Hibrid təhdidlərə qarşı mübarizədə informasiya savadlılığının və milli kadr hazırlığının rolu ŞƏRH

04.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 fevral, AZƏRTAC

Müasir dövrdə elmi-texniki nailiyyətlərin və rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya istehsalı və istehlakının miqyasını əsaslı şəkildə dəyişdirib. Bu proses bir tərəfdən müxtəlif növ məlumatları əlçatan etsə də, digər tərəfdən fərd və cəmiyyət üzərində güclü informasiya təzyiqləri yaradıb. XXI əsrdə informasiya cəmiyyətinin yarandığını qətiyyətlə demək mümkündür. İnternet, sosial şəbəkələr və süni intellekt əsaslı platformalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal mühit fərdlərin dünyagörüşünü, davranış modelini və mənəvi oriyentasiyalarını formalaşdıran əsas amillərdən biridir. Rəqəmsal mühit və informasiya cəmiyyətinin formalaşması bir tərəfdən müsbət cəhət olsa da, digər tərəfdən bəşəriyyəti müəyyən təhlükələrlə üz-üzə qoyur. Bu mənada çoxşaxəli informasiya vasitələri və bu vasitələrin yaratdığı geniş imkanlar, nəzarətdən çıxmış məlumatlar seli, məqsədli şəkildə yayılan dezinformasiyalar və yekun nəticə olaraq yaranmış xaotik vəziyyət və ideoloji təhdidlər həyəcan təbili çalmağa əsas verir. Bu kontekstdə, Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında bir sıra mühüm mövzularla yanaşı ideoloji təhlükəsizlik məsələsinə toxunması heç də təsadüfi deyil. Prezident bunun dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayev deyib. O bildirib ki, ideoloji təhlükəsizliyin təmin olunması hər bir dövlət üçün vacibdir: “Azərbaycana qarşı ideoloji təxribatlar hər zaman olub və bu gün də davam edir. İdeoloji təhdidlər bir fərdin, qrupun və ya dövlətin siyasi, dini, fəlsəfi və ya mədəni baxışlarının zorla və ya gizli şəkildə başqalarına qəbul etdirilməsi cəhdləridir. Bu təhdidlər cəmiyyətin sabitliyinə, milli təhlükəsizliyə və fərdi azadlığa ciddi təhlükə yarada bilər. İdeoloji təhdidlər məsələsində xarici müdaxilə və hibrid təhdidlərin təsir etdiyi sahələrə və son məqsədlərinə diqqət yetirmək vacibdir. Müasir dövrdə hibrid müharibələr ən təhlükəli təhdid vasitəsi hesab edilir. Dezinformasiya və informasiya əməliyyatları, kiberhücumlar, casusluq, seçkilərə müdaxilə, iqtisadi alətlərlə təsir və təzyiq göstərilməsi, kritik infrastrukturun sabotajı, zərərli ideologiyaların yayılması, din pərdəsi altında aparılan fəaliyyətlər, qeyri-qanuni hərbi birləşmələrin yaradılması, hüquqi vasitələrdən “silah” kimi istifadə, qanunsuz miqrasiya və əqli mülkiyyətin oğurlanması hibrid təhdidlərə şamil edilə bilər. İdeoloji təhdidlərin əsas xüsusiyyətləri kimi bu amilləri qeyd etmək mümkündür: təbliğat və beyin yuyulması, media, sosial şəbəkələr, dini və ya siyasi qurumlar vasitəsilə insanlara müəyyən bir ideologiya aşılanır. Radikallaşma və ekstremizm insanları mötədil fikirlərdən uzaqlaşdıraraq ifratçılığa sürükləyir. Bu, terrorçuluğa qədər gedə bilər. Milli dəyərlərə və suverenliyə xarici və ya daxili qüvvələr tərəfindən yönəldilən ideologiyalar ölkənin milli maraqlarına zidd ola bilər. İdeoloji təhdidlər çox vaxt gizli qruplar və ya şəbəkələr vasitəsilə yayılır. Separatçılıq və millətçilik, bir bölgənin müstəqilliyi və ya üstünlüyü ideyası ilə yayılmış ideologiyalar milli birliyi təhdid edə bilər”.

Elnur Mustafayev qeyd edib ki, hibrid təhdidin çoxşaxəli növlərinə qarşı mübarizənin özünəməxsus yolları var. Bu mübarizə yolları təhdidlərin xarakterinə, o cümlədən ölkələrə, dövrə və cərəyan edən qlobal proseslərə görə dəyişə bilər: “Həmçinin hibrid təhdidlərin mürəkkəbliyi onlara qarşı mübarizədə effektiv üsulların düzgün seçilməsi və tətbiqi məsələsində diqqətli olmağı tələb edir.

Maarifləndirmə və tənqidi düşüncə bacarığı ilə insanlar informasiya mənbələrini təhlil etməyi və müxtəlif fikirləri qiymətləndirməyi öyrənməlidir. Milli-mənəvi dəyərlərin gücləndirilməsi bacarığı ilə gənclər arasında vətənpərvərlik, tarix və mədəniyyət sevgisi təşviq olunmalıdır. Dini və siyasi maarifləndirmə, sağlam dini, ideoloji təlimlər vasitəsilə radikal baxışlardan qorunma təmin edilə bilər. Kibertəhlükəsizlik və sosial media nəzarəti ilə zərərli ideoloji təbliğatın yayılmasının qarşısı alınmalıdır. İşsizlik, təhsil çatışmazlığı və sosial bərabərsizlik kimi problemlər ekstremizmin yayılmasına zəmin yaradır.

Azərbaycanda ideoloji təhdidlər müxtəlif formalarda mövcuddur və onlara qarşı həm dövlət, həm də vətəndaş cəmiyyəti tərəfindən sistemli tədbirlər görülür. Bu təhlükələrə qarşı ayıq-sayıq olmaq, milli-mənəvi dəyərlərə bağlılıq və sağlam informasiya savadlılığı cəmiyyətin qorunmasında əsas rol oynayır.

Dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin ideoloji mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən milli kadrların hazırlanması olduqca vacib məsələdir. Belə milli kadrların fəaliyyəti nəticəsində ölkəmiz radikalizmdən, xurafatdan daha çox sığortalanmış olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью