Hitler faşizmindən Putin raşizminə qədər

15.08.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ və Rusiya prezidentlərinin bugünkü görüşü necə bitəcək? Biz Alyaskadan hansı xəbər alacağıq? Bunları bilmirik. Əsas olan odur ki, ABŞ-da müharibə etmək istəməyən bir prezident var. Üstəlik müharibələri dayandırmaq istəyən prezident var. Bir də Rusiyada bütün məsələləri müharibə yolu ilə həll etməyə çalışan bir dövlət başçısı hamimiyyətdə oturub.

Budur, artıq üç il yarımdan çoxdur Rusiya Ukrayna ilə münasibətlərini hərbi yolla "aydınlaşdırmağa" çalışır. Bunun nəticəsində, dünyanın ən azı yarısı ilə münasibətləri pozub. Ukrayna ilə məsələləri "aydınlaşdırarkən" Vladimir Putin özünü də, ölkəsini, cəmiyyətini də sonunda işıq görünməyən qaranlıq bir tunelə salıb. Bu yolda irəli getdikcə, geri qayıtmaq daha da çətinləşir. Son vaxtlar isə, ümumiyyətlə, irəli getmək mümkün olmur. Rusiya bataqlığa düşüb. İndi onun bataqlıqdan çıxmaq üçün Donald Trampa ehtiyacı var. Ancaq Putin bu sülh TRAMPlinindən istifadə edəcəkmi? Söyləmək çətindir.

Ancaq bir şeyi söyləmək olar: Rusiya Azərbaycana qarşı psixoloji müharibə başlayıb. Ermənistanla onsuz da belə müharibə gedirdi. Bu müharibənin tərkib hissəsi kimi Rusiya Ermənistandakı (Gümrüdəki) 102-ci hərbi bazaya əlavə şəxsi heyət və yeni texnika, silah-sursat daşıyır. Ardınca Kremlin öz propoqndisti Vladimir Solovyovun dili ilə deyir ki, həmin bazada bölgədəki "bütün məsələləri həll etmək üçün kifayət qədər" imkan var. "Bütün məsələlər" deyəndə Ermənistanın, eləcə də, Azərbaycanın cəzalanırılması nəzərdə tutulur. Azərbaycana və Ermənistana qarşı "xüsusi hərbi əməliyyat" aparmaq çağırışlar Rusiyanın media platformalarında daha tez-tez eşidilir.

Bu, deməyə əsas verir ki, Rusiya ənənəvi yanlış siyasətindən əl çəkmək niyyətində deyil. O, Ukraynanı əldə etməyə çalışarkən, ən yaxın müttəfiqlərini itirməkdədir. Bütün məsələləri hərbi yolla həll etmək Rusiya siyasi isteblişmentinin köhnə və zərərli şakəridir.

Ancaq bu dəfə məsələ o qədər də asan deyil. Xüsusilə, Azərbaycana qarşı Rusiya planları üçün. Azərbaycanla Türkiyə və Pakistan arasında hərbi ittifaqlar var. Beş-on il əvvəl Azərbaycanın belə müttəfiqləri yox idi. Artıq var. Rusiya indiki zəif halı ilə özü üçün ikinci cəbhə açarmı?! Düşünürəm, bu cür ağılsız hərəkətə yol verməz. Rusiyanın Moldova ərazisində - separatçı Dnestryanı bölgəsində də hərbi kontingenti var. Ancaq Moldovaya qarşı hər hansı hərbi təxribatlara risk etmir. Bu mənada çox ehtimal ki, Ermənistandakı hərbi bazanın gücləndirilməsi də Azərbaycana və Ermənistana psixoloji təzyiq məqsədilə həyata keçirilir.

Donald Trampa gəlincə, o, bütün geosiyasi məsələləri iqtisadi maraqlara bağlayır. Qlobal təhlükəsizlik, regional təhlükəsizlik məsələlərinə də iqtisadi qazanc prizmasından baxır. Siyasətlə ticarətin balansını axtarır. Tramp qlobal problematikaya da biznesmen kimi - biznes marağı ilə yanaşır. Əgər Putiin Rusiyanı yenidən "SSRİ ölçülərinə qədər" böyütmək üçün müharibədən başqa yol bilmir. Tramp isə "Amerikanı yenidən böyük etmək" məqsədinə müharibəsiz yollarla çatmaq istəyir. Nobel Sülh Mükafatı, bəli, ABŞ prezidentlərinin hobbisi də ola bilər. Ancaq indiki halda bu mükafat Trampa qlobal arenada "sülh lideri" statusunu möhkəmləndirmək üçün gərək olub. Yoxsa Nobel mükafatı Trampın başqa nəyinə lazımdır?!

Əlbəttə, əgər Trampla və ya Trampsız, fərqi yoxdur, Dünya problemlərin həlli yolu kimi müharibə variantından əl çəksə, bu, Yer kürəsini gerçəkdən yaşana biləcək hala gətirər. Ancaq bu, hələ, sadəcə, arzudur. Hətta xəyaldır. Çünki qlobal ticarət bazarının böyük bir hissəsi hələ ki silah alış-verişidir. Bu, təəssüf ki, hələ uzun müddətvə ya ən pisi, həmişə belə olaraq qalacaq. Deməli, bu ticarəti qidalandıran aqressiv cərəyanlar - daha çox öldürən ideologiyalar da diri qalacaq. Dünən bu, Hitler faşizmi idi, bu gün Putin raşizmidir. Faşizmin qarşısında bütün bəşəriyyət dayandı və qalib gəldi. Raşizmə qarşı da yenə dünya birləşib. Ancaq hələlik nə məğlubiyyət var, nə qələbə...

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью