Hər şey Vətən üçün... şəhidin son döyüşü

28.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Bəzən bir cümlə bütöv bir savaşın, bir nəslin, bir ömrün yaddaşına çevrilir. Beyləqandan olan şəhid Mir Talıb Ağazadənin son döyüşə gedərkən dediyi “Hər şey Vətən üçün” sözləri də atası Heydər Ağayevin yaddaşında belə qalıb. O, oğlunun Vətən uğrunda mübarizədə şəhid olması ilə fəxr etdiyini deyir: “Mən bu gün qürur duyuram ki, şanlı Zəfərə töhfə verən şəhidlərin arasında mənim oğlum da var. O, öz torpağı, Vətəni və Vətənində yaşayan insanlar uğrunda şəhid oldu”.

Heydər Ağayev torpaqlarımızın azadlığını şəhidlərin canı bahasına qazanılan böyük bir dəyər kimi görür. “Əlbəttə, sinəmizə düşən başımızı onlar qaldırdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, şəfa versin. Onlar da bizim canlı şəhidlərimizdir”, - deyə o bildirir.

Torpaqların azadlığı onun üçün yalnız Vətən sevgisinin deyil, şəxsi yaddaşın da qələbəsidir. Heydər Ağayev Kəlbəcərdə anadan olub. Bu səbəbdən illərlə həsrətində olduğu həmin torpaqların azadlığı onun üçün sözlə ifadəsi çətin olan bir sevincdir.

Bir atanın yaddaşında oğlunun son sözləri, bir ömrün başlanğıcında isə Kəlbəcər yaylağının xatirəsi var. Biri şəhidin Vətən üçün verdiyi son nəfəsi, digəri illər sonra azadlığına qovuşan torpağın yaddaşını yaşadır.

Bütün bu hekayənin içində isə yalnız bir cümlə qalır: Hər şey Vətən üçün...

Müxbir – Ceyhun Xəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью