Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ötən gün Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşa və Baltikyanı dövlətləri hədələyən bəyanatla çıxış edib.
O deyib ki, NATO-Rusiya hərbi qarşıdurması olacağı halda ilk zərbəni alan ölkələr məhz Pribaltika dövlətləri və Polşa olacaq: “Əgər NATO Rusiya-Belarus İttifaq dövlətinə qarşı hərbi addım atsa, birinci zərbə ilə bu ölkələr üzləşəcəklər”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Prezidenti Anjey Duda Zaqrebdə Narışkinin hədələrinə cavab verib. O deyib ki, Rusiya kəşfiyyatının rəhbəri Polşa və Baltikyanı ölkələri hədələyən klassik rus dezinformasiyasını yayır.

Dudanın fikrincə, bu bəyanat “sovet təbliğat məktəbinə xas olan klassik rus dezinformasiyasının” nümunəsidir: "Bunu öz nüvə silahlarını Belarusa yerləşdirən, həyasızcasına NATO və Avropa İttifaqının sərhədlərinə yaxınlaşdıran Rusiya deyir. NATO-ya qarşı aqressiv davranan, özünün qəddar və qaniçən imperializmini həyata keçirən Rusiya son üç ildə Ukraynaya hücum edir".
O, həmçinin vurğulayıb ki, NATO sırf müdafiə ittifaqıdır: "NATO-nun etdiyi hər şey Rusiyanın təcavüzünə cavabdır... NATO heç vaxt heç kimə hücum etməyib və heç kimə hücum etmir, bu, müstəsna olaraq təhlükəsizliyi dəstəkləyən alyansdır".
“AzPolitika.info”