Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov bildirib.
O vurğulayıb ki, həmin tədbirlər nəticəsində Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisində dövlət hakimiyyətinin vahidliyini təmin etdi, qanunsuz silahlı birləşmələri tərksilah etdi, separatçı idarəetmə mexanizmini aradan qaldırdı və konstitusiyanın hüquqi qüvvəsini ölkənin bütün ərazisində bərqərar etdi
“Bununla da legitim hakimiyyətin, təhlükəsizliyin və hüququn vahid mərkəzdən həyata keçirilməsi təmin olundu, dövlət suverenliyi formal hüquqi anlayışdan real idarəçilik və institusional bütövlük səviyyəsinə yüksəldi. Antiterror tədbirlərinin tarixi əhəmiyyəti separatizmin ləğvi ilə məhdudlaşmayaraq Azərbaycanın milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini, gələcək təxribat imkanlarının aradan qaldırılmasını, Qarabağın ölkənin siyasi, hüquqi və ictimai sisteminə tam inteqrasiyasını, eləcə də bölgədə davamlı sülh üçün dəyişdirilməsi mümkün olmayan yeni reallığın yaradılmasını əhatə etdi. Azərbaycan xalqı üçün həmin 23 saat 43 dəqiqə otuz ilə yaxın davam etmiş ədalətsizliyə son qoyulmasının, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında tarixi borcun yerinə yetirilməsinin və milli ləyaqətin tam bərpasının zaman ölçüsünə çevrildi. Bu baxımdan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın yalnız hərbi üstünlüyünü deyil, öz taleyi üzərində müstəsna qərar vermək iradəsini, dövlətçilik məsuliyyətini və suverenliyini ölkənin hər qarışında təmin etmək qüdrətini bütün dünyaya nümayiş etdirdi”.
Deputat bildirib ki, 2019-cu ildə Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatlar işğal siyasətinin yeni mərhələyə keçirildiyini göstərirdi. Ölkənin o zamaki müdafiə naziri Davit Tonoyanın “yeni müharibə – yeni ərazilər” formulu Azərbaycanın yeni ərazilərinin hərbi hədəf kimi müəyyənləşdirilməsini, Baş nazir Nikol Paşinyanın işğal altındakı Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır – nöqtə” iddiası isə mövcud işğalın siyasi ilhaqla tamamlanmasını nəzərdə tuturdu:
“Bu iki tezis eyni konsepsiyanın hərbi və siyasi ifadəsi olmaqla Ermənistanın danışıqlar yolu ilə həllə münasibətini bütün aydınlığı ilə ortaya qoyurdu. Həmin konsepsiyanın mahiyyəti danışıqları sülhə aparan mexanizmdən işğalın ömrünü uzadan diplomatik örtüyə çevirməkdən ibarət idi. Paşinyanın bəyanatı müzakirə predmeti olan ərazilərin taleyi barədə əvvəlcədən birtərəfli hökm verir, kompromis imkanını aradan qaldırır və beynəlxalq vasitəçilik institutlarını siyasi mənadan məhrum edirdi. Beləliklə, Azərbaycanın suverenliyinə həm hərbi nəzarət, həm qanunsuz idarəetmə, həm də ərazi iddiasının dövlət siyasəti səviyyəsinə qaldırılması vasitəsilə qəsd olunurdu. Bu şəraitdə susmaq işğalın legitimləşdirilməsinə, danışıqları əvvəlki qaydada davam etdirmək isə hüquqi ədalətsizliyin müddətsiz uzadılmasına xidmət edə bilərdi”.
Rövşən Muradov bildirib ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı tarixi və hüquqi həqiqətin dövlət iradəsinə çevrilmiş ifadəsi idi:
“Bu mövqe Azərbaycanın sülhə sadiqliyinin siyasi tərəddüd, diplomatik səbrinin isə milli hüquqlardan geri çəkilmək kimi yozulmasına imkan verilməyəcəyini göstərirdi. Nida işarəsi bir cümlənin qrammatik tamamlanmasından daha böyük məna daşıyaraq dövlətin ərazi bütövlüyünü bərpa etmək əzmini, xalqın milli iradəsini və qarşı tərəfə ünvanlanmış son dərəcə aydın strateji xəbərdarlığı özündə birləşdirirdi.
2020-ci ilin Vətən müharibəsi işğal faktını aradan qaldırdı, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin hüquqi və faktiki bütövlüyünü təmin etdi. Çünki suverenlik yalnız sərhədlərin beynəlxalq səviyyədə tanınmasını deyil, həmin sərhədlər daxilində vahid hüququn, təhlükəsizliyin və konstitusion idarəçiliyin maneəsiz həyata keçirilməsini ehtiva edir. Antiterror tədbirlərinin üçüncü ildönümü bu mənada bir hərbi əməliyyatın ildönümündən daha geniş tarixi məzmuna malikdir. Bu tarix Azərbaycan dövlətinin öz suverenliyini elan etməklə kifayətlənmədiyini, onu bərpa etmək, qorumaq və ölkənin hər qarışında təmin etmək qüdrətinə sahib olduğunu təsdiqləyir”.