Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi hər bir bölgəmizdən mərd oğulların ön cəbhəyə atılması, Vətən uğrunda canlarından keçməsi ilə yadda qaldı. Torpaqlarımızın azad olunması üçün düşmənə qarşı misilsiz igidlik göstərən, hərbi anda son nəfəsinədək sadiq qalan cəsur döyüşçülərimizdən biri də şəhid Elçin Mikayıl oğlu İsmayılovdur. Elçin 7 fevral 1991-ci ildə İmişli şəhərində anadan olmuşdur. 1997-ci ildə şəhərin 7 saylı məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ilin aprel ayında hərbi xidmətə yollanmışdır. Elçin Tovuz rayonunun Ağdam kəndində xidmət etmişdir. İxtisasca snayper olmuşdur. 2010-cu ilin oktyabr ayında tərxis olunmuşdur. 2018-ci ilin dekabr ayından yenidən orduya qayıtmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Böyüyüb boya-başa çatdığı mühitdə hər zaman ətrafındakıların sevgisini və hörmətini qazanan Elçin, Vətənə, torpağa olan sonsuz sevgisi ilə tanınmışdır.Vətənin dar günündə bir an belə tərəddüd etməyən Elçin Mikayıl oğlu İsmayılov Silahlı Qüvvələrimizin sıralarında hərbi xidmətini şərəflə yerinə yetirmiş, hərbi nizam-intizama və əsgəri borca həmişə sadiq qalmışdır.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Elçin Mikayıl oğlu İsmayılov ön cəbhəyə yollanaraq düşmənə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. O, cəbhənin müxtəlif istiqamətlərində düşmənin güclü istehkamlarının yarıldığı, strateji yüksəkliklərin azad olunduğu gərgin döyüşlərdə qorxmazlığı ilə seçilmişdir. Silahdaşları ilə çiyin-çiyinə vuruşaraq qarşıya qoyulan tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirmişdir.
Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Laçının, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən MAHHXHQ əsgər Elçin İsmayılov 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elçin İsmayılov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Müşfiq MİRZƏ
XQ