Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

19.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə heyvanların fərdi identifikasiyasının onların hərəkətinin və sağlamlıq vəziyyətinin izlənilməsində, baytarlıq və epizootoloji nəzarətin effektivliyinin artırılmasında əhəmiyyəti qeyd edilib.

Müzakirələr zamanı identifikasiya və qeydiyyat sistemlərinə riayət olunmasına nəzarət, uyğunluğun monitorinqi və bu sahədə hüquqi mexanizmlərin tətbiqi məsələlərinə də toxunulub. Həmçinin fermerlər və digər sistem istifadəçilərinin prosesə cəlb olunması və identifikasiya tələblərinə əməl etmələrinin təşviqi ilə bağlı yanaşmalar diqqətə çatdırılıb.

Bu sahədə Polşa təcrübəsinin öyrənilməsinin, müasir yanaşmaların tətbiqinin və qarşılıqlı təcrübə mübadiləsinin bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью