Icma.az, futbolpress-az saytına istinadən bildirir.
FIBA Çempionlar Liqasının dördüncü turunda Türkiyənin “Trabzonspor” klubunu doğma meydanda darmadağın edən (91:72) “Sabah” basketbol klubunun baş məşqçisi Lazar Spasiç qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, serbiyalı mütəxəssis ilk növbədə oyun haqqında fikirlərini bölüşdü:
– Bizə dəstək olan bütün ölkə qələbəmizlə haqlı olaraq fəxr edə bilər. Komandanın bütün üzvlərinə, məşqçilər korpusuna, tibbi heyətə, azarkeşlərə və rəhbərliyə minnətdarlığımı bildirirəm. Hər kəsi bu uğur münasibətilə təbrik edirəm. Çox ciddi və rəqabətədavamlı kollektivik. Böyük işlər görürük və bu yolda inamla irəliləyirik. Qələbə bizdə inanılmaz hisslər və duyğular yaradıb. Hər oyundan sonra buraxılan səhvlər və çatışmazlıqlar üzərində ciddi çalışırıq. Böyüyüb inkişaf edirik. Doğrudur, sıx təqvimə görə zamanımız az olur, lakin “Trabzonspor”u hərtərəfli təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Gördükləri keyfiyyətli işə görə bütün məşqçilər heyətimizə təşəkkür edirəm.
– Yerli basketbolçular və Orhan Aydının performansı barədə nə deyə bilərsiniz?
– Orhan çox təcrübəli və keyfiyyətli basketbolçudur. Lakin mən heç vaxt yerli və əcnəbi oyunçuları bir-birindən ayırmaq istəmirəm. Onların hamısı komandamızın üzvləridir. Eyni zamanda, digər yerli basketbolçularımızın da heyətdə yer almasından və göstərdikləri əzmkarlıqdan olduqca məmnunam.
– “Trabzonspor”un baş məşqçisi Səlcuq Ernak istefa edib…
– Bu mövzu ətrafında danışmaq istəmirəm. Özüm də həmin sahədəyəm və həmkarımın işsiz qalmasına, çətin durumla üzləşməsinə heç vaxt sevinmirəm.
Ayxan Zayıdzadə