525.az saytına istinadən Icma.az xəbər verir.
Müsahibimiz Sumqayıt Dövlət Dram Teatrının rejissoru, "Cosmo İncəsənət Məktəbi"nin yaradıcısı, şair Ümüd Abbas Nihanidir.
- Ümüd, siz həm rejissor, həm aktyor, həm şair, həm də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bu istiqamətlərin hər biri sizi fərqli tərəfdən ifadə edir, yoxsa əslində, hamısının kökündə eyni yaradıcılıq düşüncəsi dayanır?
- Fikrimcə, istedad ümumi anlayışdır. Yəni istedad insana sadəcə verilir. Onun istiqamətini isə ya mühit, ya zövq, ya da mütaliə çərçivəsi təyin edir. Yəni istedadlı bir adam təkcə yaradıcılıqda deyil, başqa sahələrdə də olsa, yenə öz istedadı ilə inkişaf etmiş olardı. Məsələn, belə deyim, mən yaradıcılığa şeirlə, ədəbiyyatla başlamışam. Bugün tamaşa quranda, tamaşama yazıçılıq, şairlik yönüm bir növ başqa rəng qazandırır. Yəni bir əsəri götürüb tamaşa qurduğum vaxt o əsərə həm də yazıçı kimi, şair kimi baxıram. Əgər bu əsəri mən yazsaydım, necə yazardım? Öz zövqümü ortaya qoyuram. Ondan sonra başlayıram onu rejissor kimi qurmağa.
Həmçinin, şeir yazanda da... Mənim şeirlərimi oxuyanlar özləri bunun şahidi olublar. Şeirlərimdə çox vaxt süjet xətləri sabit olaraq qorunub saxlanılır. Nəsr əsərlərində də rejissor xarakterim, rejissor tərəfim öz əksini tapır. Nəticə etibarilə, orada da, istər personajların psixoloji xarakterlərinin açılması olsun, istər başqa tərəflərdən, həmişə bu öz əksini tapır. Qısa olaraq, onu deyim ki, bu sahələr bir-birinə qismən yad sahələr olsa da, mən onları özümdə birləşdirməyə, onların bir-birilə bir əlaqəsini tapmağa çalışıram və bir ortaq nöqtə təyin edib bu yöndən davam edirəm.
- Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəyən gəncləri aktyorluq və rejissorluqdan qabiliyyət imtahanlara hazırlayırsınız. Bu işə başladığınız ilk vaxtla indiki Ümid arasında nə dəyişib? Tələbələrə yanaşmanız, metodlarınız necə formalaşıb?
- Bunu bir cümlə ilə ifadə edəcəm: Mən əvvəl tələbə yetişdirirdim, indi aktyor yetişdirirəm.
- Yəqin elə buna görədir ki, bu il də tələbələriniz uğurlu nəticələr əldə etdilər. Öncə bu münasibətlə bir müəllim kimi sizi təbrik edirəm. Sizcə, bu uğurun əsas sirri nədir? Təkcə istedad kifayətdirmi, yoxsa istedadı nəticəyə çevirən başqa amillər var?
- Diqqətiniz və təbrikiniz üçün təşəkkür edirəm. Təbii ki, heç bir işdə təkcə istedad əsas amil deyil. Bu sözü deməkdə məqsədim odur ki, istedad, həvəs və zəhmət - üçü eyni qədər olmadıqda, istədiyin nəticəni almaq mümkün deyil. Yəni tələbədə istedad, zəhmət və həvəs eyni qədər olmayanda biz bir müəllim kimi çox çətinlik çəkirik.
Təbii ki, universitetdə qabiliyyət imtahanından yüksək nəticələr əldə edən bütün tələbələr bu üç prinsipi eyni səviyyədə daşıyan gənclərdir. Məsələnin sirri intizam, zəhmət və istedadın düzgün idarə edilməsidir. Həmçinin, mən bir tələbə ilə işləyəndə, özümü ona köçürməyə çalışmıram. Əksinə, onun özünü yaratmağına kömək etməyə çalışıram.
- Qəbul imtahanına hazırlaşan gənclərdə ən çox hansı çatışmazlıqları müşahidə edirsiniz? Onlar daha çox nədən əziyyət çəkirlər?
- Qəbul imtahanına hazırlaşan uşaqların ən böyük problemlərindən biri psixoloji hazırlıqsızlıq olur. Yəni sən materiallara və oradakı prosesə hazır ola bilərsən, amma psixoloji olaraq hazır deyilsənsə, onu orada oturub qiymət yazacaq olan ustadlar onsuz da hiss edəcəklər və bu, sənin qiymətinə təsir göstərəcək. Davamında onu deyə bilərəm ki, əsasən, bizim kursumuza yazılan uşaqların ən böyük problemləri pafosa meyillilik və "C", "Ç" hərflərinin yanlış tələffüzüdür. Bunlar isə düşünürəm, məktəbdə öyrədilməlidir. Çox sərt olsa da, mütləq kimsə bunu deməlidir ki, öncə məktəblərdə dərs deyən filoloq müəllimlərimiz özləri səhnə danışığı müəllimindən dərs almalı, hərflərin düzgün tələffüzünü, şeirlərin düzgün ifasını öyrənməlidirlər. Yalnız bundan sonra məktəbdə ədəbiyyatdan, Azərbaycan dilindən dərs keçsinlər. Çünki əks halda bu yöndən çatışmazlıqlarla dolu uşaqlar yetişdirirlər.
Düşünürəm, belə bir proses başladılmalıdır ki, mütləq, məktəbdə dərs deyən, amma sadaladığım problemləri olan müəllimlər gəlib bir az dərs almalıdır. Çünki onların dərs dediyi sinifdə aktyorluğa hazırlaşan uşaqlar da ola bilər. O uşaqları o vəziyyətdə hazırlaşdırmaq uşaqlar üçün pis nəticələnə bilər. Bilmədiyini bilirmiş kimi öyrətmək uşaqlara yaxşılıq etmək deyil. Bəlkə də gələcəyin hansısa yaxşı aktyorunu uçuruma yola salmaqdır. Bir qisim filoloqlar mütləq səhnə danışığı, bədii qiraət və diksiya dərsləri almaq məcburiyyətindədir. Bunların hamısı düzəldilə bilən şeylərdir.
- Aktyor sənətinə yiyələnmək istəyən gəncdə ilk növbədə nəyə diqqət edirsiniz? Səs, diksiya, plastika, emosional yaddaş, müşahidə qabiliyyəti, səhnə davranışı, yoxsa daxili potensial?
- Birinci növbədə, uşağın istedadı onun sənə salam verməyindən, söhbətindən görünür. Əvvəlcə, tələbənin ağzından çıxan sözlərə olan münasibətinə baxıram. Ondan sonra bunlar hamısı, istər plastika, istər emosional yaddaş, istər müşahidi qabiliyyəti inkişaf elətdirilib, düzəldilə biləcək şeylərdir. Əsas tələbənin reaksiyaları, düşüncə forması, düşüncə tərzi, dünyagörüşü önəmlidir.
- Bəzən çox istedadlı, amma səhnədə özünü ifadə etməkdə çətinlik çəkən gənclər olur. Sizcə, aktyor olmaq sonradan öyrənilən bir bacarıqdır, yoxsa aktyor mütləq doğuşdan səhnə adamı olmalıdır?
- Aktyorluq bəzən gendən də gələ bilir, bəzən yeni bir nəslin başlanğıcı da ola bilir. Yəni adam var ki, nəslində hansısa bir professional aktyor olub və bu qanla ona keçib. Adam da var, yeni nəslin başlanğıcı olur. Tanrı ona bir istedad verir və o, növbətilər üçün bir qapıya çevrilir.
Tək aktyorluq yox, incəsənətin bir çox sahəsi var ki, bu sahədə olan bütün adamlar doğuşdan bu sahə ilə doğulmalıdır. Bu sahənin adamı kimi doğulmalıdır.
- Gənclərlə işləyən biri kimi, sizcə, bugünkü gənclərin sənətə münasibəti necədir? Onlar sənəti həqiqətən sevdikləri üçün seçirlər, yoxsa bəzən səhnənin yaratdığı məşhurluq və görünürlük də seçimlərinə təsir edir?
- Əksəriyyət məşhurluğun eyforiyasını yaşamaq istəyir. Əksər gənc məşhurluq və şöhrətin arxasınca gəlir aktyorluğa. Bəzən də olur ki, şöhrət və məşhurluq arxasınca gəldiyi halda, sənətin içinə girdikcə bu sənəti həqiqətən sevib fədaiyə çevrilməyə başlayır.
Bu da çox vacib məsələdir. Əgər fədailiyi gözə alacaqsansa, sənət səni seçəcək və o, səni ən yüksəklərə qaldıracaq.
- Hazırda Sumqayıtda yaratdığınız yaradıcılıq kursu yalnız aktyorluqla məhdudlaşmır; burada rejissorluq, rəqs, musiqi və digər yaradıcılıq istiqamətləri də tədris olunur. Belə genişmiqyaslı bir kurs yaratmaq ideyası necə yarandı?
- Dərslərin birində uşaqların vokal potensialını yoxlamalı idim. Elə bu vaxt bizim "Cosmo İncəsənət Məktəbi"nin hazırkı müəllimi, amma həmin vaxt mənim çox yaxın dostlarımdan biri professional pedaqoq Murad Azərli zəng elədi ki, bəs görüşmək istəyirəm. Mən də onu dərs dediyim yerə çağırdım. O gələndə xahiş etdim ki, uşaqların vokalını yoxlasın. O da uşaqları yoxlayandan sonra qərara gəldi ki, bu uşaqlarla imtahana qədər işləsin. Üstündən bir neçə gün keçdi. Çox təsadüfi haldır ki, mənim yaxın dostlarımdan biri, peşəkar xoreoqraf, bizim hazırkı rəqs müəllimimiz Kamil Ağazadə dərsə gəldi. Tələbələrdən biri xahiş elədi ki, "Kamil müəllim, mənim rəqsimə bax". Kamil müəllim bütün uşaqların rəqsinə baxdı və başladı onların üzərində işləməyə. Belə-belə bir komanda formalaşdı. Ondan sonra düşündüm, bir halda ki, komanda var, o zaman niyə bu komanda bir kurs halında fəaliyyət göstərməsin? Beləcə, başladıq.
- Kursunuzun əsas fəlsəfəsi nədir? Siz burada daha çox gələcək peşəkarlar yetişdirmək, yoxsa uşaqların və gənclərin incəsənətə marağını formalaşdırmaq istəyirsiniz?
- Tələbə yetişdirmək üçün, gənclərin incəsənətə marağını formalaşdırmaq məqsədilə yetərincə çox aktyorluq kursları və peşəkar pedaqoqlar mövcuddur. Mənim məqsədim gələcək üçün özümə bir aktyor bazası yığmaqdır. Mənim hər tələbəm gələcəkdəki hansısa tamaşam üçün bir yatırımdır.
- Sumqayıtda belə bir yaradıcılıq mühitinin yaradılmasının xüsusi əhəmiyyəti varmı? Sizcə, istedadlı gənclər Bakıya getmədən də ciddi sənət təhsili və inkişaf imkanları əldə edə bilməlidirlərmi?
- Mənim məqsədim də məhz istedadlı gənclərin Bakıya getmədən də ciddi sənət təhsili və inkişaf imkanları əldə eləyə bilmələridir. Təbii ki, Sumqayıtda yaradıcılıq mühiti yaradılmalıdır. Əslində, var, sadəcə, üzə çıxarılmalıdır. Bu missiyanı da bacardığım qədər öz üstümə götürməyə çalışsam da, tək deyiləm. Amma bir gün tək qalsam belə, bu yoldan çəkilməyəcəyəm. Yəni nə gözəl ki, bizim kursun tələbələrinin yarıdan çoxunu Bakıdan gələn gənclər təşkil edir. Bu, məni çox sevindirir. Ən azından, gələcəyin incəsənətlə bağlı təhsil ocağının əsasını qurmağa cəhd edirəm. Alınmasa belə, bu cəhdimlə fəxr edirəm və buna çox sevinirəm.
Nə vaxtsa alınmasa, yarı yolda qalsam, bu, məni məyus etməyəcək. Çünki nəticə etibarilə başlamışam. Və başlamaq işin səksən faizidir. Başlamaq üçün mükəmməl olmasan da olar, amma mükəmməl olmaq üçün başlamaq lazımdır.
- Siz həm də Sumqayıt Dövlət Dram Teatrının rejissorusunuz. Gənc rejissor kimi Azərbaycan teatrında sizi ən çox düşündürən məsələ nədir? Bu gün teatrımızın hansı problemini həll etmək istərdiniz?
- Hələ ki heç bir problemi həll edəcək iqtidarda deyiləm. O vaxt özümü o gücdə hiss edəcəyəm ki, hansısa tamaşam teatral hadisəyə çevriləcək. Onda artıq hansısa addımlara cəhd edəcəyəm.
Amma bugün Azərbaycan teatrının ən böyük problemlərindən biri yaradıcı mühitin, konkret olaraq, teatral mühitin olmamasıdır. Bunun üçün yüzlərlə səbəb sayaram. Ancaq təbii ki, gənc bir rejissor baxışından, mənə görə ən böyük problem gənc rejissorların bir-birindən çox uzaq düşməsidir. Gənc teatr rejissorlarının hərəsi ayrı-ayrı teatrlarda, ayrı-ayrı regionlarda işlədiyinə görə, onlar tez-tez bir araya gələ bilmirlər. Çox görüşə bilmirlər. Çox müzakirə edib, mütaliələrini bölüşə bilmirlər. Ən əsası isə bir-birilərinin tamaşalarına gedib baxa bilmirlər. Belə bir mühitdə isə nəticə etibarilə, rəqabət yaranmaz. Bu rəqabətsizliyin ən böyük səbəbi isə, içi mən qarışıq, bütün gənc rejissorların - hamımızın özümüzün digər gənc rejissorların hamısından daha yaxşı olduğunu düşünməyimizdir. Eqomuz bizim ən böyük faciəmizdir.
- Gənc yaşda bir neçə sənət istiqamətində özünüzü sınamağınız təsadüfdür, yoxsa əvvəldən özünüzü belə çoxşaxəli yaradıcılığa hazırlamısınız?
- Xeyr. Mən rejissoram. Sadəcə olaraq şairəm. Çox adamı bu çaşdırır. Deyirlər: "Bir işin qulpundan tut". İzah edə bilmirəm ki, şairlik iş deyil, peşə deyil. Başqa bir şeydir. Şairlik sadəcə dərdini daha gözəl danışmaqdır, vəssalam. Amma rejissorluq peşədir. Mən rejissoram, şeir də yazıram və pedaqoq kimi də öz sahəmə aid dərs deyirəm. Bu qədər.
Şahanə MÜŞFİQ