525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nuray Mahmudzadədir. Müsahibimizlə məşhur alman rəssamı Kaspar David Fridrixin "Həyatın mərhələləri" əsərindən danışmışıq.
Kaspar David Fridrix 5 sentyabr 1774-cü ildə Baltik dənizi sahilində yerləşən Qreyfsvald şəhərində anadan olub. O, onuşaqlı ailənin altıncı övladı idi. İlk rəsm dərslərini Qreyfsvald Universitetində çalışan rəsm müəllimi İohan Qotfrid Kvistorfdan alıb. Fridrix 1790-cı illərin sonlarından etibarən Kopenhagen Rəssamlıq Akademiyasında təhsil almış, daha sonra Drezdendə fəaliyyət göstərib. Rəssamın yaradıcılığında mənzərə janrı yeni fəlsəfi məna qazanıb. Təbiət onun üçün müşahidə edilən xarici aləm olmaqdan çıxaraq insanın daxili dünyasının ifadəsinə çevrilib. Onun yaradıcılığında dəniz, dağ, meşə, qaya, məzarlıq, xaç və insan fiquru kimi motivlər tez-tez təkrarlanır. Bu motivlərin hər biri rəssamın əsərlərində ölüm, sonsuzluq, tənhalıq, iman və zaman haqqında düşüncələrin daşıyıcısına çevrilir. Friedrixin yaradıcılığında insan çox zaman təbiətin qarşısında dayanaraq öz varlığını dərk edən müşahidəçidir.
- "Həyatın mərhələləri" Kaspar David Fridrix yaradıcılığının hansı dövrünə təsadüf edir?
- Rəssamın yaradıcılığının son dövrünə təsadüf edən əsər təxminən 1835-ci ildə yaradılıb. David artıq həyatının yetkin çağında idi. Qarşısında gənclik illərinin başlanğıcı deyil, keçilmiş yolun mənzərəsi dayanırdı. Buna görə "Həyatın mərhələləri"ni yalnız müxtəlif yaşlarda insanların təsviri kimi qəbul etmək əsərin fəlsəfi dərinliyini məhdudlaşdırardı.
1830-cu illərdə romantizmin əvvəlki gücü tədricən zəifləyirdi. Yeni bədii meyillər meydana çıxır, sənət dünyasında təbiətin romantik idealizasiyasından fərqli yanaşmalar güclənirdi. Belə bir tarixi-bədii şəraitdə sənətkar öz yaradıcılıq xəttindən uzaqlaşmadı. Əksinə, həyat, zaman, qocalıq, ölüm, yaddaş kimi mövzulara daha dərindən yönəldi. "Həyatın mərhələləri" bu baxımdan onun yaradıcılığının son dövrünü ifadə edən mühüm əsərlərdən biridir.
- Əsərin rəng həlli necədir?
- Rəng həllində ən diqqətçəkən xüsusiyyət səmanın quruluşudur. Yuxarı hissədə soyuq mavi tonlar üstünlük təşkil edir. Üfüqə doğru yaxınlaşdıqca rənglər dəyişir, isti sarı, narıncı, qızılı çalarlar meydana çıxır. Bu rəng keçidi əsərdə qürub vaxtının təsvirini yaradır. Lakin burada qürub yalnız günün başa çatmasını göstərmir. Günəşin üfüqə yaxınlaşması insan ömrünün son mərhələsinə doğru hərəkəti xatırladır. Buna baxmayaraq, rəssam sonu qaranlıq, vahiməli mənzərə kimi təqdim etmir. Əksinə, üfüqdəki isti işıq sakitlik, tamamlanma, düşüncə hissi yaradır. Qocalıq da bu baxımdan yalnız itki kimi deyil, yaşanmış həyatın son mərhələsi kimi görünür. Göy üzünün rəngləri dənizin rəngləri ilə yumşaq şəkildə əlaqələndirilir. Uzaq məsafələrdə rənglərin solğunlaşması, konturların yumşalması məkanın dərinliyini artırır. Burada hava perspektivindən istifadə olunub. Uzaqdakı obyektlər daha zəif kontrastla göstərilir, rənglər isə daha sakit görünür. Bu üsul yalnız fiziki məkan yaratmır, əsərin mistik, düşüncəli atmosferini də gücləndirir. Rənglərin soyuqdan istiyə doğru dəyişməsi əsərin ideyasına da xidmət edir. Yuxarıdakı mavi səma həyatın genişliyini, üfüqdəki isti işıq isə son mərhələnin sakitliyini xatırladır. Bununla da, rəng həlli kompozisiyanın emosional yükünü daşıyan əsas vasitələrdən birinə çevrilir.
- Əsərin kompozisiyası barədə nə demək olar?
- Əsərin kompozisiyası sahildə yerləşən beş insan fiquru ilə dənizdə üzən beş gəmi arasında qurulan düşünülmüş vizual paralel üzərində formalaşır. Ön planda yaşlı kişi, gənc qadın, yetkin kişi və iki uşaq olmaqla beş personaj təsvir edilib. Fiqurların yaş fərqi əsərin adının əsas məna açarlarından birinə çevrilir. İki uşaq həyatın başlanğıcını və qarşıda dayanan imkanları, gənc qadın və yetkin kişi həyatın inkişaf və yetkinlik dövrünü, yaşlı kişi isə uzun bir ömrün son mərhələsinə yaxınlaşmanı ifadə edən obrazlar kimi qəbul edilə bilər. Bu yaş ardıcıllığının dənizdəki qarşılığı isə beş gəmi vasitəsilə yaradılıb. Gəmilərin müxtəlif ölçüdə olması və bir-birindən fərqli məsafələrdə yerləşməsi onların sadəcə mənzərə elementi olmadığını göstərir. İki uşağın qarşısında bir-birinə yaxın məsafədə yerləşən iki kiçik gəmi həyat yolunun başlanğıcını xatırladır. Bir qədər aralıda, bir-birinə yaxın mövqedə görünən iki orta ölçülü gəmi artıq müəyyən məsafə qət edilmiş mərhələni - gənclikdən yetkinliyə keçidi ifadə edə bilər. Digərlərindən ayrı yerləşən böyük gəmi isə yaşlı kişi fiquru ilə vizual və məna baxımından əlaqələnir. Onun ölçüsü və təcrid olunmuş mövqeyi uzun bir yolun geridə qalmasını, insanın həyatının son mərhələsinə addım-addım yaxınlaşmasını düşündürür. Beləliklə, burada məsafə yalnız məkanın dərinliyini göstərən vasitə deyil, zamanın keçidini ifadə edən simvolik ölçüyə çevrilir. Sahilə yaxın kiçik gəmilər yola yenicə çıxan insanı, orta məsafədəki gəmilər artıq yolun müəyyən hissəsini qət etmiş həyatı, daha böyük və ayrı gəmi isə uzun həyat yolunun sonuna yaxınlaşan insanı xatırladır. Bu ardıcıllıqda hər bir gəmi müəyyən həyat mərhələsinin vizual qarşılığına çevrilir: biri başlayır, digəri yolu yarılayır, başqası isə yolun sonuna doğru hərəkət edir. Eyni zamanda gəmilərdəki yelkənləri insanın həyat yolu boyunca qazandığı təcrübələrin simvolu kimi də yozmaq mümkündür. İnsan yaşlandıqca yalnız illəri deyil, həmin illərin gətirdiyi bilik və təcrübələri də özündə toplayır. Bu baxımdan gəminin ölçüsü və məsafəsi keçilən yolu, yelkənlər isə həmin yol boyunca toplanan təcrübəni ifadə edən əlavə simvolik qat yaradır. Kompozisiyada diqqəti cəlb edən digər detal uşaqlardan birinin əlindəki İsveç bayrağıdır. Bu detal Kaspar David Fridrixin doğulduğu Qreyfsvaldın tarixi ilə birbaşa əlaqəlidir. Rəssamın doğulduğu Pomeraniya ərazisi onun uşaqlıq dövründə İsveç hakimiyyəti altında olub, Qreyfsvald isə 1815-ci ilə qədər İsveç Pomeraniyasının tərkibində qalıb. Buna görə bayraq yalnız kompozisiyaya rəng qatan dekorativ element deyil, həm də rəssamın doğma torpağına, keçmişinə və tarixi yaddaşına işarə kimi qiymətləndirilə bilər. Xüsusilə onun həyatın başlanğıcını təmsil edən uşağın əlində təsvir olunması diqqətəlayiqdir: keçmişi ifadə edən tarixi simvol gələcəyi təmsil edən obrazla yanaşı dayanır. Əsərin məkan quruluşunda insan fiqurlarının təbiətlə müqayisədə kiçik ölçüdə verilməsi də mühüm əhəmiyyət daşıyır. Geniş səma, sakit dəniz və uzaq üfüq kompozisiyanın böyük hissəsini tutur. İnsan qarşısında dayanan bu sonsuz məkan romantizmin mühüm prinsiplərindən birini - insanın təbiət və kainat qarşısındakı kiçikliyini ifadə edir. Lakin fiqurların ölçüsünün kiçik olması onların əhəmiyyətini azaltmır; əksinə, insan əsərin mənəvi mərkəzinə çevrilir.
- Tablo hazırda harada saxlanılır?
- Kaspar David Fridrixin "Həyatın mərhələləri" əsəri hazırda Almaniyanın Leypsiq şəhərində yerləşən Leypsiq Təsviri Sənətlər Muzeyində saxlanılır. Əsər muzeyin kolleksiyasının mühüm nümunələrindən biridir.
- "Həyatın mərhələləri"nin rəssamın digər əsərləri ilə hansı ortaq və fərqli cəhətləri var?
- Kaspar David Fridrixin digər əsərləri ilə ilk növbədə təbiətin fəlsəfi məna daşıması baxımından ortaq xüsusiyyətə malikdir. "Dumanlı dəniz üzərində səyyah" əsərində də insan geniş təbiət qarşısında kiçik fiqur kimi təqdim olunur. Həmin əsərdə dumanla örtülmüş dağlar naməlumluq hissi yaradırsa, "Həyatın mərhələləri"ndə sonsuzluq hissini əsasən dəniz, səma, uzaq üfüq yaradır. "Rügen adasının təbaşir qayalıqları" əsərində də dəniz əsas kompozisiya elementi kimi çıxış edir. Burada təbiət daha işıqlı, açıq, ümidverici təsir bağışlayır. "Həyatın mərhələləri"ndə isə eyni dəniz daha çox zamanın axışı, həyatın sonuna doğru hərəkət, naməlumluq anlayışları ilə əlaqələnir. "Buz dənizi" ilə müqayisədə fərq daha aydın görünür. "Buz dənizi"ndə təbiət sərt, dağıdıcı, insan üçün təhlükəli qüvvə kimi təsvir edilir. "Həyatın mərhələləri"ndə isə dəniz sakitdir. Buradakı təhlükə fiziki deyil, fəlsəfidir. İnsan üçün əsas məsələ dənizin onu məhv etməsi deyil, zamanın geri dönməz şəkildə irəliləməsidir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- İnsan həyatı uzun, keşməkeşli bir yoldur. Bu yolun başlanğıcında qarşımızda sonsuz imkanlar görünür. Zaman keçdikcə həmin yolun müxtəlif mərhələlərindən keçir, geriyə baxdıqda başlanğıcda nə qədər uzaqlaşdığımızı anlayırıq. Həyatın ən qəribə tərəfi də budur: sən yeni başlayanda artıq başqalarının yolunu yarıladığını, yaxud sona çatmağa yaxınlaşdığını görürsən. Bəzən isə tam əks situasiya yaranır. Sənin yolunun ortasında dayandığın bir məqam başqasının başlanğıcı, başqa bir insanın isə sonuna yaxınlaşdığı mərhələ ola bilər. Fridrix bu həqiqəti sözlə izah etmir. O, onu beş insanın qarşısında yerləşdirdiyi beş gəmi ilə göstərir. Gəmilərin müxtəlif ölçüsü, fərqli məsafəsi həyatın eyni sürətlə yaşanmadığını hiss etdirir. Biri hələ yola çıxır, digəri artıq yolun yarısını geridə qoyur, başqası isə üfüqə doğru hərəkət edir. İnsanlar sahildə dayanaraq həmin gəmilərə baxırlar. Tamaşaçı da sanki onların yanında dayanır, öz həyat yoluna kənardan baxmağa başlayır. Bu mənada dəniz həyatın özüdür. Sahil başlanğıcla son arasında keçid nöqtəsidir. Gəmilər isə həmin keçidin müxtəlif mərhələlərində hərəkət edən insan taleləridir. Heç bir gəmi eyni yerdə dayanmır. Hər biri başqa məsafədədir. Bu məsafələr zamanın keçməsini görünən hala gətirir. Əsərin qürub işığı isə bütün bu düşüncələrin üzərinə xüsusi bir məna gətirir. Günəş batmağa doğru gedir, lakin onun işığı hələ də səmanı aydınladır. Bu, həyatın sonunun mütləq qaranlıq kimi qəbul edilməməsi düşüncəsini yaradır. Qürub bir bitişdir, lakin onun özündə sakitlik, gözəllik, tamamlanma hissi var. Bəlkə də əsərin ən təsirli tərəfi məhz budur: Fridrix bizə ölümü göstərmək üçün qaranlıqdan istifadə etmir. O, həyatın sonuna yaxınlaşmanı işıqla təsvir edir. Günəş üfüqdə batarkən səma gündəlik həyatda nadir rast gəldiyimiz rənglərə bürünür. Sanki həyatın son mərhələsində belə onun gözəlliyi davam edir. İnsan həyatı da belədir. Bir uşaq üçün başlanğıc olan gün başqa bir insan üçün geridə qalmış illərin xatirəsidir. Bir gəncin qarşısında uzun yol olduğu halda, yaşlı insan həmin yolun böyük hissəsini artıq keçmişdir. Eyni mənzərəyə baxan beş insan fərqli zaman nöqtələrində dayanır. Buna görə əsərdə zaman yalnız saatla, təqvimlə ölçülmür. O, insanın bədəni, baxışı, məsafəsi, hərəkəti ilə ölçülür. Bu, həyatın davamlılığıdır. Bir insanın yolu tamamlanarkən başqa bir insanın yolu başlayır. Bir gəmi sahilə yaxınlaşır, digəri üfüqdən uzaqlaşır. Bir uşaq böyüyür, bir gənc yetkinləşir, bir yetkin qocalığa doğru addımlayır. Hər yeni başlanğıc başqa bir sonun ardınca gəlir. Əsərin adı da bu düşüncəni tamamlayır: "The Stages of Life" - "Həyatın mərhələləri". Burada həyat bir an kimi deyil, ardıcıl mərhələlərdən ibarət uzun yol kimi təqdim olunur. Başlanğıc, inkişaf, yetkinlik, qocalıq, son - bunların heç biri bir-birindən ayrı deyil. Hər mərhələ əvvəlkinin davamıdır və sonrakının başlanğıcına çevrilir.
Aytac SAHƏD