“Heyətimdə milli səviyyəsində yerli futbolçular var“

14.03.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXVII turunda baş tutan “Araz-Naxçıvan” – “Şamaxı” (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Maraqlı, dinamik oyunun şahidi olduq. Oyunu iki hissəyə bölərdim. İlk hissə bizim, İkinci yarı isə rəqibin üstünlüyü ilə keçdi. 1 xal qazandıq. Hər iki komandanın qalib gəlmək şansı var idi. Yaxşı istirahət edib, hazırlıqlarımızı davam etdirməliyik.

– Hissələr arasında belə fərqin olması komandanın hazırlığıyla bağlıdır?
– Ümumi hazırlıqla bağlamazdım. Kuboka görə əlavə 2 oyun keçirmişdik. Ona görə yorğunluq ola bilərdi. Heyət geniş deyil, zədəlilərimiz var deyə çox da rotasiyalara gedə bilmirik. Bu futbolun içində olan detallardır. Üstündə dayanmaq istəmirik.

– Ramon Maçado ehtiyatda olsa da oyuna çıxmadı. Növbəti “Neftçi”ylə matçınızda onu meydanda görə bilərik?
– Ümid edirik. Əfsuslar olsun ki, zədəli, cəzalı 7 oyunçumuz var. Onlar qayıtdıqdan sonra daha yaxşı olacaq.

– Milliyə “Araz-Naxçıvan”dan heç bir futbolçu çağırılmaması sizin üçün təəccüblü olmadı?
– Ümumi şərh vermək istəmirəm. Seçim millinin baş məşqçisinindir. Amma mənim heyətimdə də yaxşı yerli futbolçular var. Üzərlərində daha çox işləyib çalışmalıdırlar ki, milliyə layiq olduğunu göstərsinlər.

– Qara Qarayevin hazırki durumu milliyə çağırılmamasına əsas verir?
– Bu oyunu çıxmaq şərtiylə Qara hər oyun meydanda olub. 90 dəqiqə yaxşı tempdə, eyni səviyyədə oynamağa gücü çatır. Niyə çağırılmır, mən də bilmirəm. Heyətimdə milli səviyyəsində yerli futbolçular var.

– Qış fasiləsinə qədər “Qarabağ” istisna ən az qol buraxan kollektivsiz. Bu gün isə “Zirə” sizi keçdi. Müdafiədə belə zəifləməni nə ilə bağlayırsız?
– Deməzdim ki, zəifləmişik. Amma sıxıntı yaşayırıq. Bu oyunda 7 futbolçumuzun kənarda qalması… Ehtiyat qüvvəmiz də yoxdur. Ümidliyik. Bu fasilə bizə lazım idi. Yaxşı bərpa keçirib son dövrəyə addımlamaq önəmlidir.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью