525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri onun informasiya məkanıdır. Hər bir xalqın keçdiyi tarixi yol, milli düşüncə tərzi, mənəvi dəyərləri və gələcəyə baxışı ilk növbədə onun mətbuatında öz əksini tapır. Məhz buna görə də mətbuat zamanın salnaməsi və cəmiyyətin vicdanı hesab olunur. Azərbaycan milli mətbuatı da yarandığı gündən bu missiyanı şərəflə yerinə yetirərək xalqımızın maariflənməsində, milli özünüdərk hissinin formalaşmasında, azadlıq ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır.
22 iyul tarixi Azərbaycan xalqı üçün təkcə jurnalistlərin peşə bayramı deyil, həm də milli düşüncənin, söz azadlığının və maarifçilik ənənələrinin bayramıdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” cəmiyyətə yeni düşüncə tərzi gətirdi, insanları elmə, təhsilə və tərəqqiyə səslədi. Qəzet milli özünüdərk hissinin güclənməsində, ana dilinin inkişafında və milli mətbuat ənənələrinin formalaşmasında mühüm rol oynadı.
“Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Açıq söz” və digər nəşrlər milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydular . Onların səhifələrində xalqın problemləri, arzuları və gələcəyə ümidləri əks olunurdu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan milli mətbuatının tarixini xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz hissəsi kimi qiymətləndirərək deyirdi: “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik ”.
Bu fikir milli mətbuatın tariximizdəki yerini və əhəmiyyətini ən dolğun şəkildə ifadə edir.
Müstəqillik illərində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mətbuatın sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradıldı. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisələrdən biri oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar milli mətbuatın daha da güclənməsinə xidmət edir. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, media subyektlərinə vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafına göstərilən dövlət dəstəyi bu siyasətin mühüm istiqamətləridir.
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə mətbuatın fəaliyyəti daha da genişlənmişdir. Ənənəvi qəzet və jurnallarla yanaşı, internet media, informasiya portalları və sosial platformalar cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Bununla belə , dezinformasiya, saxta xəbərlər və informasiya təhlükəsizliyi kimi yeni çağırışlar medianın üzərinə daha böyük məsuliyyət qoyur. Bəzən qeyri - dəqiq faktlara istinad edən yazılara da rast gəlinir . Təbii ki belə çıxışlar mətbuatın adına , yazı müəllifinin və eləcə də həmin mətbu orqanının nüfuzuna xələl gətirir . Ona görə də peşəkar jurnalistikanın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, operativlik və yüksək peşə etikası bu gün əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə öz peşəkarlığını və vətənpərvərliyini nümayiş etdirdi. Jurnalistlər cəbhə bölgələrindən operativ məlumatlar hazırlayaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdılar . Onların fəaliyyəti informasiya savaşında qazanılan uğurların mühüm tərkib hissəsinə çevrildi.
Son illər Şuşa şəhərində keçirilən Qlobal Media Forumları Azərbaycan mediasının beynəlxalq nüfuzunun artmasının bariz nümunəsidir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin iştirakı ilə keçirilən bu forumlarda rəqəmsal media, süni intellekt, dezinformasiyaya qarşı mübarizə, media etikası və beynəlxalq informasiya təhlükəsizliyi kimi aktual mövzular müzakirə olunur. Bu tədbirlər Azərbaycanın qlobal informasiya məkanında mövqeyini daha da gücləndirir.
2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması milli jurnalistikamızın keçdiyi şərəfli yolun yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə inamın ifadəsidir.
Azərbaycan dövlətinin media siyasətinin mühüm istiqamətlərindən biri də jurnalistlərin sosial rifahının diqqətdə saxlanılmasıdır . Bu məqsədlə ölkə başçısının təşəbbüsü ilə uzun illər ərzində media nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması , media əməkdaşlarının yeni mənzillərlə təmin olunması , jurnalistlər üçün güzəştli ipoteka imkanlarının yaradılması , onların dövlət mükafatları və fəxri adlarla təltif olunmaları ölkə rəhbərliyinin mətbuata göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Mətbuat həqiqətin carçısı, zamanın salnaməsidir. O, xalqın səsini dünyaya çatdırır, milli-mənəvi dəyərləri yaşadır, ictimai fikri formalaşdırır və gələcək nəsillər üçün tarix yazır.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində obyektivlik, yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Azərbaycan mətbuatı bundan sonra da həqiqətin, milli maraqların və dövlətçilik ideyalarının etibarlı müdafiəçisi olaraq xalqımızın həyatının aynası missiyasını layiqincə davam etdirsin.
Polad Bülbüloglu ,
Milli Mıclisin Mədəniyyət komitəsinin sədri , xalq artisti , professor