Həyatı muğamla başlanan Rafael Hüseynov yazır

29.06.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOV
Akademik

Azərbaycanlılar tarix boyu ada sadəcə bir adamı başqasından fərqləndirmək üçün şərti işarə kimi baxmayıblar, adı ayinləşdiriblər, onda müəyyən müqəddəslik çaları, ilahi güc, taleyə təsir edə bilmək keyfiyyəti də görüblər.

Əlbəttə, kimsə buna sadəlövhlük kimi baxar, adın quruca söz olduğunu düşünərək, onun sehr daşıyıcısı olmasına, öz cazibəsi ilə insanın ömrünə hər hansı dəyişici təsir göstərməsinə inananlara rişxənd də edər. Ancaq nə qədər şəklə baxılsa və inanılmasa da, gerçəklikdən qaçmaq olmur.

Edir axı!

Hər halda mütləq ikisindən biridir - ya hər bir insan dünyaya gələndə ona hansı adın veriləcəyi iradədən asılı olmayaraq, alın yazısı kimi irəlicədən müəyyənləşmiş olur, ya da, həqiqətən, adın insanın təbiətinə, əqidəsinə, ömrünə təsir göstərə bilmək kimi gücü hökmən var. Ona görə ikisindən birini qəbul etmək qaçılmazdır - bəlli bir yaşa çatandan sonra kimin daşıdığı adla yaşadığı həyatı, keçdiyi yolu tutuşdursan, görəcəksən ki, bu adın mənası, mahiyyəti ilə şəxsin sürmüş olduğu ömür və həmin ömür içərisində rastlaşdığı yaxşılı-yamanlı hadisələr zənciri arasında heyrətamiz bağlantı var.

Deməli, ikisindən biridir, ya insanın qisməti irəlicədən dəqiqliyi ilə biçilib-yazılıb və öncədən də ona həmin cür olan ömrə uyğun da ad tədarük edilib, ya da, həqiqətən, ad elə sanki təsadüfi olaraq seçilirsə də, sonra gizli, cadulu bir qüvvətlə insanın qədərini müəyyənləşdirməyə başlayır - adla ömrün olmuşlarını, adı və bu insanın özünəməxsusluqlarını bircə-bircə saf-çürük edəndə yüz faizli etiraf etməsən də, ən azı şübhələnməyə başlayırsan ki, axı, deyəsən, ad tilsimi barədə söylənənlər düzdür.

Yaxın münasibətlərdə olduğum, ya uzaqdan da olsa təfərrüatlı tanıdığım bir bölük insan var ki, ya özləri də musiqi ilə bağlı olduqlarından, ya da sadəcə musiqini çox sevdiklərindən uşaqlarına musiqi ilə bağlı adlar veriblər. O övladlara başqa yox, məhz bu adların verilməsi də əsla təsirsiz ötüşməyib, həmin adları daşıyanların da, bu adları daşıyanların mənsub olduqları ailələrin, nəsillərin də aqibətində izlərini qoyub.

Rübab bir qədim musiqi alətidir. Ərdəbilli Xəlil kişi dünyaya gələn qızına Rübabə adını verəndə İran kimi bir yerdə, illah da Ərdəbil kimi inanclı bir məkanda bu qızın böyüyüb haçansa adı ilə birbaşa uyğunlaşacağını, müğənni olacağını fikirdən keçirmək xam xəyal olardı. Amma həyat bu qızı aləmə məşhur müğənni Rübabə Muradova (1933-1983) kimi tanıtdı və adla tale üst-üstə düşdü.

Həm müğənni, həm çalğıçı, həm bəstəkar, həm aktyor olan Qulu Əsgərov (1928-1987) musiqi ilə nəfəs alan insandı və balalarına da musiqili adlar vermişdi. Vaxtilə Qulu Əsgərov haqda yazdığım bir məqalənin sərlövhəsi "Muğamatın atası" idi. Qəzetdə həmin yazı dərc edilənin ertəsi gün bəstəkar Vasif Adıgözəlovla (1935-2006)  görüşdük və köhnə dost mənimlə bir qədər incik kimi danışdı. Ərklə qayıtdı ki, Qulu yaxşı sənətkardır, sözüm yox, amma tərifi həddən ziyadə etmisən. Ona "muğamatın atası" deyirsənsə, bəs onda Cabbar, bəs onda Seyid kimdir? Dedim ki, ay Vasif müəllim, biz Cabbara da, Seyidə də yalnız məcazi mənada "muğamatın atası" deyə bilərik, Quluyasa sözün birbaşa mənasında. Mənim bu sözümə Vasif müəllim lap təəccübləndi, bir az da tutuldu.

Əlavə etdim ki, axı bu kişinin oğlunun doğum şəhadətnaməsində adı Muğamatdır.

Uşaqlıq dostum vardı, zavallı yeniyetməykən vəfat etdi, adı Zabul idi. Ona bu adı verən atası Eynulla Cəbrayılov (1935-1992) bütün Azərbaycanda tanınan xanəndə idi.

Bilmirəm gəncəli müğənni, Xalq artisti, ömrünün yarım əsrdən çoxunu milli musiqimizə həsr etmiş Şahnaz Haşımovanın nəslində keçmişlərdə çalıb-oxuyanlar olubmu. Hər halda son 100-150 ildə nə ana, nə ata tərəfindən nəsildə belələrinin olmadığı ailə söhbətlərindən bəllidir. Amma mümkündür ki, bundan əvvəl olmuş ola. Çünki Şahnazı və daha 5 bacısı və 2 qardaşını dünyaya gətirəcək Həsənin yaxşı saz çalmağı, anası Qumrunun, elə ev-eşikdəki zümzümələrindən bilinəni, məlahətli səsi varmış. Sonradan Haşımovlar ailəsindəki uşaqlardan ikisi musiqini peşə seçərək ona biryolluq bağlansalar da, sənətin ardınca getməyən digər uşaqların da səsi vardı axı. Deməli, xoş avazı Pərvərdigar bu nəsildən əsigəməyibmiş, mütləq daha uzaq keçmişlərdə də bu şəcərədəkilərdən neçələrindən qəlbə yatan səs olubmuş, bəlkə də onların arasından el içində tanınan aşıqlar da, xanəndələr də çıxıbmış. Nəsillər dəyişib, köhnə yaddaş arxada qalan onillərin və əsrlərin dumanında əriyib itib.

Səs - qan hadisəsidir, sonra kimdəsə üzə çıxırsa, deməli, əvvəli də varmış.

Belə bir araşdırmanı heç vaxt heç kəs aparmasa da, ehtimalla söyləmək olar ki, bizim səsli insanlar arasında həmişə qadınlar kişilərdən çox olub. Hərçənd bəlli olanların, şöhrətlənmişlərin miqdarı ilə hesablasaq, kişi xanəndə və müğənnilər nə qədər desən, qadınlarsa barmaqla sayılacaq qədər seyrək. Fəqət sanki əksinə olmalı idi. Çünki bu, danılmaz həqiqətdir ki, hər kişidən fərqli olaraq, hər bir qadın oxuyur. Ən azı balasına layla çalır. Amma indi vərəqləyin tarixi, görün məlum oxuyanlarımız arasında son iki-üç əsrdə qadın nə qədərdir, kişi nə qədər. Bir tərəfdə yüzlərlə məşhur ad, məşhur avaz, digər tərəfdə tərəzinin obiri gözü "göyün üzündə". Odur ki, dövründən asılı olmayaraq, qadının sənətə, musiqiyə gəlişi həmişə fədakarlıq, xalqa, yurda, mədəniyyətə məxsusi xidmət deməkdir.

Şahnaz xanım belə bir taleyi özü üçün hələ yeniyetməlik çağlarından uyğun sayıb (bu yolu tutmasında təsadüflərdən əlavə, içərisində musiqiyə eşq dərəcəsində olan - niyə belə düşünməyimin səbəbini də az sonra açacağam - məftunluğun da xüsusi yeri olmamış deyil) və bu seçiminə də həyatı boyu sadiq qalıb.

Şahnaz xanımın ikinci fədakarlığı isə ondan ibarətdir ki, o, bütün ömrünü Gəncədə yaşayıb, ilk növbədə doğma şəhərinə və Gəncəbasara xidmət edib.

Bu hərəkətdəki fədakarlıq, özünü qurbanvermə ondan ibarətdir ki, Şahnaz şöhrət qapılarının sənətkar üzünə daha rahat açıldığı Bakıya can atmayıb. Üstünlüyü öz el-obasına, doğma Gəncəyə verib. Bakıda yaşasaydı, təbii, şöhrəti indikindən də çox olardı, milli Radionun fonotekasında, milli Televiziyanın təsvir xəzinəsində indikindən neçə qat çox yazıları qalardı. Bir sənətkarçün son dərəcə vacib olan bu imkanı da Şahnaz xanım öz Gəncə sevgisi və sadiqliyinə həsr edib.

Şahnaz xanımın bu vəfa dərsləri elə gendən-genə Gəncəni tərk edərək paytaxta can atan nə qədər cavanı "gedim-getməyim" haqda son qərarını verməzdən öncə bir daha düşünməyə, həmin şirnikdirici istəkdən vaz keçməyə sövq edib.

Şahnaz Haşımova bölgədə yaşayıb-yaratmağa üstünlük vermiş o sənətkarlarımızdandır ki, həm Azərbaycan boyu tanınıb-sevilib, amma həm də öz camaatı arasında yaşayaraq oradakı mədəni mühitin yüksək səviyyədə qalmasına yardımını göstərib.

Ehtirama layiq keçmişi və zəngin ənənələri olan, bir vaxtlar neçə qüdrətli sənətkarın çalışdığı Gəncə Dövlət Filarmoniyası əsrlərin əvəzləndiyi və ictimai-siyasi-mədəni həyatda köklü dəyişmələrin baş verdiyi heç də asan olmayan dövrdə səviyyəni qoruyub saxlaya bildisə, yüksəlməkdə, içəridən böyüməkdə davam etdisə, qazanılan uğurların hamısında 20 ilə yaxın müddətdə - 1997-ci ildən ta 2016-yadək bu sənət ocağını üstün etməkçün hər zəhmətə qatlaşmış Şahnaz Haşımovanın mühüm payı var.

Gəncənin məşhur "Göygöl" ansamblı da hafizəsində Şahnaz xanımın sənətə minnətsiz sevgi ilə bağlılığının, öz sevimli şəhərinə məhəbbətinin çox hekayətlərini yaşatmaqdadır.

Onun hamını valeh edən səsi ilk dəfə 1970-ci illərin lap əvvəllərində məktəb səhnəsindən eşidildi. Məktəb səhnəsində şagirdlərdən ibarət ansamblın müşayiəti ilə yaşca Şahnazdan böyük, Şahnazdan kiçik başqa oxuyanlar da vardı. Ancaq yaxşını daha yaxşıdan ayırmağı bacaran hər kəs hiss edirdi ki, bu səs nəğmələr oxuyan obiri sıravi məktəbli səslərindən deyil. Biganə qala bilməyən müəllimlərdən hansısa təşəbbüs etdi və tezliklə Şahnazın səsi Gəncə Toxuculuq Kombinatının Mədəniyyət Sarayından eşidildi. 15 yaşlı qızın - balaca müğənni Şahnazın sədası Gəncəyə o yayılan oldu. Toxucuların mədəniyyət sarayının özfəaliyyət ansamblının çıxışlarına tamaşa etməyə gəncəlilər həvəslə gedirdilər və təzə "müğənni"nin sorağı şəhərdəki daha məşhur "Göygöl" özfəaliyyət ansamblının rəhbəri Fikrət Verdiyevə (1947-2022) çatınca "toxucuların" "Bakı" kinoteatrındakı növbəti konsertinə yollanır. Şahnazı dinləyir, görür ki, elə deiyldiyincə də varmış və ertəsi gün onunla danışır, gəl "Göygöl"ə, bizimlə oxu, - deyir. Şahnaz razılaşmır: "Mənim vaxtaşırı gəlib ansamblla oxumağa vaxtım yoxdur, dərslərim ağırdır".

Fikrət əl çəkmir, başlayır qohumlarına, atasına dost-tanış vasitəsilə çarə aramağa ki, qızı yola gətirsinlər, belə istedadı itirmək olmaz.

Fikrət qızın fikrini necə dəyişməyin yolunu düz tapmışdı. Bir gün müəllimlərindən biri söyləyir ki, sən "Göygöl"lə oxu, onlar məşhurdur, televiziyada da çıxış edirlər, başqa gün qonşularından kimsə onlara gəlib "Göygöl" söhbətini salır, bir başqa gün hansısa dostu deyir ki, guya elə söz eşitmişəm, uşağın yaxşı səsi var, elə etmək lazımdır "Göygöl"lə oxusun ki, onu hamı tanısın.

Bir deyirlər, beş deyirlər, axırı bir gün evdən də razılıq verirlər ki, odur, Gəncəçayın yanında "Musiqi evi" var, "Göygöl" orada məşq edir, Fikrət mərifətli adamdır, ağız açıb getməyin məsləhətdir, get qulaq as, bir-iki mahnı oxu, ürəyinə yatsa, o ansambla gedib-gələrsən, bəyənməzsən, getməzsən.

Şahnaz xanım indi, həmin əhvalatdan 51 il sonra olmuşları sanki dünən baş veribmiş kimi xatırlayır və həyəcanlanır, o danışdıqca da hiss edirəm ki, bu insanda musiqiyə münasibət elə məhz eşq səviyyəsində imiş.

Deyir, çatdım "Musiqi evi"nə, oranın direktoru Rafael Xəlilov adlı bir adamdı, həmin bir vaxtlar səsi bütün Azərbaycanda əks-səda doğurmuş Ərəstun Xəlilovun (1943-2010) qardaşı. Məni qarşıladı aşağıda, pilləkənlərlə qalxırdıq, ansambl nəsə rəng çalırdı, elə gözəl çalırdılar ki, gendən o səsi eşidəndə ağlım başımdan çıxdı.

Şahnaz xanım o günü, o anı xatırlayanda demir ki, valeh oldum, çox bəyəndim, məhz "ağlım başımdan çıxdı" deyir. Gözəlliyə şahid olanda ağıl başdan çıxırsa, özünü unudursansa, bu, artıq elə ixtiyarını səndən alan sevgi deməkdir.

Şahnaz yolunun əvvəlindən musiqiyə, sənətə belə məhəbbət bəsləyib, ona görə də bugünəcən həmin sevgi də, həmin səs də onunladır.

"Fikrət müəllim soruşdu ki, nə oxuyacaqsan? Ansamblın pilləkənlə qalxa-qalxa eşitdiyim çalğısı məni elə tutmuşdu ki, daha "eləcə qulaq asmağa gəlmişəm, ansambla daimi gedib-gələ bilməyəcəyəm" deməyə, nəyəsə etiraz etməyə halım yox idi, "Şur", - dedim. Konsertmeyster, gərək ki, Vaqif Nağıyev idi. Qısaca gəzişdi, bir parça oxudum, keçdim təsnifə. Fikrət müəllim qayıtdı ki, sabah axşam gəl dəmiryol vağzalına, Bakıya, çəkilişə gedirik. Etiraz etdim ki, nə vağzal, nə Bakı, mən tək gedə bilmərəm ki!

Fikrət müəllim dərhal dilləndi ki, tək niyə gedirsən ki! Sabah sənin də, qardaşının da pasportu üstünüzdə olsun, ikiniz gəlin, qardaşın da bizimlə gedəcək"...

Şahnaz xanım Haşımova bu gün də birgə olduğu "Göygöl"lə biryolluq bağlanmağı qət edəndə 1975-ci il idi və gözünü böyük musiqiyə açandan ömrünü "Göygöl" doldurdu. 1969-cu ildə tarzən Fikrət Verdiyevin təşəbbüsü ilə yaranaraq onun səyləri ilə qısa vaxt ərzində ad-sanı Azərbaycan boyu yayılsa da, həmin çağlarda hələ tək olan Azərbaycan Televiziyası ilə çıxışlarından sonra "Göygöl"ün şöhrəti daha da artsa da, ansamblın, oçağkı respublika rəhbəri, unudulmaz Heydər Əliyevin diqqətini çəkərək rəsmiləşənə qədərki yolu 8 il çəkdi.

Əsl gözəllik və könül sevindirən başlıca cəhətsə bu idi ki, ansambla bağlı olanların heç biri, elə gənc Şahnaz da nə məvacib haqqında düşünürdü, nə də rəsmi qeydiyyat eyinlərinəydi. Onlarçün əsas bu idi ki, özlərini ifadə etməkçün "Göygöl" kimi meydanları var idi. Məhz bu təmənnasızlığın, sənətə qəlbən bağlılığın sayəsində ansambl yaşadı, yarımçıq yolda qalmadı. 1960-70-ci illərdən üzü bu yana neçə-neçə güclü xalq çalğı alətləri ansambllarımız yaradılmış, əksərən də onlara görkəmli sənətkarlar rəhbərlik etmişdi. Lakin vaxt gedişində onların ən məşhurlarının da çoxu ömrünü tezliklə başa vurdu, dünəndə qaldı.

Gəncənin "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı bu gün də yaşayırsa, yenə ruh oxşamaqda davam edirsə, burada başda Fikrət Verdiyev, Rövşən Behcət (1945-2011) olmaqla, illər boyu bir silsilə sadiqlərin və sənətə candan bağlıların, o sıradan Şahnaz xanımın halal haqqı var.

Şahnaz xanım da, "Göygöl"ün bel sütunu sayılan daha bir neçə ifaçı da bu ansambla sadəcə sənət birliyi kimi baxmadılar, onu doğma ocaq, ailə kimi qəbul etdilər. Bu da bir başqa tale məntiqidir ki, Şahnaz "Göygöl"də yarandığı vaxtlardan olmuş kamançaçı Eldar Abdullayevlə (1947) - qovuşdu, xoşbəxt ailəsinin də təməli bu ansamblda qoyuldu.

Çoxdankı, keçən əsrin doxsanıncı illərinin söhbətidir. O zaman mən Rəfibəylilər nəsli haqqında kitab üzərində işləyirdim, bununla bağlı tez-tez Gəncəyə səfər edir, qocaman insanlarla söhbətləşirdim. Bir axşam Gəncədə Fikrət Verdiyevgildə qonaq idik. General Akif Rəfiyev (1936) idi, ev sahibləri Fikrət, onun ömür-gün yoldaşı, Xan yadigarı Bəyimxanım idi, Şahnaz xanım idi, onun həyat yoldaşı Eldar. İş elə gətirdi ki, elə həmin axşam mənim oradan Bakıya deyil, Kürdəmirə getmək məsələm ortaya çıxdı. Eldar dilləndi ki, taksi-filan axtarmağa ehtiyac yoxdur, özüm aparacağam. Əlbəttə, gecənin zülmətində o uzunluqda yolu gedib-qayıtmağın əziyyətinə görə mən Eldar qardaşımıza minnətdar idim. Ancaq o vaxt da, indi də daha artıq minnətdarlığım buna görədir ki, həmin gecə yol boyu Eldar mənə "Göygöl"ün ilk addımlarından 1990-cı illərin əvvəllərinədək yaşadığı, elə bir insan ömrü qədər macəralı, bəzən sevincli, bəzən nigaran həyatının çox təfərrüatlarını nağıl etdi. Həmin gecə son dərəcə maraqlı bir romanı oxumuş yox, elə can yiyələrindən birinin dilindən eşitmiş oldum. Sonralar hərdən Fikrətlə söhbət edəndə, söz-sözü çəkib hansısa ansamblda çoxlarının unutduğu mətləbin üstünə gələndə, mən bu barədə danışmağa başlayanda Fikrət mat qalırdı, təəccüblü maraqla soruşurdu ki, sən bunları haradan bilirsən, mən də mənbə göstərmədən zarafatla cavab verirdim ki, elə mənim işimin adı bilməkdir.

Şahnaz xanımın öz sənət yolunun ibtidasından bağlı olduğu "Göygöl"lə bu an da davam edən və əsla zərrəcə soyumamış sevgisinin, qayğı və nəvazişinin, apardığı mübarizələrin hamısının cövhərində dayanan ən ümdə keyfiyyət vəfadır.

Şahnaz xanım, bununla yanaşı, püxtə sənətkar olaraq həm də bir an belə fasilə vermədən daim bu tapşırığı da yerinə yetirməyi özünə mənəvi vəzifə, vicdan borcu sayıb. Bu tapşırığı əslində ona həvalə edən olmayıb. Özü daim içərisindən gələn səsin yönəltməsi və bəlli gəncəli təəssübkeşliyiylə "Göygöl"ün səsi doğma şəhərin və Azərbaycanın səhnələrindən sabah da gəlsin, yol qırılmasın, ənənə davam etsin deyə usanmadan ardıcıllar yetişdirib, 2000-ci ildən Gəncə Musiqi Kollecində dərs deyib, yaxşı müğənniliyindən əlavə, həm də tələbkar müəllim, qayğıkeş ustad olub.

Bölgələrdə yaşayıb fəaliyyət göstərmiş bir çox qiymətli sənətkarlarımız olub ki, məhz Mərkəzdən uzaq qalmaları səbəbindən müəyyən itkilərlə üzləşiblər, diqqətsizlikdən də inciniblər, fəxri adlar, mükafatlar sarıdan da sən deyən yarımayıblar. Şahnaz Haşımova isə yalnız ölkənin inzibati deyil, həm də mədəniyyət paytaxtı Bakıdan nisbətən aralı olsa da, sənəti ilə daim diqqət mərkəzində qalmağı bacarıb, cavan yaşında həm respublikanın Əməkdar (1989), həm də Xalq artisti (2000) titullarını qazanıb.

Şahnaz Haşımova səhnədə olduğu müddətdə bolluca xalq mahnıları və təsniflər də oxuyub, təxminən bütün muğamları da, bəstəkar nəğmələrinə də biganə qalmayıb, Şərq xalqlarının seçmə oxumaları da elə onların öz dillərində bu repertuarda dayanıqlı yer tutub. Şahnazı dinləyicilərə ruhən yaxın edən yalnız səsdəki məlahət, başqa müğənnilərin də oxuduğu eyni nəğmələri başqa cazibəli çalarlarda təqdim etmək bacarığı olmayıb, onun ifaları həm də hər dəfə bununla seçilib ki, onun hər yeni ifasında əvvəllər yüz kərə oxumuş olduğunu da sanki ilk dəfə ifa eləyirmiş kimi, təqdimatları da ilk dəfə oxunurmuş kimi qavranılıb.

Şahnaz xanım görəndə ki, ömrün hansı anlarındasa yalnız oxumaqla ürəyi soyumur, onda qələm götürüb duyğularını, həyəcanlarını şeirə çevirib və təkcə özü üçün, ürəyini toxtatmaqdan ötrü yazdığı o şeirlər də yavaş-yavaş çoxalıb, üç kitabda qovuşub. Şeirlərində də o, həminki sədaqətli, vəfalı Şahnazdır. Muğama, musiqiyə, sənətə həyatı uzunu necə etibarlı olubsa, ömründə yeri olan hər əziz bildiyinə də həmin təhər həssaslıqla, canıyananlıqla yanaşıb. Köhnə həyətlərindəki qocalan şaftalı ağacının hansısa budağını quruyan görəndə kövrəlib, uşaqlıq illərinin, gəncliyinin şahidi, atasının yadigarı olan ağacla adam kimi dərdləşməyə başlayıb:

Bulud kimi qaynayaram, dolaram,

Sən qurusan, göz yaşımla sularam.

Atam yoxdu, bağçamızda mən varam,

Qurumaynan, ay şaftalım, quruma.

Sən mənim atamın yadigarısan,

Bağımda bar verən arzularımsan,

Bizim bağçamızın son nübarısan,

Qurumaynan, ay şaftalım, quruma.

Atam səni bizə əmanət qoyub,

Şahnazın qəlbinə məhəbbət qoyub.

Söyləsən barını kim yeyib doyub?

Qurumaynan, ay şaftalım, quruma.

Gözəl şeir yalnız şeirin yaxşı şeir mərtəbəsinə yüksəlməsi üçün tələb olunan bütün ümdə şərtlərə əməl olunan, sığallı, cilalı qoşqular deyil. Ən əvvəl o şeirlərdir ki, nə qədər saya olsalar da, onlarda nəbz vurur, nəfəs gedib-gəlir, misralarında ürəyin şəkli var.

Şahnaz Haşımova Gəncədə doğulub, bütün həyatını burada yaşayıb və dünyanı gəzib-görsə də, ona Gəncədən əziz bir məskən olmayıb. Bunu yarım əsrdir ki, nəğmələri ilə təsdiqləyir, şeirləri ilə də deyir:

Quru qobu düzündə salınıbdır bir şəhər,

Quşlar zümzüməsilə gətiribdir xoş xəbər.

Gəncə çayı nəğməmin həm zili, həm bəmidir.

Məhsəti rübaisi könlümün həmdəmidir.

Şahnaz xanım Gəncəyə övladlıq məhəbbətini belə izhar edir, göyçək Göy gölüsə bir bala sevgisiylə belə öyür:

Səcdə etdim başındakı taca mən,

Görüşünə gəldim qaça-qaça mən,

Sevinə-sevinə, uça-uça mən,

Zümrüd gözlü, qız ismətli Göy gölüm.

Bir dünyasan bu dünyamın içində,

Bir gözəl yox sən boyda, sən biçimdə.

Bir dənəsən göllər içrə seçimdə

Zümrüd gözlü, qız ismətli Göy gölüm.

Amma illər öncə Milli Məclisdə ağsaqqal deputatlarımızdan Həsən Mirzəyevlə (1927-2015) söhbət edirdik, ötən gün radioda səslənmiş və Gəncədə musiqi mühitinin orta əsrlərdən üzübəriki mənzərəsinə həsr edilmiş "Axşam görüşləri" verilişim haqda düşüncələrini bölüşürdü və mənimçün yeni olan bir xəbəri söylədi. Dedi ki, gəncəlilər Şahnazla Aybənizi özününkü sayır, ancaq onlar həm də bizimdir. Sualedici nəzərlə baxdığımı görüb əlavə etdi ki, düzdür, ancaq əsilləri Dərələyəzdəndir, bu qızlar Gəncədə doğulub, orada böyüyüblər, hətta mən bir şeirimdə onları "Dərələyəz bülbülləri" adlandırmışam.

Sonralar bu haqda Şahnaz xanımdan soruşanda o da təsdiqlədi ki, əlbəttə, mən gəncəliyəm, Gəncə mənim canımdır, ömrümün mənasıdır, amma biz kökcə dərələyəzli məşhur Şirin Sultan bəyin kötükcələriyik.

Elə nəğmələr var Şahnaz xanım onların ilk ifaçısı olub və həmin mahnıları insanlar qarşısına çıxaranadək hər birinin üzərində o qədər işləyib, bəstəkarla, şairlə, ansamblla o qədər məsləhətləşib və bu əsnada o qədər unudulmaz hadisələr baş verib ki, yazılsa, iri bir kitab olar. İllah da bütün bu əhvalatları yaddaşında dünəndəkilərin hər xırda ayrıntısını daşıyan, hafizəsindəki o əziz xatirələri artırıb-azaltmadan, amma şövqlə, səni hökmən maraqla qulaq asmağa sövq edən şirinliklə danışmağı bacaran Şahnaz xanım kimi maraqlı həmsöhbətin dilindən eşidəsən.

Söyləyir ki, 1977-ci ildə, artıq 8 illik yol qət edəndən sonra "Göygöl" ansamblına rəsmən dövlət mahnı və rəqs ansamblı statusu verilən çağlarda bu sənət birliyinin uğurdan ruhlanan bədii rəhbəri Fikrət Verdiyev repertuarı yeniləşdirmək, zənginləşdirməkçün gecə-gündüz axtarışdaymış və məhz onların ilk dəfə ifa etməsindən ötrü yeni mahnılar və rəqs melodiyaları bəstələməkçün tanınmış bəstəkarları mütəmadi olaraq Gəncəyə dəvət edirmiş. Şahnaz xanım demiş (əslində o deməzdən də bunu yaxşı bilirəm), qonağa diqqət göstərməyin ustası olan Fikrət də onların Gəncədə olduğu müddətdə cani-dildən hər birinin qulluğunda durarmış, əsərlərin elə Gəncədəcə tamamlanması üçün bəstəçilərə ən canayatan yaradıcılıq şəraiti yaradarmış, ürəklərincə istirahət eləmələrindən ötrü də bütün imkanlarını səfərbər edərmiş. Dəvət etdiyi növbəti qonaq Cahangir Cahangirovmuş (1921-1992). Görkəmli bəstəkarın həmin Gəncə səfərindən musiqimizə və Şahnaza 3 nəğmə yadigar qalır. "Göygöl" həmin 3-ü əslində 5-ə döndərir - nəğmələrdən ikisini çox keçmədən həm də münasib quruluş verməklə baxımlı rəqslər kimi təqdim etməyə başlayırlar.

Həmin bəstələrin üçünün də ilk, hətta yanılmıramsa, tək ifaçısı elə gənc, sənətdəki böyük yolunu yenicə başlayan Şahnaz olur.

Ancaq Şahnaz xanım Cahangir Cahangirovla olan həmin ünsiyyət günlərini yalnız bəstəkarla təzə mahnılar üzərində işləmək fürsəti kimi deyil, tale töhfəsi sayaraq ömründə münbit izləri həmişə qalacaq ustad dərsləri kimi xatırlayır:

"Cahangir müəllim o gəlişində Gəncədə bir ay qaldı və mənim səsimə üç əsər bəstələdi. Biri "Qızılgül", bunun sözlərini Rübail yazmışdı, biri "Xəmsə", biri də süita. O "Xəmsə"nin iki adı vardı - "Xəmsə", bir də "Nizami düşüncələri". Onu da deyirdik, bunu da. "Xəmsə" mahnısının sözləri Nizami Gəncəvininki idi. "Mahnı" deyirəm, ancaq əslində bu əsər mahnı çərçivəsindən qat-qat geniş idi, tam bir kantata idi. Üçüncüsü də süita. Üçünün də musiqisi bir-birindən gözəl. Gözəl də olmayıb necə olmalı idi ki! Axı o əsərləri Cahangir Cahangirov yaratmışdı".

Həyatına əbədilik hopmuş hansı nəğmədən söz açırsa, adətən Şahnaz xanım arada bir bənd, bir boğaz da olsa, mütləq oxuyur. Həm də, maşallah, cavan, elə bu dəqiqə də efirdən, səhnələrdən eşidilməyə layiq təravətini itirməmiş avazla. Hiss edirəm ki, hər dəfə bunu mənə "hələ səsim yerindədir" həqiqətini növbəti dəfə çatdırmaqçün etmir, elə sövq-təbii edir, səs onun özündən asılı olmadan, ürəyin hökmü ilə, bulaq yerdən qaynayıb çıxan kimi gəlir. Ancaq zarafatından da qalmır: "Oxumasam, dura bilmirəm. Bir tikə də olsa ürəyimi boşaldıram".

Dilimizdə oturuşmuş bəlli deyimlə "ürəyimi boşaldıram" deyir, amma mən həmin duyğunun daha dəqiq ifadəsi olan başqa sözləri eşidirəm: "Ürəyimi toxtadıram".

Onillərlə sənətin qaynar axarında olmuş, ancaq oxumaq eşqi əsla soyumayıb elə əvvəlki gücündə qalan bir sənətkar, əlbəttə ki, köksünə sığmayan bu sevimli cazibədən ixtiyarlığa doğru gedən yaşında da qurtula bilmirsə, bunun adı sevgidir ki, var. Sevən ürəyi isə ovutmaqdan ötrü ona avazla sığal çəkmədən canayatan çarə tapmaq çətindir.

"Çox böyük kişi idi Cahangir müəllim. Həm elə zahirən belə idi - gövdəli, boylu-buxunlu, bizim gəncəlilər deyən kimi, "ağır taxtalı", sanballı, gözləri də ala, bir yaşıla çalırdı, çox əzəmətli insan idi, amma onun əsl nəhəngliyi daxilindən, böyük istedadından, insanlığından gəlirdi. Onun yanında özünü uşaq kimi hiss edirdin. Lap yeniyetmə, gənc olsan da, özünü onun qarşısında əsl yaşından da kiçik hiss edirdin. Bizim də elə yaşımız idi ki, o boyda bəstəkarın qarşısında onsuz da uşaq idik. Ancaq yaxınlaşdıqca, onun böyüklüyünü, bizlər üçün əlçatmazlığını daha aydın hiss edirdik".

Cahangir müəllim mahnını öyrətməkçün Şahnazı dəvət edirmiş, nəyi necə oxumağı izah edirmiş və muğama meyilli gənc müğənni də ilk səsləyişindən heyran qaldığı mahnını bir az da qəşəngləşdirməkçün arada oxusuna muğam şirinlikləri qatırmış.

"Bir dəfə mənə tərəf çönüb dedi ki, ay Şahnaz xanım, ay mənim göyçək qızım, sənin gözəl ürəyin var, sən yaxşı da "Segah" oxuyursan, "Kəsmə şikəstə"ni də lap əla oxuyursan. Amma sənə bir məsələni deyim, yadında saxla. Bax bu, zəfərandır, sumaxdır, istiotdur-duzdur - ədvalar - bunları xörək bişirəndə, yaxud yeyəndə qədərindən bir az çox, ya bir qədər az etsən, verə biləcəyi ləzzət də ya azalır, ya itir. Belədir, belə deyil? Dedim ki, elədir".

Və ustad bəstəkar 18 yaşlı müğənniyə həmişəlik beyninə həkk edəcəyi, özü üçün danışıqsız riayət edəcəyi düstura çevriləcək məsləhət verir ki, sən bəstəkar mahnısı oxuyanda ona heç vaxt muğam qatma. Qatsan, yeməkdəki ədviyyatı qədərindən artıq etmiş kimi olacaqsan. Təsniflərdə qısaca muğamat oxuya bilərsən, amma bəstəkar mahnılarında heç vaxt bunu etmə.

Yolunun lap əvvəlində Cahangir Cahangirov, Fikrət Əmirov kimi azmanları görüb onların elə sözarası tövsiyələrini də ən ciddi tapşırıq kimi qəbul etməsi səbəb oldu ki, saf sənətə, dürüst oxu ülgülərinə, cızıqdan qırağa çıxmamanın sınanmış  ənənələrdən gələn tələblərinə müdam sadiq qaldı, gücü çatdığı qədər bu vərdişləri yetirmələrinə də aşılamağa çalışdı.

Şahnaz xanım danışır və hiss edirəm dünənlərə daldıqca bir zamanlar Cahangir Cahangirov kimi, elə o zirvələr sırasından olan qüdrətli bəstəkarların bəstələdiyi nəğmələrin ilk ifaçısı olmaqla necə xoşbəxtmiş. Söz yox, nə qədər gənc olsa da, elə o vaxt da bunun bir şərəf, hər  yeni başlayan müğənniyə nəsib olmayan bəxtəvər girəvə olduğunu anlayırmış. Ancaq təbii ki, indiki ağlıyla olub-keçənləri təhlil edəndə, bəxtinə yazılmış o günlərin, həqiqətən, ilahi sovqat kimi olduğunu dərk edir.

"Radionun səsyazma evində "Qızılgül"ü "Qızıl fond" üçün yazırdıq. Elə yazılış bitən kimi Zakir müəllim keçib gəldi yazılış otağına, əvvəl soruşdu "Neçə yaşın var?", dedim "Onsəkkiz", qayıtdı ki, əhsən, sağ ol, elə oxudun ki, ürəyimi tərpətdin, elə tək bu oxuna görə bu yaşında da sənə "əməkdar artist" adı düşür (Zakir İsmayılov qanil ifaçı idi, foqot çalırdı və bir müddət radionun səsyazma evində rejissor işləmişdi. Yeri gəlmişkən, orada çalışan səs rejissorları adətən yaxşı musiqiçilər olmuşdular - Adil Bəbirov (1934-2021), Eldar Mansurov (1952), Aydın Əzimov (1946), Cavanşir Quliyev (1950)... kimi və onların sayəsində də radionun səs xəzinəsinə düşən lentlər, ifaçıların ustalığı öz yerində, yazılışın da yüksək peşəkar əlindən çıxması səbəbindən çox nümunəvi alınmışdı).

...1957-ci ilin ilk iyun günlərində bəxtəvər gənc ata Həsən doğum evinə tək gəlmiş Qumrusunu indi övladı ilə birgə evə aparmaqçün gələndə günorta vaxtıymış, radioda konsert gedirmiş. Bir musiqi bitir, digəri başlanır. Diktor elan edir ki, Tükəzban İsmayılova (1923-2008) "Şahnaz" oxuyacaq. Körpə uyuyurmuş, Həsən bələyi Qumrudan alıb qucağına götürəndə Tükəzbanın şaqraq zəngulələrinə uşaq gözlərini açır. "Bax, ay Qumru, bu qız "Şahnaz"ın səsi ilə oyandı, evimizə "Şahnaz"la gedir, Allah bilir, bəlkə elə böyüyüb xanəndə oldu, gəl bunun adını elə Şahnaz qoyaq".

Bu gün Azərbaycanda yaşı müğənni Şahnaz Haşımovadan böyük olan xeyli muğamçımız, sazəndəmiz, müğənnimiz var. Ancaq Azərbaycanda muğamla birgəliyinin yaşı onun qədər olan ikinci sənətkarımız yoxdur, heç əvvəllər də olmayıb. Muğama daimi bağlılıq və muğamdan bir ləhzə də olsun ayrılmazlıq baxımından o, mütləq birincidir. Artıq yeddi onildir ki, o, fasiləsiz gecə-gündüz muğamladır. Dünyaya göz açandan bu müğənni qadın bir gün, bir saat deyil, bir dəqiqə yox, bircə göz qırpımı müddətincə də muğamdan ayrı olmayıb.

Necə də ayrı olsun! Axı onun adı Şahnazdır!

Ona qədər "Şahnaz"ı saysız-hesabsız oxuyan olmuşdu. Bir gün o da oxudu.

Və illərcə dəfə-dəfə oxudu. Birinci dəfə oxuyanda da, sonrakı bütün ifalarında da onun "Şahnaz"ı bütün başqa xanəndələrin, hətta ən misilsizlərin "Şahnaz"larından fərqli idi. Axı bu dəfə "Şahnaz"ı Şahnaz oxuyurdu!..

9 may 2026

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью