Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi quduzluq xəstəliyinin qarşısını almaq üçün operativ epidemioloji nəzarət aparır. Quduzluq xəstəliyi 100% ölümcül zoonoz xəstəlik olduğundan, GEM-in əsas vəzifəsi insanların bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam həyat” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, hər bir heyvan dişləməsi, cırmaqlaması və ya tüpürcəkləməsi ilə bağlı tibb müəssisələrindən GEM-ə daxil olan təcili bildirişlər (forma № 058/u) dərhal qeydə alınır və epidemioloji araşdırma aparılır:
“Epidemioloq tərəfindən zərərçəkmiş şəxsin və hadisənin baş verdiyi şərait (heyvanın növü, sahibli və ya sahibsiz olması) barədə ətraflı məlumat toplanılır. İnsanları dişləmiş heyvanlar üzərində nəzarət üçün məlumat baytarlıq idarəsinə verilir. Tibb müəssisələrinin quduzluq əleyhinə effektiv vaksinlərlə (antirabik peyvəndlər) və ehtiyac olduqda antirabik immunoqlobulinlərlə kəsintisiz təminatına, zərərçəkmiş şəxslərin vaksinasiya kursunu təyin edilmiş sxem üzrə cəlb olunmasına və müalicəni özbaşına yarımçıq qoymamasına nəzarət edir”.
Şöbə müdiri bildirib ki, həmcinin, tibb işçiləri üçün quduzluq ocaqlarının ləğvi və zərərçəkmişlərə düzgün antirabik yardımın göstərilməsi mövzusunda mütəmadi olaraq seminarlar təşkil edir: «Təbii ki, əhalinin maarifləndirilməsində Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin, eləcə də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rolu çox böyükdür».
Sahibsiz heyvanların populyasiyasının tənzimlənməsi məqsədilə GEM yerli icra hakimiyyəti orqanları və baytarlıq xidməti ilə koordinasiyalı şəkildə işlər aparır”.