Hesabınız oğurlanarsa, ilk növbədə nə etməlisiniz? Mütəxəssisdən AÇIQLAMA

18.11.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə sosial media hesablarının kiberhücumlara məruz qalması, istifadəçilərin şəxsi məlumatlarının ələ keçirilməsi və hesabların sındırılması halları artmaqdadır. Xüsusilə, fişinq linkləri, saxta profillər və müxtəlif kiberfırıldaqçılıq üsulları sosial şəbəkə istifadəçiləri üçün ciddi təhlükə yaradır. Bu baxımdan şəxsi hesabların və məlumatların qorunması məsələsi aktuallaşır.

Sosial media hesablarını kiberhücumlardan qorumaq üçün istifadəçilər hansı təhlükəsizlik tədbirlərini görməlidirlər? Hesabların sındırılmasının qarşısını almaq üçün hansı üsullardan istifadə etmək daha effektivdir? Əgər şəxsin sosial media hesabı ələ keçirilərsə, onu geri qaytarmaq və şəxsi məlumatların yayılmasının qarşısını almaq üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan İT mütəxəssisi Eyvaz Kərimov bildirdi ki, burada ən vacib məsələ istifadəçinin öz təhlükəsizliyinə nə dərəcədə diqqət yetirməsidir:

"Çünki hesabların böyük əksəriyyəti mürəkkəb texniki üsullarla deyil, elə istifadəçilərin diqqətsizliyi nəticəsində ələ keçirilir. İlk növbədə, hər sosial media hesabı üçün fərqli və güclü şifrələrdən istifadə edilməlidir. Eyni şifrəni həm "Instagram", həm "Facebook", həm də elektron poçt hesabında istifadə etmək düzgün deyil. Çünki platformalardan birində məlumatlar ələ keçirilərsə, digər hesablar da təhlükə altına düşə bilər. İkinci vacib məsələ iki mərhələli təsdiqləmədir. Bu funksiyanı aktiv etdikdə, kimsə şifrənizi bilsə belə, əlavə təsdiqləmə olmadan hesabınıza daxil olmaqda çətinlik çəkəcək. Mümkündürsə, SMS əvəzinə Authenticator tətbiqlərindən istifadə etməyi tövsiyə edirəm. Bundan əlavə, tanımadığımız şəxslərdən gələn linklərə daxil olmamalı, şübhəli faylları yükləməməli və sosial şəbəkələrdə qarşımıza çıxan hər bir məlumatı doğru hesab etməməliyik. Xüsusilə, pulsuz hədiyyə, pul qazancı və ya hesabınızın bağlanacağı ilə bağlı göndərilən mesajlara diqqətlə yanaşmaq lazımdır".

Müsahibimiz qeyd etdi ki, hesabların sındırılmasının qarşısını almaq üçün ən vacib məsələlərdən biri fişinq hücumlarını tanımaqdır:

"Bu gün kiberdələduzlar sosial şəbəkələrin rəsmi səhifələrinə çox bənzəyən saxta səhifələr hazırlayırlar. İstifadəçiyə elə bir link göndərilir ki, həmin şəxs öz şifrəsini və digər məlumatlarını fərqinə varmadan qarşı tərəfə təqdim edir. Məsələn, istifadəçiyə Instagram adından mesaj gəlir ki, guya hesabında problem var və hesabın bağlanmaması üçün linkə daxil olub məlumatlarını təsdiqləməlidir. İstifadəçi həmin linkə daxil olaraq şifrəsini yazır və nəticədə hesabını özü bilmədən qarşı tərəfə təhvil vermiş olur".

Mütəxəssisin sözlərinə görə, digər vacib məsələ elektron poçt hesabının qorunmasıdır:

"Çünki sosial media hesablarının bərpası zamanı əsas vasitələrdən biri məhz həmin elektron poçtdur. Əgər kimsə sizin e-mail hesabınıza giriş əldə edərsə, digər hesablarınızı da ələ keçirməyə cəhd edə bilər. Mən istifadəçilərə tövsiyə edərdim ki, hesablarına hansı cihazlardan giriş edildiyini mütəmadi yoxlasınlar, tanımadıqları cihazlardan girişləri bağlasınlar və təhlükəsizlik bildirişlərini aktiv saxlasınlar".

O bildirdi ki, sosial media hesabı ələ keçirildikdə ilk növbədə panikaya düşmədən sürətli hərəkət etmək lazımdır:

"Vaxt burada çox önəmlidir. Əgər hesaba giriş hələ də mümkündürsə, dərhal şifrə dəyişdirilməli, bütün digər cihazlardan çıxış edilməli və iki mərhələli təsdiqləmə aktivləşdirilməlidir. Eyni zamanda, hesaba bağlı elektron poçtun və telefon nömrəsinin dəyişdirilib-dəyişdirilmədiyi yoxlanılmalıdır. Əgər hesaba giriş artıq mümkün deyilsə, sosial şəbəkənin rəsmi hesab bərpa mexanizmindən istifadə etmək lazımdır. Məsələn, "Instagram" və "Facebook"un hesabı sındırılmış istifadəçilər üçün xüsusi bərpa bölmələri mövcuddur. Bu zaman yalnız platformanın rəsmi saytına müraciət etmək lazımdır. Hesabı geri qaytaracağını vəd edən üçüncü şəxslərə, xüsusilə pul tələb edənlərə inanmaq olmaz. Digər vacib məqam isə hesabın ələ keçirilməsi barədə yaxınları və dostları məlumatlandırmaqdır. Çünki kiberdələduzlar həmin hesabdan istifadə edərək digər insanlara da mesaj göndərə, pul istəyə və ya zərərli linklər paylaşa bilərlər".

Həmsöhbətimiz vurğuladı ki, hesab vasitəsilə şəxsi şəkillər, yazışmalar və ya digər məxfi məlumatlar ələ keçirilibsə, bununla bağlı sübutları saxlamaq, yayılan məlumatların silinməsi üçün platformaya müraciət etmək və zərurət yarandıqda hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır:

"Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm: Kibertəhlükəsizlik yalnız İT mütəxəssislərinin və ya böyük şirkətlərin problemi deyil. Bu, hər bir internet istifadəçisinin şəxsi məsuliyyətidir. İstifadəçi nə qədər diqqətli olsa da, risk heç vaxt sıfıra enmir. Amma sadə təhlükəsizlik qaydalarına əməl etməklə hesabların ələ keçirilməsi ehtimalını ciddi şəkildə azaltmaq mümkündür".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью