Hikmət Ərən: Ermənistan keçmişlə üzləşmə cəsarətini nümayiş etdirməlidir

20.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Antalya, 20 noyabr, AZƏRTAC

Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və etimadın bərqərar olması təkcə siyasi sazişlərin imzalanmasından və ya sərhədlərin demarkasiyası proseslərindən deyil, həm də hər şeydən əvvəl keçmişin dərin humanitar yaralarının sağalmasından asılıdır. Birinci Qarabağ müharibəsindən otuz ildən çox müddət keçsə də, təxminən 4 min Azərbaycan vətəndaşının taleyinin qeyri-müəyyən qalması, regionumuzda ən dərin və təcili həllini gözəyən humanitar problemlərdən biridir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin EkoAvrasya Fondunun idarə heyətinin sədri Hikmət Ərən səsləndirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq və Cenevrə Konvensiyaları silahlı münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin araşdırılmasını, kütləvi məzarların yerlərinin açıqlanmasını və ailələrin həqiqəti bilmək hüququna hörmət edilməsini əsas öhdəliklər kimi müəyyən edir.

H.Ərən qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti otuz ildən artıqdır ki, bu istiqamətdə beynəlxalq hüquq əsaslı, ədalətli və konstruktiv mübarizə aparır. Bununla belə Ermənistan hökumətinin beynəlxalq ictimaiyyətə humanitar əməkdaşlığa və dialoqa hazır olduğu barədə verdiyi mesajlarla əməli addamları arasında dərin və düşündürücü ziddiyyət müşahidə olunur.

“İrəvanda keçirilən “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans zamanı səslənən açıqlamalar bu qeyri-səmimiliyin və ikili standartların ən konkret göstəricisidir. Tədbirdə itkin düşmüş minlərlə azərbaycanlıların məsələsinə toxunulmaması mövzunun təktərəfli siyasi manipulasiya alətinə çevrildiyini açıq şəkildə orata qoyub”, deyən EkoAvrasya Fondunun rəhbəri, işğaldan azad edilən Qarabağ ərazilərində aşkar olunan çoxsaylı kütləvi məzarlıqların faciənin miqyasına dəlalət etdiyini bildirib.

O qeyd edib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrinə və kütləvi məzarlıq yerlərinə dair məlumatlara sahibdir: Buna görə də, məsələ informasiya çatışmazlığı deyil, birbaşa siyasi iradə və humanitar məsuliyyət çatışmazlığıdır. Bölgədə real normallaşma və mehriban qonşuluq münasibətlərindən danışmaq üçün sözlərdən kənara çıxmalıyıq. Azərbaycanın itkin düşmüş vətəndaşlarının taleyini öyrənmək tələbi universal insan hüquqları və vicdanın tələbidir.

H.Ərən Ermənistan tərəfini sahib olduğu məlumatları paylaşmağa, keçmişlə üzləşmək üçün cəsarət nümayiş etdirməyə və beynəlxalq hüquq qarşısındaki öhdəliklərini yerinə yetirməyə çağırıb: “Bu həm Cənubi Qafqazda humanitar ədalətə, həm də iki ölkə arasında zədələnmiş etimadı bərpa etməyə xidmət edəcək mənalı addım olardı”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью