Hindistanın “Formula 1” arzusu

04.02.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Formula-1” Hindistanda sonuncu dəfə 2013-cü ildə keçirilmişdi. Həmin mövsümdə Sebastyan Fettel dördüncü dünya çempionluğunu qazanmışdı.

İdman.Biz xəbər verir ki, Hindistan hökuməti “Formula-1”in Budh Beynəlxalq Trasına qayıtması üçün prosesi yenidən gündəmə gətirib. 2011–2013-cü illərdə ardıcıl üç mövsüm F1 yarışlarına ev sahibliyi edən trasda keçirilən bütün Hindistan Qran-prilərini “Red Bull” pilotu Sebastyan Fettel qazanmışdı.

Əslində Hindistanla “Formula-1” arasında 2011-ci ildən ən azı 2015-ci ilə qədər qüvvədə olmalı olan beşillik müqavilə imzalanmışdı. Lakin Uttar Pradeş hökuməti ilə yaranan vergi mübahisəsi səbəbindən 2013-cü il yarışları sonuncu oldu.

Hazırda hökumət tras sahiblərini obyektin iki-üç il müddətinə idman menecmenti şirkətinə verilməsinə razı salmağa çalışır. Məqsəd bu dövr ərzində “Formula-1”in Hindistana dönüşünü təmin etməkdir. Bu addım daimi deyil, müvəqqəti mexanizm kimi nəzərdə tutulur.

“The Times of India” nəşrinin məlumatına görə, ötən həftə idman naziri Mansux Mandaviya “Formula-1”in qayıdışı üçün konkret işlərin aparılmasını tapşırıb. Keçmişdə yarışlara mane olan vergi problemlərinin yaxın zamanda həll ediləcəyi də vurğulanıb.

Qeyd edək ki, Hindistan 2030-cu ilə qədər iri beynəlxalq idman yarışlarını ölkəyə qaytarmaq niyyətindədir. Bu strategiya 2030-cu ildə keçiriləcək Birlik Oyunları və 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək planları ilə də bağlıdır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью