525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hindistan tərəfi Ukraynadakı münaqişədə taxıl və enerji daşıyıcılarının fasiləsiz tədarükünü təmin etmək məqsədilə üç bənddən ibarət atəşkəs planı təklif edib”.
525.az xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, plan enerji obyektlərinə və digər infrastruktura hücumların dayandırılmasını, Qara dəniz limanları vasitəsilə taxıl və enerji daşıyıcılarının fasiləsiz tədarükünün təmin edilməsini, həmçinin strateji əhəmiyyətli su yolunda kommersiya gəmilərinə zərbələrin dayandırılmasını nəzərdə tutur.
Mənbələrin sözlərinə görə, Hindistanın planı Misir, Türkiyə və ABŞ-ın ayrı-ayrılıqda irəli sürdüyü atəşkəs təkliflərindən daha genişdir. Belə ki, bu təşəbbüs həm infrastrukturu, həm də kommersiya gəmiçiliyini əhatə edir. Plan ötən ay Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyinin diqqətinə çatdırılıb.
Mənbələrə görə, Hindistanın Ukraynadakı münaqişənin dayandırılması üçün tutarlı səbəbləri var. Belə ki, ölkə Rusiyadan enerji daşıyıcılarının fasiləsiz tədarükünün təmin olunmasında maraqlıdır.
Ötən həftə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəsə dair dörd təklif alıb.
Pərvanə Sultanova