Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
6 avqust – Beynəlxalq "Dünya həkimləri sülh uğrunda" günü dünya ictimaiyyətinə mühüm bir həqiqəti bir daha xatırladır: insan sağlamlığının və həyatının ən etibarlı təminatı sülhdür. Müharibələr şəhərləri viran qoyur, iqtisadiyyatları sarsıdır, nəsillərin taleyini dəyişir. Lakin silahlı qarşıdurmaların ən ağır nəticəsi insan həyatının itirilməsi, sağlamlığın məhv edilməsi və cəmiyyətlərin uzun illər davam edən sosial-mənəvi travmalarla üz-üzə qalmasıdır. Həkimlər isə peşələrinin mahiyyəti etibarilə ölümə deyil, həyata xidmət edən insanlar kimi bütün dövrlərdə sülhün ən ardıcıl müdafiəçiləri olublar.
Tarix göstərir ki, müharibələrin vurduğu yaraları sağaltmaq bəzən onilliklər tələb edir. 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atılan atom bombası yalnız bir şəhəri deyil, bütün bəşəriyyətin vicdanını sarsıtdı. Minlərlə insan bir anın içində həyatını itirdi, sağ qalanlar isə uzun illər radiasiyanın yaratdığı ağır xəstəliklərlə mübarizə apardılar. Həmin faciə nüvə silahının insanlığa gətirdiyi təhlükəni bütün çılpaqlığı ilə ortaya qoydu və dünyanın müxtəlif ölkələrindən olan həkimləri sülh naminə birləşməyə sövq etdi.
Bu ideyadan doğan Nüvə Müharibəsinin Qarşısının Alınması üzrə Beynəlxalq Həkimlər Təşkilatı (IPPNW) nüvə silahlarının yaratdığı fəlakətlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mühüm fəaliyyət göstərmiş, 1985-ci ildə bu xidmətlərinə görə Nobel Sülh Mükafatına layiq görülmüşdür. Təşkilat bu gün də nüvə təhlükəsinin aradan qaldırılması və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa çağırış edir.
Azərbaycanın dövlət siyasətində də insan amili və sağlam cəmiyyət quruculuğu prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini səhiyyənin inkişafı təşkil edir. Son illərdə ölkənin bütün bölgələrində müasir xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri istifadəyə verilmiş, səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. İcbari tibbi sığorta sisteminin tətbiqi isə vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarını daha da genişləndirmişdir.
Azərbaycan həkimləri təkcə gündəlik tibbi xidmətlə deyil, ən çətin məqamlarda göstərdikləri peşəkarlıq və fədakarlıqla da cəmiyyətin dərin rəğbətini qazanıblar. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı hərbi həkimlər, tibb bacıları və bütün səhiyyə işçiləri gecə-gündüz çalışaraq minlərlə yaralının həyatını xilas etdilər. Müharibədən sonrakı dövrdə də mina partlayışlarından zərər çəkənlərin müalicəsi, fiziki və psixoloji reabilitasiyası, işğaldan azad olunmuş ərazilərdə yeni səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülür. Bu fəaliyyət humanizmə, peşəkarlığa və dövlət-vətəndaş həmrəyliyinə əsaslanır.
Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa da xüsusi önəm verir. COVID-19 pandemiyası dövründə ölkəmizin müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara göstərdiyi humanitar dəstək, tibbi ləvazimatların göndərilməsi və qlobal həmrəylik təşəbbüslərinə verdiyi töhfələr bunun bariz nümunələrindən biridir. Bu yanaşma bir daha təsdiq edir ki, sağlamlıq və təhlükəsizlik sərhəd tanımayan ümumbəşəri dəyərlərdir.
Həkim peşəsi yalnız elmə və peşəkarlığa deyil, həm də yüksək mənəvi məsuliyyətə söykənir. Ağ xalat geyinən insanlar milliyyətindən, dinindən, dilindən və siyasi baxışından asılı olmayaraq hər bir xəstəyə eyni qayğı ilə yanaşırlar. Onların əsas missiyası insan həyatını qorumaq, ağrını azaltmaq, ümidi yaşatmaqdır. Elə buna görə də həkimlərin sülh çağırışı təkcə peşə mövqeyi deyil, həm də bəşəri dəyərdir.
Bu gün dünyada müxtəlif bölgələrdə davam edən silahlı münaqişələr göstərir ki, müharibələrin əsl bədəli insan taleləri ilə ölçülür. Xəstəxanaların dağıdılması, dinc əhalinin tibbi yardımdan məhrum qalması, milyonlarla insanın məcburi köçkün vəziyyətinə düşməsi beynəlxalq humanitar hüququn qorunmasını bir daha gündəmə gətirir. Belə bir şəraitdə həkimlərin səsi yalnız tibb ictimaiyyətinin deyil, bütün bəşəriyyətin sülhə çağırışı kimi səslənir.
Beynəlxal “Dünya həkimləri sülh uğrunda” günü insanlığa mühüm bir mesaj verir: həyatın ən böyük dəyəri insanın özüdür. Bu dəyəri qorumağın yolu isə qarşıdurmadan deyil, dialoqdan, əməkdaşlıqdan və sülhdən keçir. Sğlam cəmiyyət yalnız sabitlik və əmin-amanlıq şəraitində formalaşa bilər. Həkimlərin xilaskarlıq missiyası da məhz bu ali məqsədə - insan həyatının qorunmasına xidmət edir.
Nurəngiz Adilqızı
XQ