Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həzi Həsənli – 70
Sözün rəng və ahəngləri ilə çəkilən obraz və mənzərələr
İstedadlı şair-publisist Həzi Həsənlidən yazmaq üçün nə onun özü ilə görüşüb söhbət etməyə, nə vikipediadan bioqrafiyasına baxaraq, nəyisə dəqiqləşdirməyə, nə də bu vaxta qədər barəsində dərc olunan yazılara göz gəzdirməyə ehtiyac olmayacağını zənn edirdim. Zənnimdə haqlı çıxdım. O, yalan olmasın, bəlkə də sutkanın 24 saatı “feysbuk”dadır. Səhifəsinə daxil olan kimi, həmin an hansı məkanda qərar tutduğu, hansı ovqatda olduğu dərhal bəlli olur.
Məşhur rus yazıçısı Çexovun tez-tez istinad olunduğu üçün çox populyarlaşan deyimi var: “İnsanda hər şey gözəl olmalıdır: siması da, qəlbi də, geyimi də, fikri də”. Həzi Həsənli məhz belələrindəndir. Zərrə qədər şübhə etmirəm ki, 2004-cü ildə 40 yaşında Anton Pavloviç dünyasını dəyiməsəydi və şəxsən Həzini yaxından tanısa idi, bütün 4 əlamətin onda olduğunu etiraf edərdi.
Həzi Həsənli sosial şəbəkələrdə ən çox status paylaşan şəxslərdəndir. Çox vaxt öz fotolarını hansısa gözəl bir təbiət mənzərəsi fonunda təqdim edir. Bəzilərinə elə gəlir ki, onda narsizm əlamətləri var. Mən belə düşünmürəm. Əminəm ki, o, özünü öymək, reklam etmək fikrindən tamamilə uzaqdır. Buna ehtiyacı da yoxdur. Sadəcə, səliqəli və şıq geyimi ilə “fb”dəki dostlarına özünün pozitiv enerjisini ötürməyə çalışır! Demək istəyir ki, həyat çox gözəldir! Hər ötən anın qədrini bilmək, təbiətin və insan qəlbinin gözəllyindən zövq almaq gərəkdir!
Həzi Həsənli, məncə, bu zaman bir şeyi unudur. İçərisində bu sətirlərin müəllifi olmaqla, oxucuların çoxu Həzi müəllimin qələmindən çıxan, qəlblərə həzin bir zəriflik bəxş edən, insanı mənən ülviləşdirən bir-birindən maraqlı oçerk və esselərdən, paylaşdığı gözəl təbiət lövhələrindən heç də az zövq almır. Onun publisistikası olduqca poetik və musiqili, oxunaqlı və təsirlidir. İnanıram ki, onları mütaliə edən hər kəs sonda öz-özünə deyir: necə də gözəl yazıb!
Hələ mən Həzi Həsənlinin publisistik dilinin zənginliyini və axıcılığını demirəm. Onun dilində xalqımızın min illərin sınağından keçən nağıl və dastanlarının, aşıq poeziyasının, folklorumuzun ruhu boy verir. Məndən olsa, onun dilini ədəbi və elmi tədqiqatların obyektinə çevirərəm. Son vaxtlar bəziləri iddia edirlər ki, süni intellekt yaxın gələcəkdə qəzetçilər ordusunu əvəz edəcək. Əsla, mümkün deyil. Heç bir “yapay zəka” Həzi Həsənlinin yazdıqlarının mində birini yaratmaq gücündə deyil!
“Facebook”dan öyrənirəm ki, o, artıq neçə gündür ki, qədim Borçalı elində, gözəl, barlı-bərəkətli Faxralıdadır. Görünür, “yubileyi”ni doğma ata-baba yurdunda, özünə doğma, qəlbinə məhrəm insanlarla birlikdə keçirmək fikrindədir” deyə düşünürəm. Axı, o, düz 70 il bundan əvvəl, 1956-cı ilin 26 avqustunda bu kənddə dünyaya göz açıb, burada orta məktəbi bitirib, hərbi xidmətdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 5 il təhsil alıb. Qəzetlər onun məqalələrini hələ gənc yaşlarından böyük həvəslə çap ediblər. Redaktorlar ilk yaradıcılıq nümunələri ilə tanış olan kimi istedadına “əhsən” deyiblər. Oxucualr onun bütün şablon və traferetlərdən uzaq yazılarını səhrada susuzluqda dil-boğazları quruyan səyyahlar qəfil rast gəldikləri sərin bulaq suyunu başlarına çəkən kimi içiblər.
Onun əmək fəaliyyətinin xeyli hissəsi hazırkı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik etməklə keçib. Burada dərin məsuliyyət hissilə çalışdığı dönəmdə müəssisə mediaya açıq olub, onun özü də bu nəhəng zavodun ölkə iqtisadiyyatında yeri və rolu barədə dəyərli yazılarla mətbuatda çıxışlar edib, telekanallara çox sayda maraqlı və operativ müsahibələr verib. Jurnalist həmkarlarından hazırladıqları reportajlarda zavodda istehsal proseslərinin romantikasını açıb göstərmələrini xahiş edib və onların buna nail olduqlarını görəndə uşaq kimi sevinib.
Qeyd etdiyim kimi, bu yazı ilə bağlı onu, bir neçə gündür ki, “feysbuk”da özündən xəbərsiz izləyirəm. Çoxdan dostluğumda olduğu üçün status və paylaşımları tez-tez qarşıma çıxır. Son statuslarından hiss olunur ki, müvəqqəti də olsa, şəhər həyatının yorucu, usandırıcı vurnuxmasından qurtulub özünü doğma yurda yetirdiyi üçün sevinir. Yazır:
Bakıda nə zamandı
Ömrü yaşa ötürmüşəm,
Yaşı yükləyib ömrümə
Faxralıya gətirmişəm...
Bəli, o, Faxralıya qəlbən, ruhən bağlıdır. Onun yurd, ocaq sevgisi intəhasızdır. Hiss olunur ki, doğma kənddə özünü azad quş kimi, çox rahat və xoşbəxt hiss edir. Ən gözəl şeirlərini də burada yazıb. Kəndin mərd, sadə, xeyirxah insanlarından, öz namus, qeyrət və hünərlərilə milli dəyərlər yaradan həmyerlilərinin böyük bir obrazlar qalereyasını yaradıb. Onun bədii və sənədli qəhrəmanları arasında Faxralının kişi kimi cəsur və ismətli qadınları da az deyil. Bu yazıların böyük əksəriyyəti esse janrında qələmə alınıb və son illər daha çox müəllifə “bir köynək yaxın” olan “Xalq qəzeti”ndə dərc olunub. Mən şəxsən bir oxucu olaraq bu yazıları böyük həvəslə mütaliə edərək hər birindən sonsuz zövq almışam.
Bəli, istedadlı və təcrübəli publisist Həzi Həsənli nə yazırsa, yaxşı yazır, hər bir sözə, hər bir fikrə qəlbinin ən məhrəm duyğuları, hiss və həyəcanlarını qataraq yazır. Bu məqamda onun son illər dərc olunan yazılarından bir neçəsini xatıtlatmağa ehtiyac duyuram. 1980-cı illərin sonlarında AMEA-nın Fizika İnstitutunda Rəşid Əliyev adlı gənc və perspektivli alim çalışırdı. Faxralıdan idi. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə getdi, ağır döyülərdə iştirak edərək qeyrət və cəsarət nümunəsi göstərdi, savaşdan sonra elmi fəaliyyətini davam etdirsə də, bədənində mərmi qəlpələrilə mücadilə apararaq bir neçə il əvvəl dünyasını dəyişdi.
Bu hadisədən çox təsirlənən, Rəşidi uşaqlıq illərindən yaxşı tanıyan Həzi Həsənli qeyrətli eloğlusu haqqında “Xalq qəzeti”nin 31 yanvar 2024-cü il nömrəsində işıq üzü görən “Qazi kimi məğrur, alim kimi qüdrətli...” oçerkini sanki qələmi ilə deyil, ürəyinin qanı ilə yazıb. Rəhmətlik Rəşidin hazırda AMEA-da çalışan alim bacısı Lalə Əliyeva deyir ki, Həzinin çox təsirli, ülvi sözlərlə portretini yaratdığı obraz canlı həyatdakı Rəşidə çox bənzəyir. Telefonda bu barədə danışanda Lalə xanımın birdən-birə duyğulandığını hiss edib söhbəti mümkün qədər tez yekunlaşdırmağa çalışdım. Yazını isə sonra bir daha oxudum. Mükəmməl yazıdır.
Həzi Həsənlinin yenə də “Xalq qəzeti”nin 2026-cı il 16 yanvar tarixli nömrəsində dərc olunan “El ədəbiyyatı xiridarı” məqaləsi görkəmli folklorşünas alim Elxan Məmmədliyə həsr olunub. Gəlin, müəllifin təhkiyə dilinin gözəlliyinə birlikdə diqqət yetirək: “Elxan müəllim Borçalının qədim-qayım ellərindən olan Faxralı kəndində sazın-sözün işığında dünyaya göz açmışdı. Hər dəfə görüşüb ünsiyyət tapanda danışığının axarı boyunca sözündən-söhbətindən ellərimiz boylanırdı. O, bu gün cismən aramızda olmasa da, folklorumuzla, aşıqşünaslıqla bağlı gördüyü işlər könül sərvətimiz kimi ruhumuzun ağuşunda yaşayır”.
Əziz oxucu, sizdə əsla elə təsəvvür yaranmasın ki, Həzi Həsənli təkcə doğma Faxralıdan və faxralılardan yazır. O, Azərbaycanın yaxın-uzaq guşəsini, hər bir kəndini öz kəndi qədər çox sevir. İmişlinin Məzrəli kəndini bir dostunun dəvəti ilə ziyarət etdikdən sonra bu kəndin insanları haqqında elə gözəl bir yazı qələmə alıb ki, bəlkə də, bu mövzuda yazılmış onlarla romandan daha təsirli, dəyərlidir. Mən aşırı mübaliğəyə yol vermirəm. “XQ”-nin arxivini açıb oxuya bilərsiniz.
Faxralıda orta məktəbdə onunla bir sinifdə oxuyan, hətta bir partada əyləşən və aralarında səmimi dostluq münasibətlərinə heç vaxt zərrə qədər xələl gəlməsinə imkan verməyən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov etiraf etdi ki, o, şəxsən Həzi Həsənlinin esselərini oxuyanda fiziki yorğunluğunu unudur, ruhu və qəlbi dincəlir. Əflatun müəllim sonra şəstlə qeyd etdi ki, çağdaş Azərbaycan publisistikasında Həzi Həsənlinin xüsusi dəst-xətti var. İstedadlı publisist Səməd Məlikzadə isə mənimlə bu barədə söhbətində “Həzinin publisistikasının Müşfiqin poeziyası qədər təbii və təsirli” olduğunu söylədi.
Dostum və həmkarım Həzini mən Bakı Dövlət Universitetinin tələbə yataqxanasında qaldığımız illərdən tanıyırdım. O vaxt yataqxanada tələbələr arasında olduqca səmimi ab-hava vardı. Yəqin ki, indi də belədir. Yataqxanada müşahidə etdiyim bir hadisənin heç vaxt unuda bilmirəm. Tələbələrin arasında Fikrət Mursaqulov adlı bir nəfər kor tələbə vardı. Tələbə yoldaşları Fikrətə sonsuz qayğı ilə yanaşır, onu böyük həvəslə universitetə, yeməkxanaya apararaq, heç vaxt yoruldum, usandım demədən qaytarıb gətirir, seminar və imtahanlara da Firkətlə bir yerdə hazırlaşırdılar.
Düşünürəm ki, dünyanın heç bir yerində, heç bir məmləkətdə Qafar, Müzəffər, Mahmud, Qaxdan olan gürcü balası Givi və sair indi adlarını unutduğum etibarlı dostlar olmayıb. Sözümün canı budur ki, Həzi Həsənli dünya işığına qovuşmaq ümidi qeyb olandan sonra ürəyi dözməyib dünyasını dəyişən Firkət Mursaqulov barədə elə gözəl sənədli-publisistik povest (“İşıq əlifbası” adlanan bu kitab 2012-ci idə “Uğur nəşriyyatına çapdan çıxıb) yazıb ortaya qoyub ki, gərək daş ürəkli insan olasan ki, bu əsərin hər sözünü, hər sətrini oxuyub ürəyin ağrımasın, təsirlənməyəsən! Müəllif, təbii ki, əsərdə Fikrətin dostlarının fədakarlığını təsvir etməyi də unutmayıb.
Bu məqamda mütləq qeyd etmək lazımdır ki, Həzi Həsənlinin poeziyası heç də publisistikasından geri qalmır. O, 1980-ci illərin ədəbi mühitində parlayan gənc istedadlı şairlərdən sayılırdı. O vaxtdan ötən illər ərzində “Kəhər at nalı neylər?..”, “Düşüncənin yaşı”, “Ömür körpüləri”, “Siz, ey sevdiklərim...” kimi şeir kitabları ilə oxucularını sevindirib. Şair şeirlərinin birində belə yazır:
Ömrümüz bir sudur axar,
Axar sevdalı-sevdalı.
Ömür axar, su da baxar,
Baxar sevdalı-sevdalı.
Gözlərinin yol yuxusu,
Mürgüləyir lal yuxusu,
Nə şirindir bal yuxusu.
Qoxar sevdalı-sevdalı.
Bu gün Həzi Həsənlinin 70 yaşı tamam olur. O, ömürdən su kimi axıb gedən zamana, bir-birini qovan günlərə, aylara, illərə məhəl qoymadan əvvəlki kimi sonsuz bir şövq və enerji ilə öz gözəl poetik və publisistik şedevrlərini yazıb-yaradır! Bu yazıların hər biri, həqiqətən, son dərəcə təsirli və gözəldir. Nə yaxşı ki, həyatda Həzi Həsənli kimi saf qəlbli, səmimi və istedadlı insanlar var!
Məsaim ABDULLAYEV
XQ