Hidayətə fəxri ad verilsə, hamımız istefa verib gedəcəyik

06.02.2026

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

“Boz kardinal”ın “kardinallıq” azarı”…

Yaxud

Siz kimsiniz, R. Mehdiyev?

(Əvvəli ötən saylarımızda) 

Bizim danışığımızı, ona yalnız həqiqəti əks etdirən sərt sözlərimi yazmaq istəmirəm. O telefon zəngindən sonra  əmin oldum: təqiblər davam edir və edəcək!. Ona görə daha çox işləmək lazımdır. Belə şəraitdə, belə münasibətlər zəminində başladım işləməyə. Bir daha vurğulayıram:  Dövlət Komitəsinin və ümumiyyətlə, din sahəsində saysız-hesabsız problemlərin necə üsulluca həlli barədə danışmaq istəmirəm. Ancaq bu problemlərin həllinə mane olmaq nə deməkdir?

Təqib-təqib dalınca, qərəz-qərəz ardınca. Dövlət müşaviri postunda da, Dövlət Komitəsində də... Mənsə heç nəyə fikir vermədən təqiblərin, qərəzlərin üstüylə addımlayırdım. Dövlət Komitəsində də işlər tamamilə yenidən quruldu. İxtisaslı gənc kadrlar cəlb olundu. Yeni təyin olunanlar yalnız BDU-nin İlahiyyat fakültəsinin məzunları idi. Onlardan öncə işləyənlərin əksəriyyəti xarici ölkələrdə təriqətçi yönlü təhsil almışlardı və o ölkələrin gerçəklərini ölkəmizdə də yaymaqda maraqlıydılar.. Mən orda işə başlayanda  Dövlət Komitəsində cəmi 42 ştat vahidi vardı. Qısa vaxtda səksən neçəyə çatdırıldı. Yalnız mərkəzi aparat deyil, bölgə şöbələri möhkəmləndirildi. Baş nazir Artur Rasizadə mənə dedi ki, onun uzun illər yüksək dövlət qulluğu təcrübəsində ilk dəfə görür ki, nazirliyin, ya dövlət komitəsinin ştat vahidləri qısa vaxtda yüz faizdən çox artırılır. Artur müəllim dövlət işində digər müsbət keyfiyyətləri ilə birlikdə, qənaətcil Baş nazir idi, Dövlət Komitəsinin ştatlarının artırılmasının vacibliyini dəqiq anlayırdı. Ecazkar Bakı memarlığının incilərindən olan Dövlət Komitəsinin binası  qədim tarixində ilk dəfə olaraq əsaslı təmir olundu, bura gələn yalnız xaricilər deyil, öz vətəndaşlarımız da xoş heyrətlərini gizlətmirdilər. Hərtərəfli iş gedirdi, qlobal problemlərdən başlamış, kiçik detallaracan heç nə diqqətdən kənarda qalmırdı. Ölkəmizdəki dini durum artıq millətlərarası unikal xoş münasibətlər sistemi kimi dünyaya yayılırdı... Mən qeyd etdiyim bu faktlar həm Dövlət Müşaviri xidmətində, həm də Dövlət Komitəsində o vaxtlar görülən işlərin heç yüzdə biri deyil.

Ancaq sonsuz təqiblər də, qərəzlər bu yazdıqlarımın heç yüzdə biri deyil. Bu məqamda bir epizodu xatırlatmamaq mümkün deyil: 2009-cu ilin avqustunda Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin anadan olmasının 60 illiyi yubileyi idi. Sadalamaq istəmirəm, yalnız onu deyim ki, Dövlət Komitəsi bütün təşkilati işləri yüksək səviyyədə həyata keçirdi. Yubiley öncəsi bildirildi ki, yubiley tədbirini mən aparmalıyam. “Gülüstan” Sarayında tədbirin başlamasına bir saat qalmış mənə bildirildi ki, tədbiri gözəgörünməyən, yalnız səsi eşidilən diktor aparacaq, daha doğrusu, çıxış edənlərin adlarını bəyan edəcək. Sağ-salamat insanın (Allah uzun ömür versin!) yubileyini səhnə arxasından radio ilə aparmaq? Kim belə aparıcılıq görüb? Əminəm ki, heç kəs! Əminəm ki, bundan sonra da görməyəcəyik!. Mehdiyevsayağı yanaşmadır. Əsas məqsəd Hidayət Orucovun səhnədə görünməməsidir! Qərəzini, təqibini bununla da soyutmadı.
Bazar günüydü, yubileydən yüksək qonaqları yola salandan sonra bir az dincəlmək, özümə gəlmək istəyirdim. Müvafiq yerə vacib bir məsələ üçün hökumət telefonu ilə zəng çalmalıydım, gördüm telefon işləmir. Prezidentin İşlər İdarəsinin müdiri Oqtay Şahbazova zəng çalıb telefonun işləməməsinin səbəbini soruşdum. Dedi: “Dünən Ramiz Mehdiyev zəng çalıb əmr etdi ki, Hidayət Orucovun evindəki hökumət telefonunu kəsin”. Dünən? Şeyxülislamın yubileyinin ertəsi günü. Bu da yubileyin hazırlanmasına sərf edilən azı üç ayda zəhmətimin “mükafatıydı”.

Məsələ tam aydın olsun deyə bir az önə dönməliyəm. On dörd il Dövlət müşaviri işlədiyim müddətdə evimdə həmişə hökumət telefonu olub. Prezident məni Dövlət Komitəsinə sədr təyin edəndə soruşdu:
-  Dövlət müşavirinin Dövlət Komitəsinin sədrindən nə üstünlükləri var? Maaşda və sairə...

Dövlət müşavirinin maaşı sədrə nisbətən yuxarı idi. Onu demədim.

- Evimdə hökumət telefonu var – dedim.

- O elə Dövlət Komitəsidir ki, indiki halda sədrin evində də hökumət telefonu lazımdır. Oqtay Şahbazova deyin ki, nə var – hamısı qalır.
Mən də Oqtay Şahbazova dedim. Sədr postumda evimdə üç ildən çox hökumət telefonu oldu. Hətta yay aylarında bağda yaşayanda hökumət telefonunu ora köçürdülər. Və evdə hökumət telefonu həm dövlət müşavirinə, həm də dövlət komitəsinin sədrinə çox gərəkli idi – o telefonla gecələr Ulu Öndərə də, cənab Prezidentə də məruzələr etmişəm. Onlar da mənə zəng çalıblar… Lakin Mehdiyevin qərəzi heç nəyə baxmırdı, hətta Prezidentin tapşırığı ilə evimə qoyulan hökumət telefonunun götürülməsinə də.

Mehdiyev Aparatın özündə mənə qarşı qrup formalaşdırmışdı. Bu yazıda iki yerdə onlar haqqında adlarını çəkmədən qeydim oldu, bu yazını oxuyanda özlərini ap-aydın görəcəklər.

Dövlət Komitəsinin ölkədə dinin siyasiləşməsinin qeyri-ənənəvi, zərərli təriqətlərin yayılmasının, radikal qrupların fəaliyyətinin qarşısının alınmasında, digər təxirəsalınmaz problemlərin həllində, gördüyü səmərəli işlər, həyata keçirdiyi məqsədyönlü fəaliyyət “sevimli köməkçini” qətiyyən qane etmirdi. Mehdiyev Prezident Aparatının iki-üç şöbə müdirlərinin, uyğun nazirlərin iştirak etdikləri müşavirələrdə dini durumla bağlı məsələ müzakirə olunanda fəaliyyətimi qaralamaq üçün mütləq ona söz verirdi. O “vəzifəsini” canla-başla icra eləmək üçün dəridən-qabıqdan çıxırdı. Əlbəttə, mən çıxış edib onun uydurmalarını yerli-dibli təkzib edirdim.  Mehdiyevin dini duruma həsr etdiyi müşavirələrdən söz düşmüşkən – o 6 ildə üç dəfə belə müşavirə keçirdi, üçündə də istəyinə nail ola bilmədi. Yaxın ətrafında olan üç-dörd nəfərdən başqa haqsız, əsassız ittihamlara qarşı etiraz edənlər də vardı. Ona ən yaxın şöbə müdirlərindən biri mənə dedi ki, hər dəfə Milli Təhlükəsizlik naziri çıxış edəndən sonra müşavirənin “məqsədi”, istiqaməti Sizdən uzaqlaşır. Milli Təhlükəsizlik naziri dini durumun problemlərini bilirdi və əmin idi ki Dövlət Komitəsinin məqsədyönlü fəaliyyətinin  alternativi yoxdur. Daxili İşlər nazirinin də belə haqsız ittihamlara mənfi münasibəti üzündən oxunurdu. Baş prokuror isə... Mehdiyevi, sevimli köməkçisini dəstəkləmək üçün faktsız-filansız ədalarla danışırdı.

Belə yüksək vəzifəlilərin iştirakı ilə keçirilən müşavirədə köməkçiyə söz vermək hansı dövlət protokoluna uyğundur? Bu barədə bir az sonra. 

Dinin siyasiləşməsi üçün əllərindən gələni edirdilər, Dövlət Komitəsinin ciddi nəzarəti sayəsində heç nəyə nail olmadıqlarından mənə qarşı aşıq-aşkar şantaja keçirdilər. Prezidentimizin başçılığı ilə apardığımız düzgün milli siyasətə qarşı olan və mənə açıq-aşkar qarşı çıxan adamlar da aktivləşirdi. Elə o “aktivlərin” təşəbbüsü ilə Mehdiyevin yanında iki şöbə müdirinin və mənim iştirakımla görüş keçirildi. Üç saata yaxın çəkən fasiləsiz görüşdə mən əsassız ittihamları rədd etməklə yanaşı, onların üçünü də kəskin tənqid etdim, sevimli köməkçinin antimilli və antidövlət fəaliyyətini də əsaslı faktlarla açıqladım. Mehdiyev köməkçisini çağırdı, o, ayaq üstə iki-üç yalan uydurandan sonra Mehdiyev nə desə yaxşıdır?

- Get, mən sənə inanıram!

- Onda böyüdün vəzifəsini – istehza ilə söylədim. 
Çox keçmədən həqiqətən böyütdü: şöbə müdiri elədi. Mətbuatda da məktubları, telefon danışıqları çap olunub: “Feto “başkanına” şad xəbər kimi, fərəhlə yazırdı: “Mənim “görəvim” indi böyüyüb”. Onu da xüsusilə qeyd edirdi: “İndi bəzi məsələləri telefonla açmıram, eşidərlər, köməkçiniz vasitəsilə sizə çatdıracağam”. 

Telefon danışığının dinlənilməsindən çəkinirdi. Nəyi çatdıracaqdı?

Mehdiyev isə… Elə mətbuatda çap olunan varidatı, satış çıxardığı mülkləri haqqında məlumatlar, göstərilən rəqəmlə, qiymətlər qəzet səhifələrinə sığmır, azı yüz milyonlarla manata çatır. Hələ ailə üzvlərinin var-dövləti üstündə keçirilən məhkəmə çəkişmələrində səslənən rəqəmlər iddialar, faktlar… Mənim isə… Azərbaycanın şəhərlərini küçəbəküçə, kəndlərini məhəllə-məhəllə gəzsin, dünyanın hər yerini soraqlasın, heç olmasa bircə kiçik qəzet köşkümü axtarsın…Tapa bilməzlər axı! Çünki yoxdur! Yoxdur!! Yoxdur!!!

Bütün təqiblərə, qərəzlərə, məkrli münasibətlərə baxmayaraq, Dövlət Komitəsi öz işindəydi. Ölkədə dini durum – sabitlik, etiqad azadlığı ideal vəziyyətdəydi. Altı il gərgin zəhmətdən sonra axır ki, bir az dincəlmək vaxtıydı. 2012-ci il may ayının 30-da PA-nın şöbə müdiri ilə görüşdüm. Söhbətimizin əvvəlində heç gözləmədiyim halda dedi: “Rəhbərlik Sizin işinizdən çox razıdır”. 

“Mehdiyev də?” – istehza ilə soruşdum. Susdu. Söhbətin yönünü dəyişdi. Bir az başqa mövzularda danışandan sonra dedim:

- Mən gələn ayın axırlarında məzuniyyətə çıxmaq istəyirəm. Bilirsən ki, Dövlət Komitəsinə gedəndən sonra məzuniyyətdə olmamışam. Şükür, vaxtı gəldi – çatdı.

- Əlbəttə, - dedi – ancaq Prezidentə bir ərizə yazın. Qayda belədir – dedi – hökumət üzvləri – hamısı yazırlar. 

Ayrıldıq.

Ərizə yazmağa hələ vaxt vardı...

Ertəsi günü – mayın 31-də günortadan sonra mənə telefon açdı:

-  Dövlət Komitəsinə yeni sədr təyin olunub. Saat 5-də gəlirik təqdimata.

Heç soruşmadım kimdir? Bəs dünənki söhbətimiz?

Cümə axşamıydı:

-Təqdimatı saxlayın bazar ertəsinə. Mən yığışmalıyam. On dörd il Dövlət müşavirliyi kabinetində nə vardısa, gətirmişəm bura. Kitablar, əlyazmalar, şəxsi əşyalar...

- Prezidentin Sərəncamı bu gün icra olunmalıdır.

- Yaxşı – dedim.

Haqq-ədalət tapdananda Prezidentin Sərəncamı “dada” çatır.

Gəldi. Kollektiv nə desən gözləyirdi, bircə bundan başqa. Hamı şok içindəydi. Şöbə müdiri vəziyyəti görüb çox tutuldu, həyəcanla dedi: “Hidayət müəllim, komanda qalır, təşəkkürlər, Dövlət Komitəsində çox işlər gördüz...”. 

Mən çıxış edib cənab Prezidentə minnətdarlığımı bildirdim...

İki gün sonra şöbə müdiri mənə zəng çaldı: “Səfərə gedirəm, bir həftə sonra dönəcəyəm. Siz də yorulubsunuz, bir az dincəlin, tezliklə yeni təyinatınız olar...”

İyunun 5-də isə Prezidentin sərəncamı yayımlandı: “Dövlət orqanlarında uzun illər səmərəli fəaliyyətinə görə AR Prezidentinin təqaüdü verilsin”.  Mən Dövlət Komitəsindən ayrılandan beşcə gün sonra. Yəni iş məsələsi birdəfəlik qapandı. 
Mehdiyev işini belə düzüb - qoşmuşdu. Ancaq neçə il qabaq məni Milli Ensiklopediyaya yola salmaq istəyəndə Mehdiyevə elə - belə deməmişdim: “Havaxt burdan getsəm, bir həftə şəhəri payi-piyada gəzib dolaşacağam və hamının gözünə düz baxacağam!”. Elə də etdim: tanımadığım adamlar mənə yaxınlaşıb xoş sözlər deyirdilər, hətta sükan arxasında əyləşənlərdən avtomobili saxlayıb “hara lazımdır aparım” – təklifi edənlər də vardı. Buna görə də çalışırdım avtmobil yoluna yaxın olmayım.

Əvvəlcədən nəzərdə tutulmuş “məzuniyyəti” təxirə salmadım. İyun ayının sonlarında xanımım və oğlumla birlikdə Karlovı-Varıya getdik.

Yaşıllıq ağuşunda addımlaya-addımlaya, mineral sulardan içə-içə bir naçar sual içimdə dolanırdı, məni rahat buraxmırdı: bundan sonra nə edəcəyəm? Bəlkə nə qədər Mehdiyev vəzifəsindədir – Azərbaycanda yaşamayım?.
Çalışırdım - xanımım da, oğlum da bunu hiss etməsinlər. Yox, deyəsən bu sual onları da yorurdu, onlar da çalışırdılar - nə düşündüklərini mən hiss etməyim. Müvəqqəti də olsa Mehdiyev vəzifədədir. Prezident təqaüdü alsam da, ölkəmdən kənarda yaşamağıma bəs eləməz. Mənzil, ailə... Bəlkə ailəm də o barədə düşünürdü? Ancaq dediyim kimi düşüncələrimizi mən onlarda gizləyirdim, onlar da -məndən. O vaxtacan 45 il məsul, yüksək vəzifələrdə olmuşdum. Onun 20 ili -Dövlət müşaviri və Dövlət Komitəsinin sədri. Belə yolları keçə bilən çoxlarından fərqli olaraq yalnız maaşım və qonorarımla yaşamışdım. Siyasi və sonralar diplomatik vəzifələrdə işləyəndə isə qonorar cüziləşmişdi… Bunlara görə təəssüflənmirəm, qürur duyuram. Xoşbəxtlikdən ailəm də həmişə belə düşünüb!

Karlovı-Varıda ilk günlər... Bir səhər yenə yaşıllıqlarla, çeşmələrlə görüşmək, bu düşüncələrin ardını yaşamaq üçün otaqdan çıxmaq istəyəndə telefonum zəng çaldı: Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov idi. Salamdan - kəlamdan dərhal sonra mətləbə keçdi:

-  Cənab Prezident Sizə Qırğız Respublikasına fövqəladə və səlahiyyətli səfir getməyinizi təklif edir.

Eşitdiklərim o qədər gözlənilməz idi - dərhal cavab vermək... Üç - dörd saniyə keçməmiş əlavə etdi:

- Əgər ürəyinizcə deyilsə, başqa ölkə təklif oluna bilər.

- Mən Azərbaycanın və cənab Prezidentin əsgəriyəm! – dedim – özü hara məsləhət bilirsə, hazıram. Təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

Sağollaşdıq.

Nahardan azca keçmiş yenə Novruz müəllimin zəngi gəldi. Bu dəfə fərəhi sanki telefon xəttinə sığmırdı.

-  Cənab Prezidentə məruzə etdim. Çox məmnun oldu. Dedi: “Mən elə belə də bilirdim!”. Xarici işlər nazirinə göstəriş verdim ki, aqreman sənədlərini hazırlayıb göndərsinlər.
Prezident məni dekabrın 21-də qəbul etdi. Əlli dörd dəqiqə çəkən görüşümüzdə (mən iki dəfə saatıma baxdım, axı, bilirdim ki Dövlət Başçısının yeni təyin olunan səfirlə söhbəti 15-20 dəqiqədən çox çəkmir) Qırğızıstan, yeni vəzifəm barədə ikicə sadə, cəmisi üç sözdən ibarət cümlə səsləndi. Prezident mən otağa daxil olanda təbəssümlə dedi: “Bəli, Qırğızıstan sizi gözləyir!”. Qəbulun sonlarında isə təəssüflə - “orda səfirlik yoxdur” – söylədi. Vəssalam. Mənim təşəkkürüm, etimadı doğruldacağım vədim beş-altı dəqiqədən çox çəkmədi. Və Prezident mənə qarşı yumşaq desəm, qərəzlərdən, məkrlərdən danışdı, iki dəfə söylədi ki, “kampaniya” demək istəməzdim”(ali mədəniyyətinə görə belə deyirdi, ancaq sözaltı mənası - əsil kampaniya idi, sonsuz qərəzli, nəhayətsiz məkrli! Elə məsələlərdən danışdı ki, heyrətimi gizlətmək çox çətin idi: “Bunları hardan bilir?!”.
Mən 9 il ölkəmizin Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri oldum, bu müddətdə həm də ölkə rəhbərimizin, həm də çalışdığım ölkənin liderlərinin (bu müddətdə orda 3 Prezident dönəmində işlədim) fəaliyyətimə dəfələrlə yüksək qiymətlərini qeyd etmək istəmirəm, təkcə onu deyirəm ki, həmin müddətdə möhtərəm Dövlət Başçımızın Sərəncamı ilə 2014-cü ilin ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı”, 2019-cu ildə ikinci dərəcəli “Dövlətə xidmətə görə” ordeni, diplomatik fəaliyyətdən dönəndən  az sonra isə... “Heydər Əliyev - 100” yubiley medalı ilə təltif olundum. 

Çalışdığım ölkə də ordakı fəaliyyətimi yüksək dəyərləndirdi: bir sıra yüksək mükafatlarla yanaşı, fəaliyyətim başa çatanda “Qırğız Respublikasının Nazirlər Kabinetinin Fəxri Fərmanı” ilə təltif olundum. Bu yüksək mükafat qardaş ölkədə çalışmış səfirlərə ilk dəfə verilirdi.

Təvazökarlıqdan uzaq düşdüyümü sanmayın. Bu abzası Mehdiyevin diqqətinə çatdırmaq üçün qeyd elədim. Onu da qısaca deməliyəm: mən uzaq Bişkekdə çalışanda da Mehdiyev öz “ənənəsindən” dönmürdü, imkanı daxilində fəaliyyətimə mane olmağa çalışırdı. Amma gücü çox məkrinin icrasına çatmırdı. 

Mehdiyev yalnız siyasi vəzifə fəaliyyətimlə deyil, bədii yaradıcıllığımın, haqqımda yazıların çapının, mükafatlandırılmağın qabağını kəsmək üçün nəyə desən əl atırdı, hətta başqalarını şərləməkdən də çəkinmirdi. Bircə epizodu deyəcəyəm: 2007-ci ildə teatr ictimaiyyəti israsla fəxri ada təqdim olunmağım üçün məni məlumatlandırdılar. Dedim: “Tələsməyin, siyasi vəzifə olduğum üçün məsləhətləşməliyəm. Mehdiyevə dedim. Dedi: “Baxarıq…”. İki-üç gün sonra söylədikləri: “Yazıçılar Birliyində çoxu deyir ki, əgər Hidayətə fəxri ad verilsə - hamımız istefa verib gedəcəyik”. Gülünc, çox gülünc və uydurma. Amma başım çox qarışıq idi, “ABŞ-a səfərim ərəfəsindəydi, yüksək kürsüdən çıxış, çoxsaylı görüşlərə hazırlıq. Elə həmin günü Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu (Allah rəhmət eləsin) xahiş etdi ki, onu bir vacib məsələ üçün qəbul edim. Gəldi, söhbətarası bunu da ona dedim. Çox təəccübləndi, “hər şeyə inanmaq olar, bircə bundan başqa!” Anar müəllim on gündür səfərdədir, bu əcaib bəyanatı kim verə bilər?. Anar səfərdən qayıdan kimi mənə telefon açanda İstanbulun hava limanındaydım, Nyu-Yorka uçan təyyarəyə əyləşməyə hazırlaşırdım. Salamdan dərhal sonra: “Hidayət, siz inanırsınız ki, Birliyin hər bir əməkdaşı, rəhbərliyi demirəm hələ, sizin haqqınızda elə söz desin?”. “Yox, inanmıram, yalnız Yazıçılar Birliyində çalışanları demirəm, Birliyin çoxminli üzvləri də belə deməz”.
Yazıçılar Birliyi ondan sonra iki dəfə məni fəxri ada təqdim etdi, ikisi də Mehdiyevin “arxivinə” göndərildi.

Hamıya məlumdur ki, mən Vəzirovun, Mütəllibovun Ulu Öndərə qarşı açıq-aşkar siyasəti dönəmində onu mətbuatda ardıcıl, qətiyyətlə dəstəkləmişəm. Bu dəstək həm də çox təhlükəliydi. İndi o barədə açıq danışmaq istəmirəm. Mehdiyevdə isə qərəz, məni təqib ehtirası o qədər güclüydü ki, Ulu Öndər əbədiyyətə qovuşandan sonra da mənim bu mövzuda yazılarımın çapına qadağa qoyurdu. 2004-cü ilin əvvəlində qələmı aldığım, Ulu Öndərin dahiyanə fəaliyyətinə, erməni qısqanclığından, cənab Prezidentin alternativsiz siyasətindən bəhs edən “İrəvana 7 məktub” essemi “Azərbaycan”  qəzeti dərc eləmədi. Esse kitab şəklində orijinalda və rus dilində çap olundu, yenə də təvazökarlıqdan uzaq olmasın – ciddi maraq doğurdu.  Yaxud xalqımıza qarşı yüz illər boyu  hazırlanmış erməni təcavüzünün qaranlıq səhifələrini açan “İrəvanda xal qalmadı” pyesimi Akademik Milli Dram Teatrımız dövlət sifarişi kimi yüksək səviyədə səhnəyə hazırlasa da, tamaşanı bədii şura yekdil, birmənalı, yüksək səviyyədə qəbul etsə də (əsərdə Ulu Öndərin də bədii portreti əks olunmuşdu), hətta tamaşanın premyerası günü təyin olunsa da, Mehdiyevin əmri ilə qəflətən dayandırıldı. Bəlkə bu yazıda artıq haqqında danışdığım “Bu dünyanın adamları” tamaşasının uğurlarının təkrarlanmasından ehtiyatlanırdı? Axı, o tamaşa Akademik Milli Dram Teatrında 116 dəfə göstərildi. Yetmişinci illərdən sonra teatrlarımızda belə hadisə olmamışdı. O əsər Səməd Vurğun adına Rus Dram Teatrında, ölkəmizin başqa teatrlarında, Ankaranın Bələdiyyə Teatrında, Bişkekin Rus Akademik Dram Teatrında da uğurla tamaşaya qoyuldu.
2014-cü ildə mətbuatda mənim bir müsahibəm çap olundu. Başlığı beləydi – “Son iyirmi ildə məni göydə Allah, yerdə Ulu Öndər Heydər Əliyevlə, Prezident İlham Əliyev qorudular”. Müsahibə Mehdiyevi qəzəbləndirmişdi, hətta iclas etdiyi media orqanlarının rəhbərlərinə ciddi “iradını” gizlətməmişdi. Bu barədə mənə həmin müşavirənin iştirakçısı bildirmişdi. Hələ bu harasıdır...

2019-cu ildə hələ də Bişkekdə olanda iş başımdan aşsa da, Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziya kanalında peyda olan Ə.Vəzirovun sayıqlamaları, Ulu Öndər barədə şərlərinə, böhtanlarına münasibət bildirilməməsi məni rahat buraxmırdı. Vəzirov o efirə elə-belə görünmürdü. O günlərdə bir qrup Bakıda mitinqə çıxmışdı... Vəzirov son dəfə televiziya ekranında ondan 27 il öncə görünmüşdü – 20 Yanvar qətliamının iki illiyində, əvvəlki hətərən-pətərən ampulasında. Yazmaya bilməzdim.

“Ə.Vəzirova açıq məktub”um o illərdə populyar olan “Yeni fikir” qəzetində (23 yanvar, 1992) dərc olunmuşdu. Məktubda deyilənlər milyonların ürəyincə olsa da, məni təqib edən rəsmi rəhbər işçilər də az deyildi. Vəzirovun vəzifələrə təyin etdiyi, qətliama yol verilməməsi istiqamətində heç bir əməli fəaliyyəti olmayanların  çoxu hələ  öz əvvəlki rahat qoltuqlu stullarında, Ayaz Mütəllibovun yaxın ətrafındaydılar. Bəs 2019-cu ildə? Ağlabatmaz susqunluq nə üçün idi?  Prezident Aparatının bir yüksək vəzifəlisi ilə danışdım. Heç nə dəyişmədi. Və məcbur oldum özüm yazım. 1992-ci ilin əvvəllərində çap olunmuş məktubu olduğu kimi, bir sözünə, nöqtəsinə, vergülünə əl vurmadan, 27 il sonrakı P.S əlavəsi ilə: P.S-in adı – “Şər qazanı!”. Məzmunu haqqında danışmaq istəmirəm – adından bəllidir. Məktub azı üç-dörd populyar qəzetdə dərc edildi. Bəs münasibət? Mehdiyev hər həftə keçirdiyi baş redaktorların müşavirəsində həmin qəzetlərin baş redaktorlarına ciddi “irad tutub” ki, Hidayətin yazısını niyə dərc edibsiniz. Bu da azmış kimi  - o müşavirədən az sonra Mehdiyevin mənə qarşı qərəzinin, məkrinin  icrasında onun sağ əli olan “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov hansısa kənddə çıxan bir qəzetdə “Məktub”un adını çəkmədən mənim haqqımda hədyanlar yazdı. Elə yalanlar, böhtanlar idi ki, şər qazanında bişmiş “Respublika”da dərc etməyə qorxmuşdu.

(davamı növbəti saylarımızda)

Hidayət Orucov,

Sabiq dövlət müşaviri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью