Hər məktub bir arzudur

21.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oxucularımız davamlı olaraq redaksiyamıza yazılı və şifahi müraciət edir, arzu və istəklərini, onları narahat edən məsələləri bizə ünvanlayırlar. Bu, bizi sevindirir. Axı hər məktubda və telefon zəngində bir insan qəlbinin arzu və diləkləri əks olunur.

Hər bir mətbu nəşr cəmiyyətdə baş verən əyər-əskiklərin düzəlməsinə dəstək verməyə borcludur. Bir vaxtlar qəzetlərdə oxucu məktubları tez-tez dərc olunardı. Elə günlər olurdu ki, redaksiyamıza oxuculardan qucaq-qucaq məktublar gəlirdi.

“Xalq qəzeti” olaraq biz köhnə, yaxşı ənənələri bərpa etmək, sizin məktublarınızı vaxtaşırı dərc etmək fikrindəyik. Lütfən, bizə tez-tez yazın, arzu və təkliflərinizi bildirin. Gəlin, el-oba və cəmiyyət üçün yaxşı iş görənləri tərifləyək, onların əməllərini təqdir edək, əksinə, öz vəzifələrini icra etmək istəməyənləri isə qınayaq.

Paytaxtın bənzərsiz gülüstanı

Hörmətli redaksiya!

Mən təxminən 50 ildir ki, Bakıda yaşayıram. Ailəliyəm, övladlarım, nəvələrim var. Ailəmə, doğmalarıma çox bağlıyam. Tez-tez nəvələrimin əlindən tutub onları Dənizkənarı parka aparıram. Xəzərin gömgöy sularına baxanda həyat gözümdə daha da gözəlləşir!

Son illər bulvarımız çox yaraşıqlı və səliqəlidir. Burada bir-birindən elə gözəl güllüklər salınıb ki, adam baxdıqca baxmaq istəyir. Bulvarda bu gün hər rəngdə, hər biçimdə güllər var. Onlar mənə xoş ovqat bəxş edir. Nəvələrim də bu zərif gülləri heyranlıqla seyr edirlər.

Çox istərdim ki, bu bənzərsiz gülləri becərənlərə dərin minnətdarlığımı bildirim. Amma heç rastıma çıxmırlar. Görünür, onlar güllərə sübh tezdən qulluq edirlər. Təklifim budur ki, şəhərimizdə ildə bir dəfə “Bulvar günü” keçirilsin və biz sakinlər bu gözəlliyi yaradanlarla görüşüb tanış olaq, onlara ürəkdolusu “Çox sağ olun!” deyək!

Bəli, Bakımızın Dənizkənarı bulvarı, həqiqətən, çox gözəldir. Bulvar heç vaxt belə gözəl və səliqəli olmayıb! Sağ olsunlar!

Rübabə ZALIQIZI,
Bakı, Nəsimi rayonu

Vitrində bir qiymət, kassada başqa?!

Son vaxtlar müştərilər mağazalarda tez-tez qəribə və anlaşılmaz vəziyyətlə üzləşirlər. Belə ki, şəhərin bir çox ərzaq mağazalarında vitrinlərdə göstərilən qiymətlərlə kassada almaq istədiyin mal üçün tələb olunan məbləğ üst-üstə düşmür. Vitrinlərdə qiymət aşağı, kassada isə xeyli yuxarı olur!

Belə hallara daha çox “OBA” marketlər şəbəkəsinə məxsus mağazalarda rast gəlinir. Belə hallarda alıcılar, təbii ki, narazı qalır və öz etirazlarını bildirirlər. Təəssüf ki, mağaza işçiləri çox vaxt alıcılara saymazyana, başdansovdu cavablar verirlər. Bir qayda olaraq, “Qiymət dəyişib, etiketi yeniləmək yadımızdan çıxıb”, - deyir və bu zaman heç üzr də istəmirlər.

Beləcə, həmin ticarət obyektlərinə olan inam azalır. Müvafiq qurumlar belə halların qarşısını almaq üçün konkret tədbirlər görməlidirlər. Təəssüf ki, belə hallar azalmaq əvəzinə artır. İstərdim ki, qəzetlər bu mövzuya tez-tez müraciət etsinlər, telekanallar isə ictimaiyyət nümayəndələri ilə birlikdə telereydlər keçirsinlər.

Leyla HADİYEVA,
Bakı, Şüvəlan qəsəbəsi

Avtobuslarda mürgüləyən gənclər...

Yaşı 70-i haqlamaqda olan bir ağsaqqal avtobusa mindi. Nəqliyyatda axşam işdən sonrakı pik saatlar idi. Salonda boş yer yox idi. Ayaq üstə duranlar da az deyildi. Onların arasında orta yaşlı qadınlar da çox idi.

Ağsaqqal xeyli yorğundu, ayaq üstə güclə dayanırdı. Başqa çarəsi də qalmamışdı. Son vaxtlar avtobusda yaşlılara nadir hallarda yer verirlər. Özü-özünə təsəlli verdi. Avtobus tıxaca düşməsə, 15-20 dəqiqə yol gedəcək. Birtəhər dözmək lazım gələcək.

Yaşlı kişi salona nəzər yetirib kiminsə baxışları ilə qarşılaşmamağa çalışdı. Belə ki, tanımadığı adamlarla baxışları toqquşanda bir sıra gənclər ya naəlac qalıb ona yer verir, ya da özlərini görməməzliyə vururlar. Qoca kimdənsə yer umduğunu göstərmək istəmirdi.

İşin tərsliyindən avtobus tıxaca dirəndi. Qoca diqqəti cəlb etmədən gözucu salona göz gəzdirdi. Yaxın oturacaqlarda iki cavan oğlan gözlərini yumub az qala mürgü döyürdülər. Avtobusun arxa oturacaqlarında daha üç yeniyetmə isə gözlərini bərk-bərk yummuşdu.

Ağsaqqal qəlbində acı-acı gülümsündü. Ürəyində həmin cavanlara uzun ömür sürüb onun yaşına çatmalarını arzuladı. Qoy görsünlər ki, yaş artdıqca insanların fiziki gücü, taqəti azalır.

Nəhayət, o, evinin yaxınlığındakı dayanacaqda avtobusdan düşdü.

Hazırladı:
Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью