Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulub, uşaq hüquqlarının müxtəlif aspektlərini özündə əks etdirən qanunlar qəbul edib. Milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülüb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
Komitə sədri sənədin bir çox mühüm yenilikləri ehtiva etdiyini bildirərək deyib: “İlk növbədə, layihədə əsas anlayışların təsbitidir. Belə ki, 11 anlayış ayrıca maddədə hüquqi təriflərlə təsbit edilib, “uşağın üstün mənafeləri”, “erkən evlilik”, “sosial reabilitasiya”, “zorakılığın formaları”, “cismani cəza” kimi anlayışlar normativ çərçivəyə salınıb. Bu, hüquqi tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından çox vacibdir”.
Hicran Hüseynova uşağın üstün mənafelərinin ayrıca maddədə konkret təminatlarla müəyyən edildiyini qeyd edərək uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılmasının, uşağın fikrinin öyrənilməsinin, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsinin məcburi hüquqi öhdəlik kimi təsbit olunduğunu bildirib. Bu, beynəlxalq hüquqda qəbul edilmiş “uşaqların üstün mənafeləri” prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir.