​HƏYATIN GÖRÜNMƏYƏN ÜZÜNƏ BAXMAQ...

01.09.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaləddin İbrahimli,

professor

Azərbaycan ədəbi prosesi, məncə, Mahir Mehdini hələ tam anlaya bilməyib. Onun ayrı-ayrı misraları diqqət çəkir, qeyri-adi bənzətmələri yadda qalır, sevgi, ölüm, tənhalıq və zaman haqqında yazdıqları oxunur, amma bütün bunların arxasında dayanan əsas xüsusiyyət, yəni şairin dünyaya hansı nöqtədən baxdığı kifayət qədər nəzərə alınmır. Mahiri anlamaq üçün əvvəlcə onun nə haqqında yazdığından çox, gördüyü dünyanı necə qurduğuna baxmaq lazımdır. Çünki onun poeziyasında əsas məsələ mövzu deyil, baxışdır.

Həyatın görünən tərəfinə baxmaq asandır. Burada hər şey öz adı və funksiyası ilə mövcuddur. Soyuq dəyirsə, insan üstünü örtür, gecədən sonra səhər açılır, doğulan yaşayır, yaşayan ölür, insan itəndə onu itdiyi yerdə axtarırlar, sıraya düzülən adamları isə bir-bir sayırlar. Biz gündəlik həyatda bu məntiqlə yaşayır və onu o qədər təbii qəbul edirik ki, hadisələrin başqa cür əlaqələndirilə biləcəyini çox vaxt düşünmürük. Mahir Mehdi isə məhz bu nöqtədə adi məntiqdən ayrılır və görünən hadisənin arxasında başqa bir əlaqə qurur.

Onun:

“Sıraya düzüb hamını saydılar bir-bir,

çəkilmədi adım,

mənə gəlib çatanda qurtardı say,

saya gəlmədim, sayılmadım”

misralarında baş verən hadisəni anlamaq adi düşüncə ilə mümkün deyil. İnsanlar hələ qurtarmayıb, amma say qurtarıb. Halbuki sayın özü tükənən maddi bir şey deyil. Mahir burada abstrakt anlayışı maddiləşdirir və “say” sözünə bitmək, tükənmək xüsusiyyəti verir. Nəticədə insan sıranın içində olduğu halda sayılan dünyanın xaricində qalır. “Saya gəlməmək” ifadəsi də gündəlik mənasını itirib tamam başqa məna qazanır. Artıq söhbət kiminsə dəyərsiz sayılmasından getmir; insan həqiqətən də say sistemindən kənara çıxır. Mahirin poetik düşüncəsinin maraqlı cəhəti budur ki, o, bir anlayışın yerini dəyişməklə bütöv mənzərəni dəyişə bilir.

Eyni xüsusiyyət

“Hər rəngdə axtardılar məni,

düşüb itdiyim yerdən başqa”

misralarında da görünür. İnsan adətən bir yerdə itir və onu məhz həmin məkanda axtarmaq lazımdır. Mahir isə yeri rənglə qarşılaşdırır və bizi adi səbəb-nəticə münasibətindən çıxarır. İlk anda bu əlaqə məntiqsiz görünür, amma poeziyanın imkanları məhz burada başlayır. İnsan həmişə fiziki məkanda itir? Bəzən insan bir xatirənin içində, bir dövrün rəngində, bir baxışda, bir səsdə və ya öz keçmişinin müəyyən anında itə bilər. Mahir bu ehtimalları izah etmir, sadəcə qapını açır və oxucunu həmin qapının qarşısında qoyur. Onun şeirlərində misra bitir, amma düşüncə bitmir.

Mahir Mehdinin poetik təfəkkürünü izah edərkən Zadənin bulannıq məntiqi ilə müəyyən bənzətmə aparmaq mümkündür, amma bunu Şərq və Qərb məntiqinin sərt qarşılaşdırılmasına çevirmək doğru olmaz. Burada daha maraqlı olan odur ki, Mahirin şeirində anlayışlar çox vaxt bir-birini istisna etmir. Bir şey eyni zamanda həm özü olaraq qalır, həm də başqa bir mənaya keçir. Həyat həyatdır, amma eyni zamanda insana toxuna biləcək təhlükəyə çevrilir. Ölüm sondur, amma başqa bir vəziyyətin başlanğıcı kimi də düşünülür. Sükut susmaqdır, amma danışmağın başqa forması ola bilir. Yaxın uzağa, görünən görünməyənə, başlanğıc sona qarışır. Buna görə onun poeziyası alatoranı xatırladır. Alatoran nə tam gündüzdür, nə də tam gecədir, amma hər ikisini özündə daşıyır. Mahir də çox vaxt alatorna kimi iki müəyyən vəziyyətin arasında dayanır və məhz həmin aralıqdan yeni məna yaradır.

Bu baxımdan onun

“Doğulmağın uzun iş,

ölümün bircə andı,

hər şey mənim gözümdən,

baxışımdan yarandı.

Qalmışdın ortalıqda,

yer tapmırdın enməyə.

Gördüm, yaratdım səni,

başladın görünməyə”

misraları xüsusi əhəmiyyət daşıyır. Buradakı “Gördüm, yaratdım səni, başladın görünməyə” fikri yalnız poetik paradoks deyil. Bu misra insan qavrayışına dair Geştalt psixologiyasının əsas prinsiplərini də yada salır. Geştalt yanaşmasına görə insan şüuru qarşısındakı dünyanı sadəcə hazır şəkildə qəbul edən passiv güzgü, kopyala yapışdır makinası deyil. Gözümüz ayrı-ayrı nöqtələri, xətləri, rəngləri və formaları görür, amma şüur bunları müəyyən münasibət içində təşkil edərək bütöv obraz yaradır. Yəni görmək sadəcə qəbul etmək deyil, müəyyən mənada qurmaqdır, yenidən yaratmaqdır.

Mahir “Gördüm, yaratdım səni” deyəndə məhz bu münasibəti poetik şəkildə ifadə edir. Şeirdəki varlıq əvvəlcə “ortalıqda” qalıb, yer tapa bilmir, müəyyən forma qazanmır. Şairin baxışı ona yönələndən sonra isə görünməyə başlayır. Burada çox incə bir fərq var: “sən vardın, ona görə səni gördüm” deyilmir; “mən səni gördüm, yaratdım və sən görünməyə başladın” deyilir. Deməli, baxış sadəcə mövcud olanı aşkar etmir, onu müəyyən mənada yaradır. Görən şüur gördüyü dünyanın təşkilində, formalaşmasında iştirak edir.

Bu fikir, əslində, Mahirin bütöv yaradıcılığını anlamaq üçün açar ola bilər. O, dünyaya baxıb gördüyünü təsvir edən şair deyil. Onun baxışı predmetlərin özünü deyil, predmetlər arasındakı münasibəti dəyişir. Şair adi əşyanı olduğu kimi saxlayır, amma onu başqa anlayışla əlaqələndirəndə həmin əşyanın mənası dəyişir. Buna görə Mahirin şeirlərində ən sadə sözlər birdən-birə qəribə şəkildə, həm də yeni görünməyə başlayır.

“Həyat dəyər, üstünü ört” misrası bunun ən aydın örnəklərindəndir. Bu ifadənin arxasında hamımızın uşaqlıqdan bildiyimiz “Soyuq dəyər, üstünü ört” cümləsi dayanır. Mahir həmin cümlədə yalnız bir sözü dəyişir. “Soyuq” sözünün yerinə “həyat” sözünü qoyur və bununla da bütün məna sistemini dəyişir. Artıq insana soyuq deyil, həyat dəyir. Deməli, qorunmalı olduğumuz şey soyuq deyil, həyatın özüdür. “Üstünü ört” ifadəsinin mənası da avtomatik dəyişir. İndi insanın üstünə çəkdiyi adi yorğan deyil, təsəvvürümüzdə tabutun qapağı görünür.

Beləliklə, cəmi üç sözün içində kiçik bir səhnə yaranır. İnsan ölüb və incə dünyaya keçib. Həyat isə kənardan gələn bir qüvvə kimi ona toxuna, onu yenidən oyada və gündəlik dünyanın səs-küyünə, qayğılarına, ağrılarına və təkrarlarına, bir sözlə qaba dünyaya qaytara bilər. Ona görə ölü özünü həyatdan qoruyur və üstünü örtür. Burada qorxulu olan ölüm deyil, yenidən həyata qaytarılmaqdır. Bu fikri sözün birbaşa mənasında ölüm arzusu kimi anlamaq yanlış olardı. Mahir sadəcə həyatla ölümün bizim adət etdiyimiz yerlərini dəyişir. Ölüm artıq mütləq son deyil, həyat isə mütləq xilas və üstün dəyər kimi təqdim olunmur. Hər ikisi başqa tərəfdən görünməyə başlayır.

Mahir Mehdinin şeirlərində bu çevrilməyə tez-tez rast gəlirik. “Miladdan öncəm...” şeirində “Yazılmamışdan var idi yazı ayrı cizgidə” deyir. Bu ifadə də adi məntiq baxımından mümkün deyil. Yazı yazılmayıbsa, necə mövcud ola bilər? Lakin Mahirin dünyasında görünmək və mövcud olmaq eyni şey deyil. Bir şey görünmədən, adı qoyulmadan, hətta müəyyən forma almadan əvvəl də başqa bir şəkildə mövcud ola bilər. Yazı hərfdən əvvəl xəttdə, fikir sözdən əvvəl şüurda, obraz şəkildən əvvəl baxışda mövcud ola bilər. Bu, “Gördüm, yaratdım səni, başladın görünməyə” misrasındakı düşüncənin başqa formasıdır.

“Miladdan öncəm...” şeirində maraqlı olan yalnız qədim dünyanın təsviri deyil. Mahir bizi sadəcə tarixdən əvvəlki zamana aparmır, tarixin özünün hələ yaranmadığı bir düşüncə vəziyyətini təsəvvür etməyə çalışır. Orada insanların adı yoxdur, keçmiş ayrıca anlayış kimi formalaşmayıb, aylar bir-birindən seçilmir, vətən mağaranın sərhədləri qədərdir. Nuhun su basmış bir kəndi bütün dünya hesab etməsi də təsadüfi detal deyil. Əgər insanın bildiyi dünya bir kənddən ibarətdirsə, həmin kəndin batması onun üçün həqiqətən dünyanın batmasıdır. Beləliklə, Mahir yenə bizi fiziki reallıqdan qavranılan reallığa keçirir. Dünyanın ölçüsü yalnız coğrafiyanın ölçüsü deyil, onu qavrayan şüurun da ölçüsüdür.

Dənizlə bağlı şeirində bu yanaşma daha sərbəst şəkildə davam edir. “Yeni su əlifbasında antik balıq dilini” deyə başlayan şeirdə su əlifbaya, balıq dili tarixə, damla saata çevrilir, vaxtın səmtini dəyişmək mümkün olur, sahili götürüb gətirmək, dənizi çiyinə atmaq mümkün görünür. Sonda isə “Qurunu üzürük, bizə dəniz gətir kapitan” deyilir. Biz normal düşüncədə dənizdə üzürük, Mahir isə qurunu üzülən məkana çevirir. Görünən dünyada yaşamın nə qədər çətin oldugunu və bu çətinliyin nə qədər çətin göründüyünü deməyə çalışır. Eyni zamanda, burada məsələ dənizi qəribə təsvir etmək deyil. Şair bir müddət dünyaya dənizin içindən baxır və quru da həmin nöqtədən baxıldıqda əvvəlki mənasını itirir.

Buna görə Mahiri yalnız sürrealizmlə izah etmək kifayət qədər dəqiq görünmür. Doğrudur, onun şeirlərində sürrealist təsvirlərə yaxın çox şey vardır. Əşyalar adi yerlərindən çıxır, zaman və məkan dəyişir, bir-biri ilə əlaqəsi olmayan anlayışlar yaxınlaşdırılır. Ancaq Mahirdə bu qəribəlik çox vaxt təsadüfi çağırışımın (assosiasiyanın) nəticəsi deyil. Misranın arxasında düşünülmüş bir məna mexanizmi dayanır. “Həyat dəyər, üstünü ört” buna ən sadə örnəkdir. Şair hamının bildiyi bir ifadədən başlayır, bir sözü dəyişir və həmin dəyişiklikdən yeni varlıq münasibəti yaradır. Burada reallıq dağıdılmır, reallığın içində başqa reallıq üzə çıxarılır.

Dostoyevski ilə müqayisə də məhz bu nöqtədə maraqlı olur. Dostoyevski insanın görünməyən tərəfinə baxmağı bacarırdı. Zahiri davranışın altında qorxunu, günahı, inancı, ehtirası, vicdan əzabını və mənəvi parçalanmanı göstərirdi. Onun böyük kəşfi insanın daxilində idi. Mahir isə yalnız insanın daxilinə enmir, insanın üzləşdiyi gerçəkliyin, yerləşdiyi yerin özünə başqa tərəfdən baxmağa çalışır, yönü dəyişir. Dostoyevskidə görünən insanın arxasında ikinci insan görünürsə, Mahirdə görünən dünyanın arxasında ikinci dünya görünməyə başlayır.

Bəlkə Azərbaycan ədəbi prosesinin Mahirlə bağlı çətinliyi də buradan yaranır. Biz şairləri çox vaxt mövzusuna və ya hazır ədəbi cərəyanlara görə təsnif etməyə vərdiş etmişik. Sevgi şairi, şəhər şairi, ruh şairi, mistik şair, təbiət şairi, sürrealist şair kimi adlar qoyuruq və bununla müəllifi anladığımızı düşünürük. Mahir bu qəliblərin heç birinə yerləşmir. Çünki onun əsas fərqi nə haqqında yazmasında deyil, necə görməsindədir.

Onun şeirlərində həyat, ölüm, yol, gecə, rəng, su, pəncərə, söz kimi son dərəcə adi anlayışlar işlənir. Mahiri çətin anlaşılan edən sözlər deyil. Çətinlik onun sözlər arasında yaratdığı yeni əlaqələrdir. Oxucu sözlərin hamısını başa düşür, amma onların birlikdə yaratdığı mənzərə qarşısında bir an dayanmalı olur. Mahir məhz bu dayanma anında oxucunu öz poetik dünyasına daxil edir.

Əslində böyük ədəbiyyatın işi də budur. Ədəbiyyat bizə həmişə yeni əşya göstərmir. Bəzən hər gün gördüyümüz əşyanı elə bir tərəfdən göstərir ki, onu ilk dəfə görürmüş kimi oluruq. Həyat sözünü hər gün işlədirik, ölümün nə olduğunu bildiyimizi düşünürük, gecəni, yolu, suyu, rəngi tanıyırıq. Şair isə bu tanışlığın ritmini, rahatlığını, hətta bəzən alğısını (biz qavranılması deyirik) pozur. Əşyanı bizdən almır, onun başqa üzünü, çalarını göstərir.

Mahir Mehdinin yaradıcılığına da, məncə, bu nöqtədən baxmaq lazımdır. Onun ayrı-ayrı yaxşı metaforalarını seçmək, qəribə misralarını təhlil etmək yetərli deyil. Eyni poetik əməliyyat illərlə təkrar olunursa, həyatla ölümün, varlıqla yoxluğun, görünənlə görünməyənin, yaxınla uzağın, başlanğıcla sonun yerləri davamlı şəkildə dəyişdirilirsə, artıq söhbət təsadüfi söz oyunundan getmir. Bunun arxasında müəyyən dünyagörüşü və poetik düşüncə sistemi dayanır.

Məncə, Azərbaycan ədəbi prosesi Mahir Mehdini hələ bu bütövlükdə görməyib. Bəlkə özü də onun bir şeirindəki obraz kimi ortalıqda qalıb və tam görünəcəyi nöqtəni gözləyir. Ədəbiyyatşünaslığın Mahir Mehdi qarşısındakı işi də bəlkə bundan ibarətdir: ona hazır bir ad qoymaqdan əvvəl onu həqiqətən görmək. Çünki Mahir bizə ölümün o tayında nə olduğunu göstərməyə çalışmır. Onun etdiyi bundan daha maraqlıdır. O, həyatın özünə ölümün o tayından baxır və bizi də bir anlıq həmin baxış nöqtəsinə aparır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью