Icma.az bildirir, 525.az portalına istinadən.
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
Bu sözlər Lyüdmila xanımın sözləridir... “Hərənin öz ailə hekayəsi var, hər ailənin öz romanı var. Gərək yazan ola. Təkcə olanları deyil, o ailənin yaşadıqlarını və yaşamaq istədiklərini, ürəyindən keçənləri anladan lazımdı. Ən böyük ustalıq insanın deyə bilmədiklərini duymaqdı. O insanları anlamaqdı. Axı, hamı yazıçı, şair deyil ki, içindəkiləri olduğu kimi, duyduğu kimi anlada bilsin. Hamıya açıqlamağı bacarsın, bəyan etsin...
Biz Şuşanın ən gözəl güşəsində yaşayırdıq... Hamı bizi bir ziyalı ailə kimi tanıyırdı, sevib-sayırdılar. İxtisasca kimya-biologiya müəllimi olan atam Hüseyinqulu Bağırov uzun illər məktəb direktoru olub. Gənclərin təhsil alması üçün canla-başla çalışıb. O həm də anam kimi ədəbiyyat, şeir-sənət vurğunu, həvəskarı olub. Həmin illərdə Şuşada yazıçı və şairlərin istirahət evinə gələn bütün yazarlarla dostluq edirdi. Onların axşam məclislərində iştirak edir, ədəbi mühitlə yaxından tanış olurdu. M.İbrahimovun, S.Vurğunun, İ.Əfəndiyevin, S.Rüstəmin və başqa yazarların atama bağışladıqları kitabları evimizin ən əziz güşəsində saxlanırdı. Anam da ədəbiyyatçı olmasa da, çox kitab oxuyardı. Mənə elə gəlirdi ki, onun qədər mütaliə edən qadın yoxdu ölkəmizdə. Rus ədiblərinin, dünya yazarlarının əsərlərini oxuyardı anam Zərif. Altı uşaq böyüdə-böyüdə. İndiyə qədər də məndən rus olub-olmadığımı soruşurlar. Başa düşürəm ki, adıma görə. Mən də deyirəm ki, təmiz azərbaycanlıyam. Mənim adımla qardaşım Ruslanın adını anam A.S. Puşkinin “Ruslan və Lyüdmila” əsərinin baş qəhrəmanlarının şərəfinə verib...
Beş qardaşın bir bacısıydım mən. Atamla qardaşlarım məni “birdənəm” adlandırırdılar. Xoşbəxt günlərimiz vardı. Ailəmizdə hamı ali təhsilliydi. Ziyalı ailə kimi tanıyırdılar bizi gözəl Şuşada...Sonrasa...”
Lyüdmila xanım susur. Səbəbsiz yerə deyil. Yarasının közü qopmuşdu. Səbəbkar da məndim. Ona verdiyim suallar onu keçmişə qaytarmışdı. Ailə hekayələrini danışmaq elə də asan deyil. Bütün Qarabağ əhli kimi onlar da yurd-yuvalarını tərk etməyə məcbur olmuşdular. Onlar da şəhid olmuşdular. Onlar da gözəl nə varsa, onlar üçün əvəzolunmaz nə varsa, itirmişdilər. Cənnət havalı, gözəllikdə tayı-bərabəri olmayan Şuşanı tərk etməyə məcbur qalmışdılar. Uca və əzəmətli, başı dumanlı dağları görməkdən məhrum olmuşdular. Həmin günləri xatırlamaq, göz yaşlarsız olanları anlatmaq elə də asan deyil bu xanıma...
Bəli, Lyüdmila xanım, sizin yaşadıqlarınızı mən də yaşamışam. Bu qəhri, əzabı mən də çəkmişəm. Qaçqın düşərgələrində olanların, yaşananların şahidiyəm. Kimsə Qarabağ hadisələrindən yazmaq üçün yazırlar. Kiminsə yanında yaxşı olmaq üçün, vəzifəsini yerinə yetirmək üçün yazırlar. Bu soyuqluq da hiss olunur həmin yazılarda. Amma biz yandığımız üçün, ağrılarımızı həfiflətmək üçün, acılarımızı azaltmaq üçün yazırıq. Yaşadıqlarımızı, gözümüzlə gördüklərimizi anladırıq. Ona görə ağlayırıq, ona görə hətta sızımız çoxlarına xoş gəlmir. Biz gedib yerində tapmadıqlarımızın ağrılarını, uçub-dağılmış yurdumuzun acısını, viran qalmış evlərimizin, yurdlarımızın həsrətini, məhv olmuş xatirələrimizin yanğısını anladırıq ağılarla, bayatılarla. Sakit ola bilmirik, susa bilmirik, bacarmırıq. Daha yüngül, kiminsə ürəyini ağrıda bilməyəcək sözlər tapa bilmirik. Yaşadıqlarımızı, gördüklərimizi dəyişdirə bilmirik. Üstündən keçə bilmirik. Ona görə də mən sizi özüm kimi anlayıram...
Bəli, hər ailənin öz hekayəsi, öz romanı var. Doğru deyirsiniz ki, bu hekayəni də anlatmaq üçün, yazmaq üçün səni duyan, deyə bilmədiklərini oxuyan, anlatmağı bacaran insan gərəkir. Bu da doğrudu, keçirdiyin hissləri də qarşındakı duymalıdı, çatdırmağı bacarmalıdı...
Onu da deyim ki, Şuşanın mənim qəlbimdə yeri tamam başqadı. Onun gözəlliyi, qədimliyi, şəfalı, səfalı və gözəl havası heyran qoymadığı adam qalmayıb. Hələ gənclik illərindən gəzib, heyran olduğum bu şəhər, bu qədim torpağı heç bir yurdla əvəz edə bilmərəm. Bu şəhərdən və onun qaçqınlarından ürək ağrısıyla yazdığım “Ağ göyərçinlər” romanım da əsərlərim arasında özünəməxsus yer tutur.
Sonra yenə kövrəlmiş Lyüdmila Bağırovanın danışığını dinləyirəm: “Hə, bəxtəvərdim. Beş qardaşın bir bacısıydım. Qardaşlarım məni öz sevgiləriylə ahətə etmişdi. Bütün istəklərim yerinə yetirilirdi. Nə istəsəm, edirdilər. Qardaşlarımın hamısı mühəndisdi. Hamısı ali təhsil almışdı. Sadəcə mən ingilis dili müəllimi oldum. Əslində, mən də qardaşlarımın yoluyla getmək fikirindəydim. Ancaq atam mənim ingilis dili müəllimi olmağımı istədi. Mən də ona etiraz etmədim. Qardaşlarım işlədikləri müəssisələrdə hörmət qazanmışdılar. Öz seçdikləri sənəti sevirdilər və öz işlərini layiqincə yerinə yetirirdilər. Ancaq...”
Yenə Lyüdmila xanımı qəhər boğur, yenə yadına həmin acı günlər düşür. Qardaşlarının könüllü olaraq Şuşanın müdafiəsinə qoşulduğu günləri anlatmaq asan olmur ona. Qardaşı, baş leytenant Ruslan Bağırov rəhmətlik Ramiz Qəmbərovun, Nasir Bağırov isə Fəzail Əsədovun topçular batalyonunda döyüşüb. Fəzail Əsədov topçu Nasir Bağırov barəsində deyir:
- Nəsir elə əvvəldən dostum idi. Rəhmətlik çox mərd və arxa söykənəcək adam olub. O iki qardaşın mərdliyini və vətənsevərliyini bilməyən yoxdu Şuşada. Ümumiyyətlə, o ailədə böyüyənlərin hamısı haqqında bunu deyə bilərəm. Mən Nəsirin bütün tapşırıqları necə cəsarətlə yerinə yetirdiyinin şahidiyəm. Neçə dəfə onu əməliyyata göndərdim, hamısında da qəhrəmancasına döyüşdü. Mərd və igid oğlan idi. Allah rəhmət eləsin. Elə qardaşı barəsində də bunu deyə bilərəm. Çox təəssüf ki, ikisi də eyni gündə şəhid oldu...
Aylarla şəhərin müdafiəsində igidliklər göstərirlər. Günü-gündən quduzlaşan ermənilər Xocalıdan sonra Şuşanın da sakinlərini müxtəlif yollarla şəhəri tərk etməyə məcbur edirlər. Bütün müdafiə postlarını ələ keçirdilər. Həmin günlərin birində hər iki qardaşın eyni gündə acı xəbəri gəlir. Bu, valideynlərini və ailənin qalan üzvlərini çox sarsıdır. Şəhid olanlar və itkin şəhidlərin yaxınları bu dərdi heç vaxt unuda bilmirlər. Lyüdmila xanım danışır ki, həmin gündən sonra biz yaşamadıq. Göz yaşları, dərd-kədər bizimlə birgə addımladı, birgə böyüdü. Ailəli iki qardaşımdan indiyə qədər də heç bir xəbər ala bilmədik. Onlar şəhid olanda Nəsirin 34, Ruslanınsa 36 yaşı vardı. Hər ikisinin də övladları var. Atam onların dərdinə dözə bilməyib 1995-ci ildə dünyasını dəyişdi. Anamsa Ruslanla Nəsirin övladlarını böyütməklə həsrətini dindirməyə çalışırdı. Ancaq o da 2005-ci ildə iki oğul nisgiliylə, həsrətiylə gözünü əbədi yumdu. Hələ də gözlərim yollardadı. Bilirəm, qardaşlarımın şəhid olduğunu. Onlar Qarabağ torpaqlarını, Şuşanı canlarından çox sevirdilər. Heç düşünmədən sinələrini sipər edəcəklərinə şübhəm yoxdu. Lakin bizim nisgilimiz daha ağırdı. Deyirəm, bir məzarları olsaydı, ziyarətlərinə getsəydik, dərdləşsəydik, bir az da olsa sakitləşərdik. Təəssüf ki, yoxdu. Onların övladları artıq böyüyüblər, bəziləri ünlü elm adamlarıdı. Lakin yenə də atalarının yolunu gözləyirlər...”
Bəli, Lyüdmila xanım, gözləmək, acı həsrətlə yaşamaq çox ağırdı. Torpağın üzü soyuq olur, deyir atalar. Bir məzar üzünə, doğmalarının ziyarətinə belə həsrət qalmaq asan deyil. Dözülməsi, sakitləşməsi çox çətindi. Yaşayanlar bilir...
Hər ailə hekayəsinin, romanının sonu xoşbəxtliklə bitmir. Bəzən acılar da olur, həsrətlər də olur. Nisgillilər də yol gözləyir, ümidlə baxır yollara. Sizin hekayənizin əvvəli necə gözəl başladı. Necə ürəkaçan oldu. Sonluğusa təəssüf ki, acıllarla bitdi...
Bir milli qəhrəmanımız barəsində yazanda da demişdim. Kaş ki, şəhidlərlə, itkin düşənlərlə söhbət etmək mənə qismət olaydı. Onların ürəyindən keçənləri, igidlik dastanlarının səbəbini soruşaydım. Görəydim, onlar Vətən torpağı haqqında, elimiz-obamız haqqında nə düşünürlər? Ər oğullara, ərən oğullara veriləsi o qədər suallarım var ki...
Mənim üçün o qədər maraqlıdı bu sualın cavabını almaq. Bilirəm ki, fərqli söhbət edərdilər. Ürəyimdən keçməyənləri, hələ də yazmadıqlarımı danışardılar. Müsahibəm çox gözəl alınardı, orijinal olardı. Kaş ki, belə bir imkan mənə verilsəydi... Kaş ki...
Yenə xəyalən Şuşaya getdim. Onun başı dumanlı dağlarını, bənzəri olmayan təbiətini, suallarla mənə baxan düzlərını seyr etdim. Danışmaq istədim, içimi boşaltmaq fikrinə düşdüm. Suallarımın cavabını onlardan öyrənmək istədim. Gözü yollarda qalan yollara baxdım. Onların da həsrətini duydum. Onlar da gedib, qayıtmayanları gözləyir həsrətlə. Göy üzündəki buludlara baxdım. Elə dolmuşdular ki... Lap elə Lyüdmila xanım kimi... Gəlməyənləri, geri dönməyənləri ağlayacaqlardı sanki...