Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bəzi ömürlər var ki, illərlə deyil, göstərdiyi şücaətlə, Vətənə verdiyi töhfə ilə ölçülür. 22 il sürən bir ömür... Lakin bu qısa zaman kəsiyinə sığışan elə bir mərdlik, elə bir fədakarlıq dastanı var ki, nəsillər dəyişdikcə unutulmayacaq, hər zaman qürurla xatırlanacaq. Bu dastan — İsmayıllı torpağının mərd oğlu, Şuşa qayalıqlarında adını zəfər tariximizə həkk etmiş şəhid Nicat Şöhrət oğlu Tarıverdiyevin ömür yoludur. Tarıverdiyev Nicat Şöhrət oğlu – o artıq təkcə ailəsinin deyil, bütün Azərbaycanın qəhrəmanıdır.
İgid əsgərimiz Bakıda anadan olub. Bu körpə, elə uşaqlıqdan daxilindəki səmimiyyəti, cəsurluğu və böyüklərə ehtiramı ilə seçilirdi. İsmayıllının dağları kimi məğrur, bulaqları kimi duru bir xasiyyətə malik idi Nicat. Orta təhsil illərində müəllimlərinin, dostlarının sevimlisinə çevrilmişdi. Onun daxilindəki Vətən sevgisi sadəcə sözlərdən ibarət deyildi; bu sevgi onun hər addımında, torpağa və bayrağa olan dərin bağlılığında özünü büruzə verirdi.132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub. Nicat ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət dövründə intizamı, cəsarəti və əsgər yoldaşlarına olan qayğısı ilə komandirlərinin rəğbətini qazanmışdı. O zaman heç kim bilmirdi ki, bu gənc oğlan illər sonra Azərbaycanın ən müqəddəs döyüşündə ön sıralarda olacaq.
Azərbaycan Ordusunun əsgəri olan Tarıverdiyev Nicat 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütüylüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Şuşa döyüşləri hərbi tarixdə misli görünməmiş bir qəhrəmanlıq nümunəsi idi. Sıldırım qayalıqları aşaraq, düşmənlə üzbəüz, əlbəyaxa döyüşə girən igidlərimiz arasında Nicat da var idi. O, Şuşanın hər qarış torpağı uğrunda mərdliklə döyüşdü. 2020-ci il noyabrın 9-da — Böyük Zəfərin elan olunmasına saatlar qalmış, Şuşa uğrunda gedən şiddətli döyüşlərin birində Nicat Tarıverdiyev şəhadət şərbətini içdi.
Nicat 44 gün döyüş əməliyyatlarında iştirak edərək, qələbəyə saylı dəqiqələr qalmış 9 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.16 noyabr 2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.
Anası Şükran xanımın sözlərinə görə, oğlu qələbəyə sayılı saatlar qalmış şəhid olub: “Prezident televiziya vasitəsilə tam qələbə qazandığımızı elan etdi. Qurban demişdim, getdim onu kəsməyə. Elə ayın 10-u saat 13 radələri idi. Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər oğlun qəhrəmandır”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nicat Tarıverdiyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Bu gün Nicatın xatirəsi ehtiramla yad edilir. Anası, atası, doğmaları üçün bu itki nə qədər ağır olsa da, onların təsəllisi Nicatın ucaldığı müqəddəs Şəhidlik zirvəsidir. Şuşada dalğalanan üçrəngli bayrağımızın hər qatında Nicat kimi igidlərin al qanı, unudulmaz izi var.
M.MİRZƏ
XQ