Icma.az, Azpost portalına istinadən məlumat yayır.
2000-ci ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyevlə ABŞ-ın keçmiş prezidenti ata Corc Buş arasında qeyri-rəsmi görüş keçirilib. Buş azərbaycanlı həmkarını Texasdakı ailə rançosuna dəvət edib, ona evini göstərib və şam yeməyinə qonaq çağırıb. Görüş zamanı balıq tutmaq cəhdi, ailə xatirələri və dünya siyasətinin tanınmış simaları barədə maraqlı dialoq yaşanıb.
İki dövlət xadiminin bu görüşü sadəcə şəxsi tanışlıq deyildi. XXI əsrin astanasında Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi, qarşılıqlı anlaşma və bərabərhüquqlu əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparmaq üçün də bir fürsət idi.
Ranço, balıq ovu və iki ölkənin bayrağı
Heydər Əliyev və Corc Buş katerlə malikanəyə yola düşüblər. Qonağını evinə gətirən Buş əvvəlcə ona ərazini göstərib, hər gün balıq tutduğunu söyləyib. Hətta prezidentlə söhbət edə-edə tilovunu suya atmağa da çalışıb.
“Görürsünüz, burada çoxlu balıqlar var. Mən indi onlardan birini tutmağa çalışacağam. Baxın, xırda balıqlar suda atılıb-düşürlər. Bu o deməkdir ki, böyük balıqlar kiçiklərin dalınca düşüblər, onlar da yaxalarını qurtarmaq istəyirlər”, – deyə Buş balıq ovunu izah edib.
İlk cəhd uğursuz alınıb. O, tilovu yenidən ataraq bu dəfə nəticə əldə edəcəyinə ümid etdiyini bildirib. Ardınca söhbəti Azərbaycana gətirib: “Cənab Prezident, indi Azərbaycanda havalar necədir?”
Heydər Əliyev cavab verib ki, Azərbaycanda havalar hələ istidir.
Buş isə zarafatla balıq tutmaq “layihələrinin” alınmadığını söyləyib. O, həmin vaxt Texasda yaşayan oğulları Corc və Nil barədə də danışıb. Oğullarından Corc Buş sonradan ABŞ prezidenti seçiləcəkdi.
Görüşün daha bir diqqətçəkən məqamı malikanənin üzərində Azərbaycan və ABŞ bayraqlarının dalğalanması idi. Heydər Əliyev bunu xüsusi vurğulayaraq deyib:
“Sizin malikanənin üstündə Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət bayraqları dalğalanır. Mən bundan çox böyük qürur duyuram”.
Bu sözlər görüşün səmimi atmosferini əks etdirən məqamlardan biri kimi yadda qalıb.
Corc Buşun ailə evi ilə bağlı xatirəsi
Buş qonağına ailə malikanəsinin tarixçəsini də danışıb. Onun sözlərinə görə, 1920-ci ildə valideynləri evlənəndə bu ev onlara toy hədiyyəsi kimi bağışlanıb. Evi babası öz qızı, yəni Buşun anası üçün verib.
Buş ailəsinin bir neçə nəslinin həmin evdə böyüdüyünü söyləyib. Yuxarı mərtəbədə nəvələri üçün yeddi çarpayının olduğu otaqdan danışaraq ailənin gələcəkdə böyüməsi ilə çarpayıların sayını artıracaqlarını zarafatla qeyd edib.
O, ərazidə əvvəllər ev olduğunu, ailə üzvlərindən birinin yüksək vergiləri ödəmək istəməməsi səbəbindən həmin evin sökülərək yerində hovuz tikildiyini də bildirib.
Buş daha sonra Heydər Əliyevi otağa dəvət edərək əvvəlcə söhbət edəcəklərini, axşam isə şam yeməyi yeyəcəklərini söyləyib. O, bunun qeyri-rəsmi görüş olduğunu xüsusi vurğulayıb.
Heydər Əliyev Corc Buş haqqında nə dedi?
Azərbaycan Prezidenti dəvətə görə Corc Buşa təşəkkür edib. O, ABŞ-ın keçmiş prezidentinin siyasi fəaliyyətini hələ Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdən izlədiyini söyləyib.
Heydər Əliyev xatırladıb ki, Buş ABŞ-ın vitse-prezidenti və prezidenti olmamışdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib, daha əvvəl isə Çində çalışıb.
“Biz Amerikada kimin kim olduğunu həmişə izləyirdik. Corc Buş həm vitse-prezident, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, həm də prezident kimi həmişə məşhur olmuşdur. Ona görə də o vaxtlar Sizin şəxsiyyətinizə çox böyük maraq var idi”, – deyə Heydər Əliyev bildirib.
O, həmin illərdə Corc Buşla görüşə bilmədiyini, indi isə onunla şəxsən görüşməkdən məmnunluq duyduğunu qeyd edib.
Bu sözlər iki liderin münasibətlərinin yalnız həmin gün başlayan tanışlıqdan ibarət olmadığını göstərirdi. Heydər Əliyev Buşun siyasi karyerasını uzun illər ərzində diqqətlə izlədiyini açıq şəkildə ifadə edirdi.
Süleyman Dəmirəl və Turqut Özal haqqında söhbət
Görüşdə Türkiyə siyasəti də müzakirə olunub. Heydər Əliyev Corc Buşa onun yaxın vaxtlarda Türkiyəyə səfər etdiyini xatırladıb. Azərbaycanın keçmiş prezidenti Süleyman Dəmirəllə şəxsi dostluğundan danışaraq, Dəmirəlin Buşun Türkiyədəki görüşləri və birgə mühazirəsi barədə ona telefonla məlumat verdiyini söyləyib.
Heydər Əliyev həmin səfərin Türkiyə üçün böyük hadisə olduğunu, o zaman öz-özünə belə bir səfərin Azərbaycana nə vaxt nəsib olacağını düşündüyünü də bildirib.
Buş Süleyman Dəmirəlin bundan sonra nə ilə məşğul olacağı ilə maraqlanıb. Heydər Əliyev onun siyasətdən uzaqlaşmayacağını ehtimal edib. Buş da Dəmirəlin partiya siyasətinə qoşula biləcəyini deyib.
Heydər Əliyev bu fikirlə razılaşaraq Dəmirəlin bütün ömrünü siyasətə həsr etdiyini və siyasətsiz yaşaya bilməyəcəyini söyləyib.
Daha sonra söhbət Türkiyənin digər keçmiş prezidenti Turqut Özala gəlib. Buş Heydər Əliyevin onu yaxşı tanıyıb-tanımadığını soruşub.
“Bəli, Turqut Özal mənim yaxşı dostum idi. Onun vəfatı məni çox sarsıtdı. Mən Türkiyəyə getdim, onun dəfnində iştirak etdim”, – deyə Heydər Əliyev cavab verib.
Buş onun bu addımını yüksək qiymətləndirərək “Siz çox yaxşı iş görmüsünüz” deyib.
Heydər Əliyev isə Turqut Özalın Türkiyə iqtisadiyyatının inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb.
Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında görüş olub. Görüşdə Amerikanın sabiq dövlət katibi Lari İqlberger, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft iştirak ediblər.
Görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğunu söyləyən cənab Buş Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, respublikamız üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərib.
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən prezident Heydər Əliyev bu görüşdə Amerikanın görkəmli siyasi xadimləri cənab İqlbergerin və general Skoukroftun iştirak etmələrindən çox məmnun qaldığını nəzərə çatdırıb. Azərbaycanda aparılan demokratik islahatlar nəticəsində əldə edilmiş uğurlardan, siyasi plüralizmin, söz azadlığının bərqərar olmasından bəhs edən respublikamızın rəhbəri qarşıdakı parlament seçkilərinin ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ yaradacağına əmin olduğunu bildirib.
Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların gedişindən söhbət açıb, bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin, xüsusən Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın səylərinin artırılmasına ehtiyac duyulduğunu bildirib.
Görüşdə Azərbaycan–Amerika münasibətlərinin daha da sıxlaşdırılması, bölgədə vəziyyət və bir sıra digər məsələlər barədə fikir mü badiləsi aparılıb. Prezident Heydər Əliyev cənab Corc Buşu bir daha Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
ABŞ-ın 41 -ci prezidenti olmuş Corc Buş 2018-ci ildə vəfat edib.