“Hər şey və ya heç nə” Anfilddəki oyunda hər kəs hədəfə çatmağa çalışacaq

27.01.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


UEFA Çempionlar Liqasında sonuncu və həlledici mərhələ başlayır.

Bakupost.az xəbər verir ki, İngiltərənin “Liverpool” klubu ilə Azərbaycanın “Qarabağ” komandası turnirin liqa mərhələsinin səkkizinci turuunda üz-üzə gələcək. Qarşılaşma sabah (yanvarın 28-də) Liverpul şəhərindəki Anfild stadionunda keçiriləcək. Oyunun baş hakimi slovakiyalı İvan Krujlyak olacaq, VAR otağına isə təcrübəli niderlandlı hakim Pol van Bukel rəhbərlik edəcək.
Turnirin bu mərhələsində qarşılaşma hər iki komanda üçün prinsipial xarakter daşıyır. Hazırda “Liverpool” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb, “Qarabağ” isə 18-ci yerdədir. İngiltərə klubu artıq pley-off mərhələsinə vəsiqəni rəsmi olaraq təmin etsə də, ilk səkkizliyə düşərək birbaşa 1/8 finala yüksəlmək niyyətindədir. Azərbaycan təmsilçisi isə pley-off mərhələsinə çıxmağı təmin etmək üçün mübarizə aparır.
UEFA məlumatlarına əsasən, “Liverpool” və “Qarabağ” indiyədək heç vaxt bir-biri ilə qarşılaşmayıb. Bu baxımdan Anfilddə keçiriləcək oyun tarixə ilk rəsmi duel kimi düşəcək. Xarici KİV-lərdə vurğulanır ki, İngiltərə klublarına qarşı uzunmüddətli qələbə həsrəti yaşayan “Qarabağ” üçün bu matç həm də psixoloji baryerin aşılması baxımından əhəmiyyətlidir.
Oyun ərəfəsində “Liverpool”un heyətində ciddi itkilər var. Aleksander İsak, Konor Bredli, Federiko Kyeza, Covanni Leoni, İbrahima Konate və Stefan Bayçetiç zədə səbəbindən bu matçı buraxacaqlar. Dizində ağrıları olan Co Qomezin meydana çıxması isə şübhəlidir.
Xarici idman portallarının ehtimal etdiyi start heyəti belədir:
Alisson, Frimpong, Endo, Van Deyk, Robertson, Gravenberx, MakAllister, Florian Virts, Dominik Soboslai, Qakpo (və ya Ekitike), Məhəmməd Salah.
Bu heyət göstərir ki, “Liverpool” oyuna 4-2-3-1 taktiki düzülüşü ilə çıxacaq: arxa xəttdə dördlü müdafiə, onların önündə Endo və MakAllisterdən ibarət iki dayaq yarımmüdafiəçisi, hücum xəttinin arxasında Soboslai–Virts–Salah üçlüyü və ən irəlidə Qakpo (və ya Ekitike).
Xüsusilə Soboslai və Salahın fərdi keyfiyyətlərinin oyunun taleyinə ciddi təsir göstərə biləcəyi qeyd olunur.

***


“Qarabağ”ın heyətində əsas sual işarəsi braziliyalı cinah oyunçusu Kadi ilə bağlıdır. “Koritiba” yetirməsi olan futbolçu noyabrın 5-də “Çelsi” ilə 2:2 hesablı oyundan sonra meydana çıxmayıb. Onun bu matçda iştirakı son ana qədər qeyri-müəyyən qalacaq.
Qurban Qurbanovun komandasının ehtimal edilən start heyəti belə göstərilir:
Koxalski; Mateus Silva, Mustafazadə, Medina, Cəfərquliyev; Pedro Bikalyo, Yankoviç; Leandro Andrade, Montiel, Zubir; Kamilo Duran.
“Qarabağ” da 4-2-3-1 sxeminə üstünlük verəcək: müdafiədə dördlü xətt, mərkəzdə Pedro Bikalyo və Yankoviçin dayaq rolunda oynadığı cütlük, onların önündə Andrade–Montiel–Zubir xətti və hücumun mərkəzində Kamilo Duran.
Futbol mütəxəssisləri Kamilo Duranın son turlardakı performansını xüsusi vurğulayır və onun “Qarabağ”ın əsas hücum ümidi olduğunu qeyd edirlər.
“OneFootball”, “Football Today”, “Flashscore” və digər nüfuzlu platformaların əksəriyyəti “Liverpool”u aşkar favorit kimi göstərir. Anfilddə ingilislərin topa nəzarət edən, yüksək pressinqə əsaslanan oyun quracağı gözlənilir. Bir sıra proqnozlarda 3:0 və ya 3:1 hesablı “Liverpool” qələbəsi ön plana çıxarılır.
Bununla yanaşı, bəzi analitiklər “Qarabağ”ın sürətli əks-hücumlar və standart vəziyyətlər hesabına qol şansı yarada biləcəyini istisna etmir. Xüsusilə son turda Almaniyanın “Ayntraxt Frankfurt” klubuna qarşı dramatik qələbə Azərbaycan təmsilçisinin pley-off şanslarını artırıb və komandanın Anfildə yüksək motivasiya ilə gələcəyi vurğulanır.
Ümumilikdə, “Liverpool” – “Qarabağ” qarşılaşması təkcə turnir cədvəli baxımından deyil, həm də reputasiya və psixoloji üstünlük nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. İngiltərə klubu favorit statusunu təsdiqləməyə çalışacaq, “Qarabağ” isə Avropa arenasında növbəti sensasiyaya imza atmaq və pley-off ümidlərini qorumaq üçün meydana çıxacaq.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью