Hindistan Cənubi Qafqazda hərbi siyasi vəziyyəti gərginləşdirir: “Pinaka tapmacası”

23.01.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təxminən bir həftə bundan öncə Hindistan Ermənistanın silahlandırılması istiqamətində növbəti addımını atıb. Belə ki, rəsmi Dehli  Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib.

Məlumat üçün qeyd edək ki, iki dövlət arasında əldə edilən razılaşmaya görə Hindistan Ermənistana 4 ədəd “Pinaka” batateriyası tədarük edəcək.

Şübhəsiz, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflandığı və iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin tədricən normalaşdığı bir dönəmdə Hindistanın Cənubi Qafqazı nəhəng silah arsenalına çevirmək cəhdi sülhə xidmət etmir və ciddi təəssüf doğurur. Bu fakt sübut edir ki, 44 günlük Vətən müharibəsindən sonra aşkar şəkildə Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən Hindistan, Ermənistanı silahlandırmaqla əməli baxımdan da bölgədə vəziyyəti mürəkkəbləşdirməyə çalışır. Hansı ki, Hindistanın bu siyasəti sadəcə Azərbaycann deyil, qlobal güclərin, eləcə də Tramp hökumətinin rəhbərlik etdiyi ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətinə ziddir.

“Pinaka” raketləri ilə bağlı digər narahatverici məqam isə bir tərəfdən sülhdən danışan Ermənistanın, digər tərəfdən hələ də silahlanmaqda davam etməsi, ordusunun döyüş qabiliyyətini artırmaq istəyidir. Halbuki, nə dünən, nə də bu gün heç kim Ermənistanın təhlükəsizliyi üçün  təhdid mənbəyi olmayıb. Sabahla bağlı da belə bir təhlükə yoxdur. Belə olan halda Ermənistanın Hindistanla silah idxalını 600 milyon dollar həcminə çatdırması düşündürücüdür və rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir.

Bundan başqa, Azərbaycanla Ermənistan orduları arasındakı qüvvlər nisbəti və bu nisbətin misilsiz dərəcədə böyüklüyü İrəvanın silah idxalı siyasətini tamamilə mənasız edir. Çünki Ermənistanın Azərbaycan qarşısındakı geriliyinin şərti deyil, mütləq xarakter daşıdığı və heç bir dəstəyin bu güc nisbətini dəyişmək iqtidarında olmadığı ortadadır. Bu həqiqət Ermənistan hakimiyyətinin ən ali postlarında təmsil olunan şəxslər tərəfindən də etiraf olunub. Təkcə bir faktı qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında bildirmişdir ki, “Ermənistan heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməz”. Bu nümunə Azərbaycanın Ermənistan qarşısındakı üstünlüyünün əbədi və dəyişməz olduğunu göstərir. Belə olan bir halda Ermənistanın Hindistana silah idxalı üçün 100 milyon dollarla vəsait ödəməsi məntiqə ziddir. Bu, maliyyə kəsirindən əziyyət çəkən Ermənistan büdcəsi, sosial-iqtisadi problemlərin əldən saldığı Ermənistan əhalisi üçün ölümcül zərbədən başqa bir şey deyil.

Ümid edək ki, Ermənistan hakimiyyəti dünəndən nəticə çıxarmqla yanaşı, bugünkü reallıqları da lazımınca qiyətləndirəcək və istər Hindistanın, istərsə də digər güclərin Cənubi Qafqazda yeni bir gərginlik yaratmaq siyasətinə alət olmayacaq.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью