Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uzun müddət elmi ictimaiyyətdə Yer üzündə həyatın yaranmasının birdəfəlik və unikal hadisə olduğu düşünülürdü. Lakin genomların, zülalların quruluşunun və ən qədim mikroorqanizmlərin metabolizminin öyrənilməsi zamanı əldə edilən yeni məlumatlar alimləri bu konsepsiyaya yenidən baxmağa vadar edib.
Azpost.info bildirir ki, bu barədə Popular Mechanics yazır.
Bir genetik kod, amma iki fərqli yol
Son araşdırmalara görə, bakteriyalar və arxeyalar həyati əhəmiyyət daşıyan kimyəvi reaksiyaları kataliz etmək üçün bir-birindən tamamilə müstəqil mexanizmlər inkişaf etdirə biliblər. Bu isə canlılığın müstəqil hüceyrələrə keçid prosesinin iki dəfə baş verdiyi qənaətinə gəlməyə əsas verir.
Tədqiqatçılar vurğulayırlar ki, söhbət bakteriya və arxeyaların tamamilə fərqli kimyəvi mənşələrə malik olmasından getmir. Onların genetik kodu ortaqdır. Lakin bu mikroorqanizmlərin tam müstəqil hüceyrələrə çevrildiyi mərhələ onları iki müstəqil inkişaf xəttinə ayırıb.
Tədqiqatın baş müəllifi, bioloq Uilyam Martin bildirib: “Yeni məlumatlar yalnız bir nəticə çıxarmağa imkan verir. Bakteriya və arxeya xətləri müstəqil şəkildə sərbəst yaşayan vəziyyətə keçiblər. Yalnız sərbəst yaşayan hüceyrələr canlı hesab olunur. Məsələyə olduğu kimi yanaşsaq, söhbət genetik kodun bir mənşəyindən, lakin həyatın iki mənşəyindən gedir”.
Qədim metallar əsasında “mühərrik”
Alimlər amin turşularının, vitaminlərin və RNT əsaslarının sintezində iştirak edən 420 əsas kimyəvi reaksiyanı təhlil ediblər. Araşdırma zamanı maraqlı nəticə ortaya çıxıb: Son Universal Ortaq Əcdadın (LUCA) bu proseslərin yalnız yarısında fermentlərdən istifadə etdiyi müəyyənləşdirilib.
Digər reaksiyalar isə okeanların dibindəki hidrotermal mənbələrin ətrafında bol miqdarda olan təbii metallarla baş verib.
Tədqiqatın həmmüəllifi, qeyri-üzvi kimyaçı Harun Tüysüz bildirib ki, hidrotermal mənbələrdən gələn təbii metallar metabolik proseslərdə çox sayda fermenti əvəz edə bilib.
Bundan başqa, mütəxəssislər hesab edirlər ki, hidrotermal mənbələrin ətrafında fosfitlə palladium arasındakı reaksiya ilkin mərhələdə adenozintrifosfatı (ATF) və bioloji fermentləri əvəz edərək ilk metabolik zəncirlərin işə düşməsini təmin edən təbii “mühərrik” rolunu oynaya bilərdi.
Müasir biosferə aparan üç mərhələ
Aparılan təhlil nəticəsində tədqiqatçılar erkən həyatın inkişafının üç əsas mərhələsini müəyyənləşdiriblər:
Metal mərhələsi: Metabolizm tamamilə təbii qeyri-üzvi katalizatorlara əsaslanırdı.
Hibrid mərhələ: İlk fermentlərin və metalların birlikdə fəaliyyət göstərdiyi LUCA-nın əcdadı meydana gəldi.
Divergent mərhələ: Müstəqil təkamül nəticəsində bakteriyaların və arxeyaların əcdadlarına aparan iki ayrı xətt formalaşdı.
Uilyam Martinin sözlərinə görə, ən böyük təəccüb doğuran məqam bakteriyaların və arxeyaların eyni kimyəvi reaksiyalar üçün istifadə etdikləri fermentlərin bir-birindən kəskin şəkildə fərqlənməsidir.
Bu isə təbiətin eyni kimyəvi prosesləri idarə etmək üsullarını iki dəfə və tamamilə müstəqil şəkildə “kəşf etdiyini” göstərən mühüm dəlil kimi qiymətləndirilir.
N.Talıblı