Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Ötən həftə Azərbaycanda Milli Mətbuatın 151 illiyi qeyd olundu. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat bu günə qədər ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb.
Bu 151 il ərzində Azərbaycanda müxtəlif ictimai-siyasi quruluşlar dəyişsə də, media hər zaman cəmiyyətlə hakimiyyət arasında əsas informasiya körpüsü olub. Xüsusilə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan jurnalistikası milli maraqların qorunması, ictimai rəyin formalaşdırılması və azad sözün inkişafı istiqamətində mühüm missiya daşıyıb.
Ümummilli Lider Heydər Əliyev də mətbuatın cəmiyyət həyatındakı roluna xüsusi önəm verən dövlət xadimlərindən biri idi. O, jurnalistikanın dövlət və cəmiyyət üçün əhəmiyyətini yaxşı anlayır, media ilə açıq dialoqun vacibliyini daim vurğulayırdı.
Bu baxımdan, 2001-ci ildə Prezident Heydər Əliyevin ölkənin aparıcı qəzetlərinin baş redaktorları ilə keçirdiyi görüş Azərbaycan mediasının tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir.
Həmin dövrdə media ilə bəzi dövlət qurumları arasında münasibətlər kifayət qədər gərgin idi. Məmurların jurnalistləri tez-tez məhkəməyə verməsi, qəzetlərin ağır maliyyə vəziyyəti və çap problemləri müstəqil mətbuatın fəaliyyətini ciddi şəkildə çətinləşdirirdi.
Baş redaktorlarla görüş zamanı jurnalistlər bütün bu problemləri birbaşa dövlət başçısının diqqətinə çatdırdılar. Heydər Əliyev isə qaldırılan məsələlərin həlli üçün konkret tapşırıqlar verdi.
Bu görüşün nəticəsi olaraq qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan böyük borcları donduruldu. Eyni zamanda, məmurların əsassız şəkildə jurnalistləri məhkəməyə verməsi praktikasının qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. Bu qərarlar həmin dövrdə müstəqil mətbuatın fəaliyyətinin davam etdirilməsində əhəmiyyətli rol oynadı.
Sonrakı illərdə həmin görüşdə iştirak etmiş baş redaktorlar dəfələrlə bildiriblər ki, Heydər Əliyev medianın problemlərinə operativ yanaşır, jurnalistikanın cəmiyyət üçün əhəmiyyətini yüksək qiymətləndirirdi və mətbuatın inkişafına xüsusi diqqət yetirirdi.
AzPost oxucularına Prezident Administrasiyasında keçirilən həmin tarixi görüşün görüntülərini təqdim edir.
Qeyd edək ki, bu nadir videokadrlar tanınmış araşdırmaçı-jurnalist Füzuli Sabiroğlunun şəxsi arxivindəndir. Bu material Azərbaycan mediasının yaxın tarixini əks etdirən qiymətli sənədli mənbələrdən biri hesab olunur.