Hərbi qulluqçulara xüsusi rütbə veriləcək Maaş dəyişəcəkmi?

16.10.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ehtiyatda olan hərbi qulluqçuların tibb xidmətində vəzifələrə təyin edilməsi və onlara xüsusi rütbələrin verilməsi ilə bağlı qanun dəyişikliyi birinci oxunuşda qəbul edilib.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, hərbi xidmətdə xüsusi rütbə anlayışının tətbiqi ona aydın deyil. Onun sözlərinə görə, xüsusi rütbələr əsasən gömrük, vergi və miqrasiya orqanlarında istifadə olunur. Hərbi xidmətdə isə tibb təhsili olan şəxslərə müvafiq hərbi rütbələr verilir.

“Əgər hərbi qulluqçunun tibbi savadı varsa, ona tibb xidməti leytenantı və ya tibb xidməti baş leytenantı rütbəsi verilir. Mən indiyədək hərbi xidmətdə xüsusi rütbə anlayışına rast gəlməmişəm. Mövcud qanunvericilikdə də bunun necə nəzərdə tutulduğunu bilmirəm. Ona görə də bu dəyişikliklə hansı yeniliyin gətirilmək istəndiyini anlamaqda çətinlik çəkirəm”, – deyə ekspert bildirib.

Ü.Cəfərov qeyd edib ki, qanunvericiliklə bağlı təkliflər hazırlanarkən sahənin mütəxəssisləri ilə məsləhətləşmək, peşəkarların rəyini öyrənmək vacibdir. Onun fikrincə, bəzi millət vəkilləri müvafiq sahənin xüsusiyyətlərini dərindən araşdırmadan təkliflər irəli sürür, daha sonra isə bunlar yenilik kimi təqdim olunur.

Ekspertin sözlərinə görə, təklif olunan dəyişiklik hərbi qulluqçuların hüquqi statusu və sosial təminatı baxımından hansısa yeni imkan yaradacağı ilə bağlı da aydınlıq gətirmir. O, xüsusi rütbənin verilməsinin konkret olaraq hansı hüquq və ya üstünlük qazandıracağını sual edib.

“Burada əsas məsələ budur: tibb xidməti leytenantı ilə taqım komandiri olan leytenant arasında maaş və digər təminatlar baxımından hansı fərq yaranacaq? Onların rütbə maaşları və əlavələri hansı qaydada hesablanacaq? Tibb xidmətində çalışan hərbi qulluqçuya xüsusi rütbə verilməsi onun əlavə ödəniş alması deməkdirmi? Əgər belədirsə, bu ödəniş hansı əsasla müəyyən ediləcək?” – deyə Üzeyir Cəfərov bildirib.

O vurğulayıb ki, xüsusi rütbənin verilməsi öz-özlüyündə əlavə maaş və ya başqa maliyyə üstünlüyü demək deyil. Hərbi qulluqçuların təminatı mövcud qaydalar əsasında müəyyənləşdirilir. Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlər həm hərbi tibb işçilərinin, həm də taqım və bölük komandirləri daxil olmaqla digər hərbi qulluqçuların təminatına yönəldilir.

Bu baxımdan ekspert dəyişiklik nəticəsində dövlət büdcəsindən əlavə vəsait ayrılmasının hansı zərurətdən irəli gələcəyinin aydın olmadığını bildirib. Onun fikrincə, xüsusi rütbə anlayışının tətbiqi əlavə ödənişlə nəticələnməyəcəksə, bu dəyişikliyin praktik əhəmiyyəti də izah edilməlidir.

Bununla yanaşı, Ü.Cəfərov ehtiyatda olan hərbi qulluqçuların tibbi bilik və bacarıqlarından istifadə edilməsini müsbət imkan kimi qiymətləndirib. Onun sözlərinə görə, tibb sahəsində hazırlığı olan şəxslərin hərbi tibb xidmətində vəzifələrə təyin edilməsi ordunun müvafiq kadrlarla təminatına töhfə verə bilər. Ekspert Müdafiə Nazirliyinin Hərbi Tibb Fakültəsində hazırlanan mütəxəssislərin Silahlı Qüvvələr üçün əhəmiyyətini də vurğulayıb.

Hərbi ekspert, həmçinin hərbi qulluqçuların maaş və pensiyaları ilə bağlı məsələlərin yalnız Müdafiə Nazirliyinin fəaliyyəti çərçivəsində təqdim edilməsini düzgün hesab etmədiyini bildirib. Onun sözlərinə görə, bu məsələlər təkcə Müdafiə Nazirliyinə deyil, bütövlükdə Silahlı Qüvvələrə və digər müvafiq hərbi strukturlara aiddir.

Ü.Cəfərov qeyd edib ki, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları və digər hərbi strukturlarda xidmət edən şəxslərin də maaş və pensiya məsələləri ümumi yanaşma çərçivəsində nəzərdən keçirilməlidir. Buna görə də hərbi qulluqçuların sosial təminatı ilə bağlı müzakirələr aparılarkən məsələnin yalnız bir qurumla məhdudlaşdırılması düzgün deyil.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью