Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Cəmiyyətin rifahının yüksəlməsində sosial xidmətlər mühüm rol oynayır, təhsil, səhiyyə, məşğulluq və sosial təminat hüquqlarının həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, ayrı-seçkiliyin qarşısının alınmasına, sosial ədalətin möhkəmləndirilməsinə və insan hüquqlarının qorunmasına töhfə verir. Müasir sosial siyasətin əsas istiqamətlərindən biri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan sosial xidmətlərin vahid standartlar əsasında təşkili xüsusi əhəmiyyət daşıyır. Belə ki, vahid standartlar xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, şəffaf, əlçatan və bərabər prinsiplər əsasında göstərilməsini təmin edir.
Sosial xidmət müəssisələri dövlətin sosial müdafiə sisteminin mühüm tərkib hissəsi olmaqla, həssas əhali qruplarının hüquqlarının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına xidmət edir. Burada əsas məqsəd ehtiyacı olan şəxslərin sosial problemlərinin həllinə kömək etmək, həyat keyfiyyətini yüksəltmək və sosial risklərin təsirini minimuma endirməkdir. Bu müəssisələr fəaliyyətlərini müasir idarəetmə prinsipləri, vahid xidmət standartları və rəqəmsal texnologiyalar əsasında təkmilləşdirərək insan hüquqlarına hörmət, bərabərlik, əlçatanlıq, fərdi yanaşma, məxfilik və sosial ədalət prinsipləri əsasında qururlar. Beynəlxalq təşkilatların, xüsusilə BMT, UNICEF, Beynəlxalq Əmək Təşkilatı (ILO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) tövsiyələrində sosial xidmətlərin insan hüquqlarına əsaslanan yanaşma ilə təşkil edilməsinin vacibliyi vurğulanır.
Sosial siyasət üzrə ekspertlərin fikrincə, sosial xidmətlər yalnız maddi dəstəklə məhdudlaşmamalı, şəxsin sosial reabilitasiyasına, psixoloji vəziyyətinin yaxşılaşdırılmasına, əmək bazarına inteqrasiyasına və cəmiyyətə tamhüquqlu qoşulmasına yönəlməlidir. Bu baxımdan sosial xidmət müəssisələrinin fəaliyyəti multidissiplinar yanaşma əsasında təşkil edilməli, sosial işçilər, psixoloqlar, hüquqşünaslar, həkimlər və digər mütəxəssislər arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılmalıdır. Sosial iş sahəsində mütəxəssislər vurğulayırlar ki, xidmətlərin vahid standartlar əsasında təşkili regionlarda xidmət keyfiyyəti fərqlərinin azaldılmasına, sosial xidmət alan şəxslərin hüquqlarının bərabər təmin edilməsinə və dövlət vəsaitindən daha səmərəli istifadəyə imkan verir.
Ölkəmizdə stasionar sosial xidmət müəssisələri, yarımstasionar sosial xidmət mərkəzləri, səyyar sosial xidmət göstərən qurumlar, sosial reabilitasiya və sosial adaptasiya mərkəzləri, ahıllar, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, məişət zorakılığı və insan alveri qurbanları üçün ixtisaslaşmış sosial xidmət müəssisələri fəaliyyət göstərir: Bu müəssisələrdə göstərilən çoxşaxəli xidmət sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi, sosial-pedaqoji, sosial-məsləhət, sosial-reabilitasiya və sosial-məşğulluğa dəstək xidmətlərini əhatə edir. Xidmətlərin həcmi və növü hər bir şəxsin və ya ailənin ehtiyaclarının qiymətləndirilməsi əsasında müəyyən edilir və fərdi sosial xidmət planına uyğun həyata keçirilir.
Çətin həyat şəraitində olan şəxslər dedikdə, sosial, iqtisadi, fiziki və ya psixoloji səbəblərdən ciddi çətinliklərlə üzləşən insanlar nəzərdə tutulur. Bu qrupa əlilliyi olan şəxslər, ahıllar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, məişət zorakılığı qurbanları, aztəminatlı ailələr, evsiz şəxslər, insan alveri qurbanları və digər həssas kateqoriyalar daxildir. Bu şəxslərin ayrı-seçkiliyə məruz qalmamaq, keyfiyyətli və əlçatan sosial xidmətlərdən istifadə, məxfilik və şəxsi məlumatların qorunması, qərarların qəbulunda iştirak etmək, şikayət vermək və hüquqi müdafiə vasitələrindən istifadə əsas hüquqlarıdır. Sosial xidmət müəssisələri bu hüquqların təmin olunması üçün hər bir müraciətə fərdi yanaşmalı, xidmət alan şəxslərin ehtiyaclarını obyektiv qiymətləndirməli və onların sosial inteqrasiyasına dəstək göstərməlidir.
Son illər sosial xidmətlərin təşkili sahəsində mühüm islahatlar həyata keçirilir. Xidmətlərin rəqəmsallaşdırılması, elektron müraciət imkanlarının genişləndirilməsi, xidmət standartlarının tətbiqi və sosial işçilərin peşə hazırlığının gücləndirilməsi xidmət səmərəliliyinin artırılmasına yönəlmişdir. Yeniliklər sosial ədalət prinsiplərinin həyata keçirilməsinə və çətin həyat şəraitində olan şəxslərin hüquqlarının daha etibarlı qorunmasına xidmət edir. Dövlət qurumlarının, sosial xidmət müəssisələrinin, vətəndaş cəmiyyətinin və beynəlxalq tərəfdaşların birgə fəaliyyəti nəticəsində daha inklüziv, əlçatan və insan hüquqlarına əsaslanan sosial xidmət sisteminin formalaşdırılması mümkündür.
Mustafa KAMAL
XQ