Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəmizin davamlı inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Qarşıda duran yeni hədəflərə çatmaq isə dövlət qurumlarının fəaliyyətində məsuliyyətin artırılmasını, vətəndaşlarla əlaqələrin gücləndirilməsini, hər bir sahədə konkret nəticələrə nail olunmasını tələb edir.
Bu məsələlər bu günlərdə bölgələrdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müzakirələrdə diqqət mərkəzindədir.
Tovuz
Tovuzda keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov dövlət başçısının qurultaydakı nitqinin siyasi və ictimai əhəmiyyətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlər Azərbaycanın gələcək inkişafının, milli təhlükəsizliyinin və iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin yad ideoloji təsirlərdən müdafiəsi dövlət qurumları ilə yanaşı, bütövlükdə ictimaiyyətin üzərinə mühüm vəzifələr qoyur. Xüsusilə uşaqların və gənclərin milli ruhda tərbiyəsi, onların sağlam dünyagörüşünün formalaşdırılması, ailə və məktəb arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Müşavirədə Tovuzun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə də geniş yer ayrılıb. Əhalinin qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrində mövcud problemlərin mərhələli həlli istiqamətində görülən işlərdən danışılıb.
Bildirilib ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət qurumlarının fəaliyyətinin başlıca meyarlarından biridir. Bunun üçün vətəndaş müraciətlərinə həssas yanaşılmalı, problemlərin həlli süründürməçiliyə yol verilmədən təmin edilməli, insanlarla birbaşa ünsiyyət daha da gücləndirilməlidir. Təhsil və mənəvi tərbiyə məsələləri də geniş müzakirə olunub.
Şirvan
Şirvan Şəhər İcra Hakimiyyətində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2026-cı il oktyabrın 2-də partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qurultayda müəyyənləşdirilən prioritetlər, ölkənin sosial-iqtisadi inkişafı, şəhərdə həyata keçirilən layihələr və milli təhlükəsizliyin mühüm istiqamətlərindən olan ideoloji təhlükəsizlik məsələlərindən bəhs edib. O, dövlət başçısının səsləndirdiyi fikirlərin və müəyyən etdiyi strateji hədəflərin Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün sahələrdə məqsədyönlü fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edən natiq dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideologiyasının təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə diqqət çəkib. O, uşaqların və gənclərin zərərli ideoloji təsirlərdən qorunmasının, onların sağlam dünyagörüşünün formalaşdırılmasının əhəmiyyətini də xüsusi vurğulayıb.
İcra başçısı şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısının davam etdirilməsinin, onların sosial müdafiəsinin gücləndirilməsinin, idarəetmədə müasir yanaşmaların tətbiqinin vacibliyini bildirib. Qarşıya qoyulan tapşırıqların vaxtında və məsuliyyətlə icrasının ölkənin davamlı inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
“Şirvan” qəzetinin baş redaktoru, Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, 21 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səadət Quliyeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Canəli Nəbiyev, İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi, Əməkdar müəllim Mehran Əhməd qızı, şəhid anası Sevinc Hümbətova və Vətən müharibəsi qazisi Aslan Cəfərov çıxış ediblər.
Çıxışlarda dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, ailə ilə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların zərərli ideoloji təsirlərdən müdafiəsi və şəhidlərin qəhrəmanlıq irsinin təbliği məsələləri ön plana çəkilib. Bildirilib ki, müstəqilliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və dövlət maraqlarının müdafiəsi hər bir vətəndaşdan yüksək məsuliyyət tələb edir.
Sonda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.
Naftalan
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantı keçirilib.
Məclisdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin qurultaydakı nitqinin siyasi və strateji əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət başçısının proqram xarakterli çıxışında Azərbaycanın keçdiyi inkişaf yolu təhlil olunmaqla yanaşı, ölkənin gələcək tərəqqisinin əsas istiqamətləri, milli təhlükəsizliyin möhkəmləndirilməsi və qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilib.
Qeyd olunub ki, Azərbaycan ötən dövrdə böyük inkişaf yolu keçib. 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətini, siyasi qeyri-sabitliyi və müharibənin doğurduğu çətinlikləri geridə qoyan ölkəmiz bu gün güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası isə müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindəndir.
Çıxış edən digər natiqlər də YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, qarşıdakı dövrdə əsas vəzifələr yalnız qazanılmış tarixi Zəfərin nəticələrini qorumaqla məhdudlaşmır. İqtisadiyyatın daha da gücləndirilməsi, yüksək texnologiyaların inkişafı, müasir təhsil sisteminin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və milli-mənəvi dəyərlərin qorunması ölkənin gələcək inkişafının mühüm prioritetlərindəndir.
Hamlet QASIMOV,
Mikayıl NƏRİMANOĞLU
XQ-nin bölgə müxbirləri