Hər kitab bir dünyadır

14.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Aran Atabəyləri”

Tarixçi, tədqiqatçı Əkbər Nəcəfin müəllifi olduğu “Aran Atabəyləri” kitabı keçmişə səyahətlə tarixi hadisələri və Atabəylərin izlərini göstərən mənbə kimi diqqət çəkir.

Məlum olduğu kimi, Aran Atabəyləri 1119–1153-cü illərdə mərkəzi Gəncə şəhəri olmaqla Aran bölgəsində mövcud olmuş türk mənşəli siyasi hakimiyyət və atabəylik qurumudur. Böyük Səlcuq və İraq Səlcuqlu dövlətləri dövründə yaranan qurum bölgənin tarixi idarəçiliyi, dövrünün ictimai-siyasi və mədəni həyatında mühüm rolu ilə önəmli olub...

Əkbər Nəcəfin böyük zəhmət hesabına ərsəyə gətirdiyi kitabında Atabəyliyin siyasi, hərbi, dini-mədəni və sosial-iqtisadi tarixi ətraflı şəkildə tədqiq edilib.

Akademik Muxtar İmanovun elmi biblioqrafiyası

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, akademiyanın həqiqi üzvü Muxtar İmanovun həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik nəşr çapdan çıxıb.

Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin, 200-dən artıq elmi məqalənin, eləcə də çoxsaylı publisistik yazıların müəllifidir. Milli elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu, AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.

“Görkəmli elm xadimləri” seriyası ilə çıxan biblioqrafik nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə Rəna Cavadovadır. Kitab görkəmli alimin həyatı və elmi fəaliyyətini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью