlarımdan hiss etmişəm…

Uşaq vaxtı nənəmin danışdığı nağıllarda əlçatmaz, ünyetməz bir dağ var idi. Xəyallarımızın gerçəkləşəcəyi o sirli, sehrli Qaf dağı.

Uşaqkən mənə elə yaxın görünürdü ki, sanki bircə çırpınışla xurcunumu çiynimə atıb yola çıxsam,qırx gün-qırx gecəlik yolu bir günə qət edər, o dağın ətəyinə çatardım.

Yetkinləşdikcə anladım ki, yaxın göründüyü qədər də uzaq imiş o Qaf dağı. Yolları da bir o qədər məşəqqətli, çiləli imiş. Amma elə ecazkar, elə cazibəli imiş ki…

Ora yola çıxmamaq sanki həqiqətdən pay almamaq, həyatın sirrindən kənarda qalmaq imiş. Sanki özündən uzaq düşmək, divlərin qaranlıq mağaralara zəncirlənməsi kimi, insanın ruhunun vücuduna zəncirlənməsi kimi imiş.

Sonradan öyrəndim ki, Qaf dağını duymaq, onun adını eşitmək artıq qanad çıxarmaq imiş. Ona doğru macəraya atılmaq isə insanın özünə doğru atdığı ilk addım imiş.

İndi anlayıram ki, nənəm mənim əlimdən tutub hələ uşaq ikən, nağılların qanadında çoxdan o dağın arxasına xəyalən, ruhən, işıqlı bir yol ilə getməyin yollarından danışıbmış.

Demə, o əlçatmaz Qaf dağı yerdə-göydə deyilmiş,əslində lap yaxında - içimdə gizlənibmiş…
Sən demə, hər insan bir Qaf dağı və eyni zamanda bir Simurqmuş…
Mübariz Yunus
"Çağrı.az" saytının baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью