Heyvandarlara sığorta ödənişləri artır

06.08.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda aqrar sığorta mexanizmi nisbətən yeni sahə olsa da, onun tətbiqi kənd təsərrüfatına bir dinamizm, inkişaf gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi olan aqrar sığorta ötən müddətdə özünü fermerlərin və fərdi təsərrüfat sahiblərinin əsl dayağı, himayədarı kimi təqdim etməyi bacarıb. Bütövlükdə isə, bu mexanizmin işə düşməsi ötən müddətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham Əliyevin “Aqrar Sığorta Fondunun yaradılması barədə” 19 avqust 2019-cu il tarixli fərmanı və “Aqrar sığorta haqqında” qanunla tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Ötən müddətdə dövlət güzəşti ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı xeyli artıb. Bugünlərdə isə Aqrar Sığorta Fondu daha bir heyvandarlıq təsərrüfatına inəklərin tələf olması ilə bağlı sığorta ödənişi həyata keçirib. Təsərrüfatına dəymiş zərərə görə sığorta vəsaiti isə Sumqayıt şəhərinin “Yaşıl dərə” adlanan ərazisində fəaliyyət göstərən “Qızıl torpaq-kəndli fermer” MMC-yə ödənilib. Bir müddət əvvəl yoluxucu xəstəlik nəticəsində təsərrüfatda 2 baş inək tələf olub. Baş vermiş hadisə üzrə Aqrar Sığorta Fondu tərəfindən hər bir inəyə görə 4 min 500 manat olmaqla, ümumilikdə, 9 min manat sığorta ödənişi həyata keçirilib.

Hazırda sözügedən təsərrüfatda 60-dan artıq “Holstein” və “Simmental” cinsli inək bəslənilir. Burada heyvanların saxlanılması üçün müvafiq şərait yaradılıb, onlara baytarlıq tələblərinə uyğun qulluq göstərilir. Təsərrüfatdakı bütün cins inəklər Aqrar Sığorta Fondunda sığortalanıb. Qiyməti 5 min manat olan inəklərin hər birinin illik sığortası fermerə cəmi 192 manata başa gəlib. Bu da inəyin qiymətinin cəmi 3,9 faizi deməkdir. İnəklərin tələf olması nəticəsində həyata keçirilən sığorta ödənişi isə sığorta haqqından qat-qat yüksək olub.

“Qızıl torpaq-kəndli fermer” MMC təsərrüfatının nümayəndələri aqrar sığorta mexanizmindən razı qaldıqlarını bildiriblər. Fermerlər digər təsərrüfat sahiblərinə də heyvanlarını sığortalamağı tövsiyə ediblər.

Qeyd edək ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, otdan və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardan sığortalayır. Bu da fermerlərə maliyyə risklərini azaltmağa kömək edir. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarındakı iri və xırdabuynuzlu, ətlik mal-qara kimi müxtəlif kateqoriyadan olan heyvanları sığorta etdirə bilərlər.

Ölkəmizdə dövlət dəstəyi ilə kənd təsərrüfatı heyvanlarının və heyvandarlıq təsərrüfatlarının sığortalanmasına isə 2020-ci ilin noyabr ayında başlanılıb. Bu istiqamətdə ilk aqrar sığorta müqaviləsi Tərtər rayonunun Bəyimsarov kəndindən olan fermerlə imzalanıb. Son rəsmi məlumatlara görə, Aqrar Sığorta Fondu vasitəsilə 2025-ci ilin yekununda ölkə üzrə 6 min 935 baş iri və xırdabuynuzlu kənd təsərrüfatı heyvanı sığorta edilib ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.

Yeri gəlmişkən, son illər bitkiçilik və digər sahələrlə müqayisədə heyvandarlıq sığortası üzrə toplanan illik sığorta haqları sürətlə artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2025-ci ilin yekunlarına görə, heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə fermerlərə, ümumilikdə, 3,5 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.

M.YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью