“Hər şey qaydasındadır” deyənlər əslində nə yaşayır?

16.10.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir cəmiyyətdə bir çox insan ağır psixoloji gərginlik yaşasa da, bunu ətrafındakılara hiss etdirməməyə çalışır.

İnsanlar bəzən zəif görünməkdən, qınanmaqdan və ya problemlərinə görə yanlış anlaşılmaqdan qorxaraq yaşadıqları çətinlikləri gizlədir, hər şey qaydasındaymış kimi davranırlar. Xüsusilə, cəmiyyətdə hisslərini açıq ifadə etməyin zəiflik kimi qəbul edilməsi insanları öz problemləri ilə təkbaşına mübarizə aparmağa sövq edə bilər.

Bəs insanları hisslərini gizlətməyə vadar edən əsas səbəblər hansılardır?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanlar çox vaxt güclü görünməyi zəif görünməkdən daha üstün tuturlar. Bunun arxasında qınaq qorxusu, qəbul edilməmək narahatlığı və hisslərini ifadə etdikdə dəyər itirəcəklərinə dair yanlış inam dayanır: 

“Halbuki insanın güclü olmaq kimi bir öhdəliyi yoxdur. ““Güclüyəmsə, varam” düşüncəsi yanlışdır. Çünki gücün universal ölçüsü yoxdur, hər kəs onu fərqli anlayır. İnsan öz ağrısını gizlətməklə güclü olmur, sadəcə başqalarının onun haqqında formalaşdırdığı təsəvvürü qorumağa çalışır. Heç kim hər zaman güclü görünməyə məcbur deyil. Kömək istəmək də zəiflik deyil, insanın öz ehtiyaclarını tanımasıdır. Emosiyaları uzun müddət ifadə etməmək daxili gərginliyi artırır, yuxuya, diqqətə, münasibətlərə və fiziki sağlamlığa mənfi təsir göstərə bilər. İnsan öz hisslərindən qaçmaqla onları yox etmir.

Hisslərini sağlam şəkildə ifadə etmək üçün ilk növbədə başqalarının gözləntilərinə uyğun yaşamaq məcburiyyətindən çıxmalıdır. İnsan həyatını başqalarının qınağından qorunmaq üçün yaşaya bilməz. Çünki insanların qınağının qarşısını almaq mümkün deyil. Özünü ifadə etmək isə hər kəsə hər şeyi danışmaq demək deyil, öz hisslərini tanımaq, ehtiyaclarını anlamaq və sərhədlərini müəyyənləşdirməkdir. Özünütənqid də özünü alçaltmaq deyil”. 

Psixoloq qeyd edib ki, bu, insanın özünə kənardan baxması, səhvlərini görməsi və məsuliyyətini qəbul etməsidir. İnsan özünü olduğu kimi tanımağa başlayanda başqalarının onu necə görəcəyindən daha az asılı olur. 

Aişə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью