Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əsasnaməsi Azərbaycan Voleybol Federasiyası tərəfindən təsdiqlənən və həvəskarlar arasında təşkil olunan Tüklə Voleybol Liqası uğurla başa çatıb. Artıq 4 ildir Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) dəstəyi ilə keçirilən yarış bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuşdu.
Turnirin final mərhələsinin açılış mərasimində təşkilatçılar və fəxri qonaqlar bu liqanın əsas məqsədinin həvəskar voleybolun inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək və voleybolsevərləri bir araya gətirmək olduğunu vurğulayıblar. Bu ilin may ayından 9 komanda ilə start götürən 4-cü Tüklə Voleybol Liqası, xüsusilə də final mərhələsi maraqlı və gərgin mübarizə ilə yadda qaldığı qeyd edilib.
Bağlanış mərasimində liqa üzrə fərqlənmiş komandalar elan olunub. Bildirilib ki, “Kidol” VK 1-ci, “Qartal” VK 2-ci, “Zəfər” VK isə 3-cü yerə layiq görülüblər. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Eyni zamanda, liqanın uğurlu təşkilində əməyi olan qurumlara, hakimlərə, komandalara və yarış boyunca komandaları dəstəkləyən azarkeşlərə təşəkkür ifadə olunub.
Qeyd edək ki, Tüklə Masallı rayonunda yerləşən bir kənddir və zəngin voleybol ənənəsi var. Bu gün artıq Tüklə Voleybol Liqası bir kənd səviyyəsində deyil, respublika üzrə maraqlı təsisata çevrilib. Bu liqa qısa müddətdə həvəskar voleybolun ənənəvi turnirləri sırasında qərar tutub.
Ə.ƏLİYEV
XQ