Hərbi qeydiyyatdan keçməyənlər pasportsuz qalacaq

03.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya Dövlət Dumasının, ilk hərbi qeydiyyat üçün vaxtında müraciət etməyən şəxslərin qazanılmış Rusiya vətəndaşlığının ləğv edilməsi ilə bağlı proseduru dəqiqləşdirib.

Yenilənmiş qanun layihəsinə əsasən, vətəndaşlığı bu səbəbdən ləğv edilən şəxslər qərardan ən tez üç il sonra yenidən Rusiya vətəndaşlığına qəbul üçün müraciət edə biləcəklər.

"Cebheinfo.az" xəbər verir ki, "Vedomosti"nin məlumatına görə, tənzimləmə 8 avqust 2024-cü il tarixindən sonra ilk hərbi qeydiyyatla bağlı öhdəliklərini yerinə yetirməyənləri əhatə edir. 

Vətəndaşlığın nə vaxt qazanılmasından asılı olmayaraq, pozuntunun bu tarixdən sonra baş verməsi ləğv üçün kifayət sayılır. Daxili İşlər Nazirliyi müvafiq komissiyanın rəyindən sonra vətəndaşlığın xitam verilməsinə 30 gün müddətində qərar verəcək.

Yeni qaydalara görə, Rusiya vətəndaşlığı alan və hərbi mükəlləfiyyəti olan şəxslər iki həftə ərzində hərbi komissarlığa müraciət etməli və ya vətəndaşlığı aldıqdan sonrakı ilk həftə ərzində "Gosuslugi" portalı vasitəsilə qeydiyyat sorğusu göndərməlidirlər. Əks halda hərbi komissarlıq öhdəliyin yerinə yetirilməməsi barədə qərar qəbul edəcək. Bu qərardan 10 iş günü müddətində məhkəməyə şikayət etmək mümkün olacaq.

Qanun layihəsi, həmçinin hərbi qeydiyyata getməyən şəxslərin iradəsi ilə vətəndaşlıq alan uşaqların da vətəndaşlıqdan çıxarılmasını nəzərdə tutur.

Lakin doğuşdan Rusiya vətəndaşı olan uşaqlara və ya valideynlərdən birinin Rusiya vətəndaşı olduğu hallara bu müddəa şamil edilməyəcək.

Rəsmilər bu tənzimləmənin vətəndaşlığı yalnız bir hüquq deyil, həm də məsuliyyət kimi müəyyən etdiyini vurğulayırlar.
Hüquqşünaslar isə dəyişikliklərin praktikada yaranan qeyri-müəyyənlikləri azaltmaq və prosesi daha sistemli hala gətirmək məqsədi daşıdığı qənaətindədirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью