Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsində həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olması ilə nəticələnməsi əksini tapıb.
Belə ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq. Qüvvədə olan Məcəlləyə əsasən, həmin xəta törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
Həmin əməllər inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Qüvvədə olan Məcəlləyə görə isə həmin inzibati xəta üçün on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab oluna bilərmi?
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, inzibati həbs müddətinin azaldılması müsbət dəyişiklik, cərimə tətbiqi isə yanlışdır: “Cərimə tətbiqi ilk növbədə hərbi qulluqçunun nüfuzuna zərbə olacaq. Cərimə tətbiq olunmayan zümrə hərbi qulluqçular idi, indi onlara da nəzərdə tutulubsa, heç də yaxşı hal deyil. Zabitə pul cəriməsi kəsmək təhqirdir. Qanuna belə bir əlavənin daxil edilməsi təşəbbüsü, ideyası kimdən gəlibsə, o, şəxsin orduya, hərbçilərə münasibətinə şübhə ilə baxıram”.
Onun sözlərinə görə, əvvəllər hətta hərbçilərə DYP-nin cərimə yazması yasağı var idi: “Hərbçilərimizin nüfuzunu artıran yeniliklərə getməliyik, hərbçinin nüfuzunu aşağı salan qaydalar tətbiq etməməliyik. Zabitin cərimə edilməsi şərəfinə toxunan cəza kimi qəbul edilə bilər. Belə bir cəzanın qanuna daxil edilməsini fikirləşən adamın belə çıxır ki, hərbidən anlayışı yoxdur. Hər şeyi pula bağlamaq olmaz. O kimdirsə, ordumuzu sevmir. Hansısa gözlənilməz hadisə baş verə bilər, ailəsi ilə uşağı ilə bağlı ciddi qəfil problem meydana gələ bilər, yolda hadisə baş verə bilər, tıxacda qala bilər və sair. Belə çıxır ki, buna görə hərbi xidmət yerinə gecikən hərbi qulluqçunun 1200 manat maaşından 200-300 manat cərimə tutulacaq. Bəs o zaman həmin hərbçinin ailə-uşağının dolanışı necə olacaq? Bunu bir düşünüblərmi? Vallah mən qanuna o cür əlavənin edilməsinin təklif olunduğunu oxuyanda heyrətə gəldim. Mən bir təcrübəli zabit kimi deputatları düşünməyə, İnzibati Xətalar Məcəlləsinə hərbi qulluqçularla bağlı cərimə cəzasının tətbiq olunması qaydasının əlavə edilməsi təklifini qəbul etməməyə çağırıram”.