Hər kəs üçün 8 saat yuxu vacib deyil Optimal müddət

17.11.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uzun illər böyüklər üçün ideal yuxu müddətinin 8 saat olduğu düşünülsə də, yeni elmi araşdırmalar bu yanaşmanın hər kəsə uyğun olmadığını göstərir. Alimlərin qənaətinə görə, insanın yuxu ehtiyacı yaşından, fərdi xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri “Brain Medicine” jurnalında dərc olunan elmi icmala istinadən yazıb.

Araşdırmada insanların təbii şəraitdə nə qədər yatdığını müəyyənləşdirmək üçün Tanzaniya, Namibiya və Boliviyada yaşayan ovçu-yığıcı icmaların yuxu vərdişləri öyrənilib. Məlum olub ki, bu icmaların nümayəndələri gecə ərzində orta hesabla 5,7-7,1 saat yatırlar. Onların yuxu müddətinin azlığı nəqliyyat səs-küyü, sosial şəbəkələr və ya süni işıqlandırma ilə əlaqələndirilə bilməz.

Digər təhlillər isə sənayeləşməmiş cəmiyyətlərdə orta yuxu müddətinin təxminən 6,4 saat olduğunu göstərib. Bununla belə, alimlər bu nəticələrin hamı üçün 8 saatlıq yuxunun artıq olması anlamına gəlmədiyini vurğulayırlar. Çünki həmin icmaların nümayəndələrinin sağlamlıq göstəriciləri və yuxu çatışmazlığının mümkün nəticələri tam araşdırılmayıb.

Optimal yuxu müddəti 6,4-7,8 saat ola bilər

Sənayeləşmiş ölkələrdə aparılan genişmiqyaslı tədqiqatlarda da yuxu müddəti ilə sağlamlıq arasında əlaqə araşdırılıb. Bəzi nəticələrə əsasən, orqanların qocalması ilə bağlı göstəricilər baxımından optimal yuxu müddəti cinsdən və tədqiq olunan orqandan asılı olaraq 6,4-7,8 saat arasında dəyişir.

Alimlər həm az, həm də həddindən artıq yatmağın sağlamlıq üçün risklər yarada biləcəyini bildirirlər. Bu hallar ürək-damar xəstəlikləri, insult, koqnitiv funksiyaların zəifləməsi və piylənmə ilə əlaqələndirilir.

ABŞ Milli Yuxu Fondunun tövsiyələrinə əsasən, 26-64 yaş aralığındakı böyüklər üçün gündə 7-9 saat yuxu məsləhət görülür. Bununla belə, bəzi insanlar üçün 6-10 saatlıq yuxu da qənaətbəxş hesab edilə bilər.

Yuxunun vaxtı və rejimi də əhəmiyyətlidir

Araşdırmada yalnız yuxunun müddətinin deyil, onun hansı saatlarda baş tutmasının da vacibliyi qeyd olunur. Süni işıqlandırma insanın bioloji saatına təsir göstərərək yuxu və oyaqlıq rejimini dəyişə bilər.

Xüsusilə iş günlərində az yatan, həftəsonu isə itirilmiş yuxunu kompensasiya etməyə çalışan insanlarla bağlı maraqlı nəticələr əldə edilib. Alimlər bildirirlər ki, həftəsonu əlavə yatmaq yuxu çatışmazlığını tam aradan qaldırmasa da, heç olmasa qismən kompensasiya etmək baxımından faydalıdır.

Tədqiqatçılar yekun olaraq insanlara yuxu üçün kifayət qədər vaxt ayırmağı, fərdi ehtiyaclarını nəzərə almağı və ayrı-ayrı gecələrdə yaranan yuxu pozuntularına görə həddindən artıq narahat olmamağı tövsiyə edirlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью