Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək

20.10.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə məsuliyyət qaydaları dəyişdirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin şəxslərin hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, yaxud üzrlü səbəb olmadan vaxtında qayıtmaması bir gündən artıq, lakin on gündən çox olmadıqda inzibati məsuliyyət yaradacaq. Hazırda bu müddət üç gündən artıq, on gündən çox olmayaraq müəyyən edilib.

Bu əmələ görə 200 manatdan 300 manatadək cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs təklif olunur. Mövcud qaydada isə 20 günədək inzibati həbs nəzərdə tutulur.

Eyni əməlin inzibati tənbeh haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək inzibati həbs tətbiqi nəzərdə tutulur. Hazırda bu halda 15 gündən bir ayadək inzibati həbs tətbiq edilir.

Layihə ilə hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsi də təklif olunur. Müvafiq qərarların və protokolların surətləri dərhal hərbi prokurora göndəriləcək.

Hərbi prokuror işin başlanmasının rədd edilməsi və ya icraata xitam verilməsi barədə qərarların qanuniliyini və əsaslılığını 30 gün ərzində yoxlayacaq. Qanunsuz və ya əsassız qərarları ləğv etmək, müvafiq prosessual qərar qəbul etmək, protokol tərtib etmək və ya materialları yenidən baxılması üçün səlahiyyətli quruma göndərmək imkanı nəzərdə tutulur. Yoxlama üçün tələb olunan iş materialları bir gün ərzində təqdim edilməlidir.

Bundan başqa, hərbi qulluqçu xidməti vəzifələrinin icrası və ya digər üzrlü səbəblərlə dərhal məhkəməyə gələ bilmədikdə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə gətirilə bilmədikdə, inzibati həbs nəzərdə tutan işlərə 15 gün müddətində baxılması təklif edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью