Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, Hindistan parlamentinin Xalq Palatası (Lok Sabha) imtahan materiallarının qanunsuz yayılmasının qarşısının alınması ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyib. Səsvermə müxalifət deputatlarının etiraz şüarları fonunda keçirilib.
Yeni qanunvericiliyə əsasən, dövlət imtahanlarının obyektivliyinə və etibarlılığına xələl gətirən şəxslər, o cümlədən imtahan saxtakarlığı ilə məşğul olan mütəşəkkil qruplar və bu fəaliyyətə şərait yaradan qurumlar daha sərt cəzalarla üzləşəcək.
Qanun pozuntusuna görə təqsirli bilinən şəxsləri 10 ilədək həbs cəzası və 5 milyon rupi (təxminən 52 min ABŞ dolları) məbləğində cərimə gözləyə bilər.
Dəyişikliklər imtahanların təşkili və keçirilməsində iştirak edən şirkətlərə və agentliklərə də şamil olunur. İmtahan mərkəzlərinin idarə olunması, texniki təminat və logistika xidmətləri göstərən qurumlar da məsuliyyət daşıyacaq.
Müxalifət qanun layihəsinin müzakirəsi zamanı hökuməti tələbə etirazlarına münasibətdə atılan addımlarla bağlı hesabat verməyə çağırıb və sənədin qəbuluna etiraz edib.
Qanun layihəsinin sərtləşdirilməsinə səbəb olan əsas hadisələrdən biri may ayında keçirilən NEET-UG tibbi qəbul imtahanı ilə bağlı qalmaqal olub. İmtahanda Hindistan üzrə 550-dən çox şəhərdə 2,2 milyondan artıq abituriyent iştirak edib. Nəticələrin elanından sonra sualların sızdırıldığı təsdiqlənib və nəticələr ləğv edilib.
Qərar yüksək nəticə göstərən çoxsaylı abituriyentlərə mənfi təsir edib. Hadisədən sonra ölkənin müxtəlif şəhərlərində genişmiqyaslı etiraz aksiyaları keçirilib, bəzi gənclərin isə intihar etdiyi bildirilib. Təkrar imtahan iyun ayında təşkil olunub.
İyulun 20-də Cockroach Janta Party (CJP — “Tarakanlar Xalq Partiyası”) gənclər hərəkatı Yeni Dehlidə icazəsiz “Parlamentə yürüş” aksiyası keçirib. Aksiyaya minlərlə insan qatılıb.
Etirazçılar təhsil naziri Dharmendra Pradmanın istefasını, imtahan qalmaqalına görə məsul şəxslərin cəzalandırılmasını, intihar edən abituriyentlərin ailələrinə kompensasiya ödənilməsini və etirazçılar barəsində cinayət təqibinə son qoyulmasını tələb ediblər.
Danışıqlardan sonra Pradmanın istefa verdiyi, hakimiyyətin isə etirazçıların digər tələblərini yerinə yetirməyə razılaşdığı bildirilib.
Bizimyol.info