525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zambiyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Hakainde Hiçilema yenidən qalib gəlib.
525.az xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyası açıqlama yayıb.
O, səslərin 61,4 faizini (2,96 milyon nəfər) toplayıb. Əsas rəqibi, müxalifət liderlərindən biri Brayan Mundubile isə səslərin təxminən 38 faizini əldə edib.
Hazırkı prezident səslərin 50 faizindən çoxunu topladığı üçün seçkilər birinci turda başa çatıb və ikinci turun keçirilməsinə ehtiyac qalmayıb.
Hiçilema 2021-ci ildən Zambiyaya rəhbərlik edir. O, 2006-cı ildə siyasətə qoşulub və beş dəfə prezidentliyə namizədliyini irəli sürsə də qalib gəlməyib. 2021-ci ildə altıncı dəfə seçkilərdə iştirak edib və qələbə qazanıb. Seçkilərdə onun əsas rəqibi o vaxtkı prezident Edqar Lunqu olub.
Hiçilema 2023-cü ilin iyun ayında Rusiya-Ukrayna münaqişəsinin həlli təklifi ilə Ukrayna və Rusiyaya səfər edən Afrika liderlərindən ibarət nümayəndə heyətinin tərkibində olub.
Bu qrupa, həmçinin Cənubi Afrika, Komor adaları, Seneqal prezidentləri, Afrika Birliyinin o vaxtkı rəhbəri, Misirin Baş naziri, Konqo və Uqanda prezidentlərinin xüsusi nümayəndələri daxil idi. O, hər zaman müharibənin əleyhinə çıxıb və Zambiyanın münaqişənin nəticələrini birbaşa hiss etdiyini, ökədə yanacaq, ərzaq və gübrə qiymətlərinin artdığını deyib.
Zambiya Afrikanın siyasi cəhətdən ən sabit ölkələrindən biridir. 1964-cü ildə müstəqillik qazandıqdan bəri heç bir vətəndaş müharibəsi, hərbi çevriliş və ya dövlət başçılarına qarşı sui-qəsdlər törədilməyib, seçkilərdən sonra hakimiyyət keçidləri həmişə dinc olub. Buna baxmayaraq, Afrikanın ən kasıb ölkələrindən biri olaraq qalır. Hiçilemanın ilk prezidentlik müddətində Zambiyada müəyyən iqtisadi artım qeydə alınıb.
Pərvanə Sultanova