Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 sentyabr, AZƏRTAC
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin özünəməxsus cəhətlərindən biri onun günorta saatlarında icra edilməsi olub. Bəzi istiqamətlərdə dumanlı hava şəraiti müşahidə olunsa da, tədbirlər yüksək dəqiqliklə və ən qısa müddətdə başa çatdırılıb, Qarabağda bir nəfər də olsun mülki sakin xəsarət almayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib. Ekspert bildirib ki, 2023-cü il antiterror tədbirlərini zəruri edən bir neçə səbəb olub. Əsas səbəblərdən biri üçtərəfli Bəyanatın Ermənistan tərəfindən yerinə yetirilməməsi və Rusiya sülhməramlı kontingentinin də bunun icrasını təmin edə bilməməsi idi. Bundan əlavə, Azərbaycanın ərazisində silah, sursat, texnika, mina və şəxsi heyətin daşınması davam etdirilirdi.
“Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə mülki əhalinin təhlükəsizliyi daim Azərbaycan üçün prioritet olmuşdu və antiterror tədbirlərində də onlara evlərindən çıxmaması barədə xəbərdar edilmişdi. Azərbaycanda bir dəfə də olsun yaşayış məntəqəsində bir dənə atəş açılmadı. Ümumiyyətlə, antiterror tədbirlərində iştirak edən şəxsi heyət heç bir yaşayış məntəqəsinə bir addım belə yaxınlaşmadı”, - deyə Ə.Verdiyev vurğulayıb.
Müsahibimiz qeyd edib ki, zərbələr yalnız hərbi məqsədlərə yönəldilib: “Antiterror tədbirləri sırf yüksəkliklərdə yerləşən düşmənin döyüş mövqelərinə, onun artilleriya qurğularının yerləşdiyi ərazilərə, daşınan zenit-raket komplekslərinin start mövqelərinə, radioelektron mübarizə sistemlərinin, radiolokasiya stansiyalarının yerləşdiyi ərazilərə, hərbi hissələrin daimi dislokasiya məntəqələrinə və komanda məntəqələrinə, düşmənin sığınacaq və sursat anbarlarına zərbələr endirilməsi ilə həyata keçirilirdi”.
Hərbi ekspertin sözlərinə görə, ümumilikdə 1761 hədəfə hava hücum vasitələri və artilleriya qurğuları ilə zərbələr endirilib, düşmənin 90-dan çox mövqeyi qısa müddətdə Azərbaycan Ordusu tərəfindən ələ keçirilib.
Ekspert qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan silah, sursat, texnika, vasitə və avadanlıqlardan yüksək peşəkarlıqla istifadə edilib.
“Bu, bir daha bizim ordumuzun və digər güc strukturlarının imkan və potensialını dünyaya nümayiş etdirmiş oldu. Ümumilikdə düşmənin yüzə yaxın müxtəlif tank, artilleriya qurğuları, minaatanları, zenit-raket kompleksləri, radioelektron mübarizə kompleksləri, hərbi nəqliyyat vasitələri, zirehli personal maşınları məhv edildi. 1731 müxtəlif döyüş texnikası, artilleriya qurğuları, zenit-raket kompleksləri, hərbi avtomobilləri və 18 min 864 ədəd atıcı silah müsadirə edildi”, - deyə o, əlavə edib.
Ə.Verdiyev 2023-cü il antiterror tədbirlərinə aparan yolun Vətən müharibəsində əldə olunan Qələbədən qaynaqlandığını bildirib: “Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan humanizm nümayiş etdirərək Xocalı, Xocavənd və Xankəndi ərazisində qalan təxminən 18 min erməni qoşununa şans verdi ki, silahı yerə qoyub Azərbaycan ərazisindən çıxarılsın. Lakin Ermənistan tərəfi nəinki bu silahlıları çıxarmadı, onların təminat və təchizatını davam etdirməyə başladı”.
Müsahibimi xatırladıb ki, 2023-cü ilin aprelində Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduq: Bundan sonra düşmən yenə də digər alternativ yollardan istifadə etməyə davam etdi, əsasən torpaq və cığır yollarını genişləndirməklə mühəndis istehkam işləri apardılar. Azərbaycan növbəti erməni təxribatından sonra antiterror tədbirlərinin başlanması üçün Ali Baş Komandanımızdan çoxdan gözlənilən əmri aldı”, - deyə Ə.Verdiyev bildirib.
Ə.Verdiyev vurğulayıb ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri separatizmin sona çatması ilə nəticələnib: Antiterror tədbirləri Azərbaycan ərazisində separatizmin tabutuna vurulan son mismar oldu”.