Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Maks Ferstappen 2025 mövsümündə 1-ci yeri tutsaydı, ardıcıl 5-ci dəfə “Formula-1” üzrə dünya çempionatının qalibi olacaqdı. Ancaq ola bilmədi.
Və indi belə görünür ki, niderlandlı pilot heç də məyus deyil.
- Çoxdan maraqlanmaq istəyirdim ki, mövsümün son yarışı ərəfəsində baş tutan kollektiv şam yeməyində hesabın ödənilməsini pilotlar necə razılaşdırır?
- Onu deyə bilərəm ki, bir il əvvəl Valtteri Bottas çox xoş jest etdi, xərcləri öz boynuna götürdü. Onda pilotlar zarafatlaşdılar ki, 2025-də Maksın növbəsidi, mən də “əlbəttə, okey” dedim. Bu il Əbu-Dabi mərhələsindən əvvəlki məclisdə mən masanın başqa tərəfində əyləşmişdim, banket salonunun girişindən uzaq düşmüşdüm, gecə boyunca danışdıq, əyləndik, sonra elə məqam çatdı ki, kimsə getməli oldu. Və bu zaman aydın oldu ki, artıq Pyer Qasli hesabı ödəyib. Mən həmin vaxt salonun başqa tərəfində sevimli cin-tonikimi içirdim. Ancaq 2026-da hələ şam mərasimi başlamamış hamıya deyəcəm ki, gecənin sonunda hesab çekini mənə versinlər. Adətən, belə məsələlərdə çox səxavətliyəm. Şübhə etmirəm ki, bir il sonra yenidən belə şam şeməyinə yığışacağıq.
- Beləliklə, 2025 mövsümü arxada qaldı. Onu hansı hisslər ilə xatırlayırsız?
- Bu mövsümü layiqincə keçirdik. Əlbəttə, mövsümün ilk yarısı o qədər də yaxşı alınmadı, əvəzində ikinci yarı çox maraqlı və şən keçdi. Sabit şəkildə fəxri kürsüyə qalxdıq, bir neçə mərhələni qazandıq, şəxsən mən komandamızın hadisələrin axarını dəyişə biləcəyini gözləmirdim. Ümumiyyətlə, heç kim gözləmirdi. Bu üzdən, təbii ki, sonda qazandığımız nəticədən razıyam.
- Yadıma gəlir, Əbu-Dabi mərhələsi başa çatandan sonra radiorabitə ilə komandaya üz tutduz, titulun əldən verilməsinə görə məyus olmamağı xahiş etdiz...
- Ona görə ki, şəxsən mən ciddi şəkildə məyus olmadım. Axı mövsümün ortasında heç çempionluq uğrunda mübarizə aparacağımızı düşünmürdüm də. Sonda qalibdən cəmi 2 xal geri qaldım. Amma əslində bunun heç bir əhəmiyyəti yoxdu – sənə 1, 2 və ya 20 xal çatmadı... Fakt budu ki, qələbə sənin deyil. Bu məsələdə hər şey sadədi. Beynimi belə şeylərlə doldurmamağa çalışıram.
- 2021-ci ildə ilk dəfə dünya çempionu olandan sonra dəfələrlə demisiz ki, qalan bütün titullar müəyyən mənada bonusdu. Hərçənd azarkeşlərin buna inanması çətindi...
- Hesab edirəm ki, adamlar, ümumiyyətlə, həyata hədsiz ciddi yanaşır. Əlbəttə, bizim peşəmizdə uğura nail olmaq, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək fövqəladə dərəcədə vacibdi, ancaq bütün bunlarla 40 yaşa qədər məşğul olmaq... Hərçənd “Formula-1”də daha uzun müddət çıxış edən müstəsna pilotlar da var. Ancaq bundan sonra da vaxt çoxdu, həyatda başqa nələrləsə məşğul ola bilərsiz. Belədə əvvəlki uğurlarınız çətin ki bir o qədər vacib ola. Düşünürsüz ki, 60 və ya 70 yaşım olandan sonra 4 və ya 7 titul qazanmaq məni çox həyəcanlandıracaq? Bu üzdən hər şeyə sakit yanaşmağa çalışıram. Bütün bu stress nəyə lazımdı? Axı stress həyatı qısaldır. Mən isə 250 ilə qədər yaşamağa hazırlaşıram! (gülür)
- 2025-in hansı məqamında, mövsümün hansı mərhələsində hər şeyin alındığını hiss etdiz?
- Düşünürəm ki, Montsa mərhələsi bu planda çox vacib oldu. Çoxlu çətin həftəsonunun ardından məhz orda hər şey yaxşı alındı. Sonra hadisələr lazımi istiqamət üzrə inkişaf etməyə başladı. Artıq biz maşınımızın özəlliklərini daha yaxşı anladıq, bundan sonra, ümumiyyətlə, fəxri kürsünü tərk etmədik.
- Bu qədər çox işi necə bir araya gətirirsiz? Az qala növbəti dəfə “Formula-1”də titul qazanacaqdız, GT yarışlarında çıxış edirsiz, kiberidmanla məşğul olursuz. Bütün bunlar üçün vaxtı necə tapırsız?
- Sevimli işlə məşğulsuzsa, bütün bu fəaliyyətlərə vaxt ayırmaq asanlaşır. Amma məmnunluq bəxş etməyən işlə məşğul olanda adam psixoloji cəhətdən yorulur. İşinizi ehtirasla sevirsizsə, heç bir yüklənmə hiss etmirsiz.