Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qloballaşma şəraitində yalnız Azərbaycan deyil, bütün dünya xalqları bir-biri ilə sıx təmas halındadır. Bu təmasın həm müsbət, həm də mənfi tərəfləri mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, elə ki, milli-mənəvi dəyərlərin arxa planda qalaraq yalnız xarici təsirlər əsasında inkişaf etmək cəmiyyət üçün risk yaradır. Xüsusilə türk seriallarının uzun illərdir Azərbaycan cəmiyyətinə daxil olması nəticəsində bir çox ailə və yeniyetmələrin baxışları, sosial davranışları qismən türk mədəniyyətinin təsiri altında formalaşmışdır:
”Eyni zamanda, “TikTok”, “Instagram” və digər sosial şəbəkələr vasitəsilə xarici mədəniyyətlə daimi təmas nəticəsində cəmiyyətin düşüncə və tərbiyə meyilləri xarici təsirlərdən asılı hala gəlir. Televiziya və sosial media audio-vizual məhsullar vasitəsilə insan beyninə birbaşa təsir göstərir və bu, xüsusilə yeniyetmə yaş dövründə onların dünya görüşünün formalaşmasına ciddi təsir edir.
Müasir dövrdə sosial media və serialların tərbiyə və davranış modellərinə təsiri nəzərə alınaraq, bəzi ölkələrdə (məsələn, Fransa və ABŞ) uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətləri tətbiq edilir. Belə tədbirlər, yeniyetməlik dövründə alınan təsirlərin ömürlük formalaşan davranışlara çevrilməsinin qarşısını almağa xidmət edir. Eyni zamanda, milli kinomuzun zəifliyi və xarici seriallara marağın yüksək olması sosial struktur və ailə dəyərlərinə təsir göstərən bir faktordur. Məsələn, bəzi boşanma hallarında televiziyada yayımlanan xarici serialların təsiri önə çıxır.
Texnologiyanın digər tərəfi, audio-vizual cihazlar və qulaqcıqlar , cəmiyyətin gündəlik davranışına təsir edir. Uşaqların küçədə və ictimai mühitdə qeyri-adi davranışları, qulaqcıqlar vasitəsilə virtual aləmə bağlı olmaları sosial qarşılıqlı əlaqəni zəiflədir və normativ davranış modellərini dəyişdirir. Kompüter və telefonların geniş yayılması uşaqları milli uşaq oyunlarından uzaqlaşdırmış, sosial və fiziki fəaliyyət səviyyəsini azaldaraq sağlamlığa mənfi təsir göstərmişdir.
Buna baxmayaraq, texnologiyanı cəmiyyətin gündəlik həyatından tamamilə aradan qaldırmaq mümkün deyil. Valideyn və dövlət səviyyəsində müəyyən nəzarət mexanizmlərinin tətbiqi zəruridir. Bu mexanizmlər çərçivəsində xarici seriallar və sosial media platformalarının ödənişli və ya yaş məhdudiyyətli şəkildə təqdim olunması, uşaqların virtual aləmə erkən çıxışının qarşısının alınması tövsiyə olunur. Belə tədbirlər həm milli-mədəni dəyərlərin qorunmasına, həm də iqtisadi imkanların artırılmasına xidmət edəcəkdir.
Qloballaşmanın və texnoloji inkişafın gətirdiyi imkanlar cəmiyyəti zənginləşdirsə də, milli dəyərlərin qorunması və sosial nizamın təmin edilməsi üçün tənzimləmə mexanizmləri vacibdir. Ölkəmizdə sosial şəbəkələr və televiziya məhsullarının nəzarətsiz istifadəsi gələcək nəsillərin tərbiyəsinə, milli kimliyin formalaşmasına və sosial davranış modellərinə mənfi təsir göstərə bilər. Buna görə də yaş məhdudiyyətləri, ödənişli sistemlər və qanunvericilik vasitəsilə yeni nəzarət mexanizmlərinin tətbiqi zəruridir ki, virtual və real həyat arasında tarazlıq təmin edilsin və cəmiyyətin mədəni dəyərləri qorunsun”.