Hitlerçi Papa” və “Pandora” əməliyyatları KONKRET

02.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hitlerçi Papa” və “Pandora” əməliyyatları: Sovet KQB-sinin eyni hesabatda üzə çıxan çirkin planları

Stalin dövründə və hətta onun ölümündən sonra da Sovet İttifaqı antisemitizmdən təbliğat, dezinformasiya və xarici rəqibləri gözdən salmaq vasitəsi kimi istifadə edirdi. Vatikanı nüfuzdan salmağa hesablanmış belə əməliyyatlardan birində KQB Roma Papası XII Piyi (1939–1958) hədəfə almışdı. Kommunizmin qatı əleyhdarı olan pontifikin İkinci Dünya müharibəsi illərindəki mövqeyi və fəaliyyəti isə bu gün də tarixçilər arasında müzakirə mövzusudur.

İon Mixay Paçepa “Dezinformasiya” (2013) kitabında XII Piyin nüfuzdan salınmasına yönəlmiş KQB əməliyyatındakı rolundan bəhs edir. Onun sözlərinə görə, Papanın hədəfə alınması barədə göstərişi hələ Stalin vermişdi. Artıq 1945-ci ildə “Radio Moskva”nın efirində XII Piy “Hitlerçi Papa” adlandırılırdı. Bu ittiham pontifikin antisemit mövqedə dayanması və yəhudilərin məhv edilməsini dəstəkləməsi iddialarını ehtiva edirdi.

Lakin Papaya qarşı genişmiqyaslı dezinformasiya kampaniyası yalnız 1960-cı ilin fevralında, Nikita Xruşşovun hakimiyyəti dövründə başlandı.

KQB Rumıniya kəşfiyyatına (DİE) Vatikan arxivlərinə nüfuz etmək və gələcək təbliğat kampaniyalarında istifadə oluna biləcək kompromat əldə etmək tapşırığı verdi. Rumıniya xüsusi xidmət orqanlarında bu missiya «SEAT-12» kod adı ilə həyata keçirilirdi.

Paçepanın əsas vəzifəsi Vatikan arxivlərinə giriş əldə etmək idi. O, Rumıniya ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin bərpa olunacağı barədə vəd verməklə, əslində isə yalan danışmaqla bu məqsədə nail oldu. Vatikan nümayəndələrinə bildirdi ki, arxiv sənədləri Rumıniyaya öz tarixi köklərini araşdırmaq üçün lazımdır. Guya bu araşdırmalar ölkə rəhbərliyinə Müqəddəs Taxta münasibətdə siyasət dəyişikliyini ictimaiyyət qarşısında əsaslandırmağa imkan verəcəkdi.

Növbəti iki il ərzində özlərini keşiş kimi təqdim edən üç rumın kəşfiyyatçısı papa arxivlərini araşdırdı. Onlar XII Piyə qarşı istifadə oluna biləcək heç bir kompromat tapa bilmədilər. Buna baxmayaraq, topladıqları sənədləri öz kuratorlarına təhvil verdilər.

1970-ci illərin ortalarına qədər KQB Katolik kilsəsini gözdən salmağa yönəlmiş “aktiv tədbirlər”ini davam etdirirdi. Bu kampaniyanın əsas istiqamətlərindən biri kilsənin guya faşist rejimlərlə əlaqələrini “araşdırmaq” və bu iddiaları təbliğat materiallarına çevirmək idi.

Andropov dövrü: antisemitizm dövlət siyasətinin alətinə çevrilir

1960–1970-ci illərdə, Soyuq müharibənin ən gərgin mərhələsində də sovet xüsusi xidmət orqanlarının “aktiv tədbirləri” səngimədi. Məhz Yuri Andropovun KQB-yə rəhbərlik etdiyi dövrdə Sovet İttifaqının ən genişmiqyaslı və təhlükəli antisemit əməliyyatlarından bəziləri həyata keçirildi.

Bu siyasət təxminən 15 il ərzində sovet təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən birinə çevrildi.

SSRİ KQB Birinci Baş İdarəsinin arxiv şöbəsinin keçmiş əməkdaşı Vasili Mitroxinin sözlərinə görə, Andropov sionizmlə mübarizəyə xüsusi əhəmiyyət verirdi. Sionizm sovet “aktiv tədbirləri”nin hədəfləri arasında ABŞ-dan sonra ikinci yerdə dayanırdı.

1970-ci illərin ortalarında BMT Baş katibinin müavini vəzifəsində çalışmış, 1978-ci ildə isə SSRİ-dən ABŞ-a qaçmış Arkadi Şevçenko “Moskva ilə qopuş” (Breaking with Moscow) kitabında sovet rəhbərliyindəki düşüncə tərzini belə təsvir edirdi: “Moskvada çoxları ABŞ-da hansısa gizli idarəetmə mərkəzinin mövcud olduğuna dair fantastik fikrə inanmağa meyillidir”.

Bu təsəvvürə görə, həmin kölgə qüvvəsi əsasən “yəhudi lobbisi”nədən ibarət idi.

Sovet rəhbərliyinin SSRİ-nin yəhudi mühacirlərə münasibətinin beynəlxalq aləmdə necə qarşılandığına dair narahatlığı da bu konspirativ düşüncələrlə birləşirdi. Nəticədə Andropovun rəhbərlik etdiyi KQB uzun illər davam edən dezinformasiya və antisemit təbliğat kampaniyasına start verdi.

“Pandora” əməliyyatı: ABŞ-da etnik və irqi qarşıdurma yaratmaq cəhdi

1960-cı illərin sonunda ABŞ-da «Yəhudilərin Müdafiə Liqası» (Jewish Defense League – JDL) adlı təşkilatın, ravvin Meir Kahanenin rəhbərliyi altında fəaliyyətə başlaması KQB üçün yeni “aktiv tədbirlər” həyata keçirmək imkanı yaratdı.

JDL-in yəhudiləri özlərini “bütün zəruri vasitələrlə”, o cümlədən zorakılıq yolu ilə müdafiə etməyə çağıran bəyanatları sovet kəşfiyyatına əlverişli bəhanə verdi. KQB bu təşkilatın adından istifadə edərək ABŞ-da antisemitizm, irqi gərginlik və etnik qarşıdurma yaratmağa çalışırdı.

1969-cu ilin sentyabrında JDL BMT yanında fəaliyyət göstərən altı ərəb nümayəndəliyinə təhdid xarakterli teleqramlar göndərmişdi. Bir ildən bir qədər sonra isə Nyu-Yorkdakı KQB əməkdaşları JDL-in adından BMT-dəki ərəb missiyalarının rəhbərlərinə saxta hədə məktubları yolladılar.

Əməliyyatın məqsədi ərəb nümayəndəliklərini BMT Baş katibinə və ABŞ hökumətinə şikayət etməyə təhrik etmək idi.

Təxminən həmin dövrdə Nyu-Yorkdakı sovet agentləri Afrika diplomatlarına irqçi təhqirlərlə dolu məktublar göndərirdilər. Məktublar elə hazırlanırdı ki, onların müəlliflərinin ağ irqin üstünlüyünü müdafiə edən şəxslər və ya adi amerikalı vətəndaşlar olduğu təsəvvürü yaransın.

Afrikalı diplomatlar, eləcə də Amerika və xarici media bu məktubları ictimailəşdirərək ABŞ-da irqçiliyin geniş yayıldığını göstərən sübutlar kimi təqdim edirdilər.

Keçmiş KQB generalı Oleq Kaluginin sözlərinə görə, bu planların hamısı Moskvadakı KQB qərargahında hazırlanır və Sov.İKP Mərkəzi Komitəsi tərəfindən təsdiqlənirdi.

ABŞ-da antisemitizmi və irqi qarşıdurmanı qızışdırmağa hesablanmış tədbirlər kompleksinin tərkib hissəsi kimi Moskva Nyu-Yorkdakı KQB rezidenturasına JDL-in taktikasını təqlid etməyi və “Pandora” əməliyyatını başlatmağı tapşırdı.

“Pandora” adı təsadüfi seçilməmişdi. Əməliyyatın əsas məqsədi ABŞ-da etnik və irqi ziddiyyətləri dərinləşdirmək, qarşıdurma, xaos və qarşılıqlı nifrət yaratmaq idi.

1970-ci ilin noyabrında və 1971-ci ilin yanvarında iki partlayış baş verdi. İlk partlayış Nyu-Yorkda Sovet İttifaqının “Aeroflot” aviaşirkətinin ofisinin yaxınlığında, digəri isə Vaşinqtondakı sovet mədəniyyət mərkəzinin yanında törədildi.

Partlayışlardan sonra anonim telefon zəngləri daxil olmağa başladı. Zəng edənlər JDL-in şüarlarından istifadə edir, hadisələri dəstəklədiklərini bildirir, lakin məsuliyyəti üzərlərinə götürmürdülər. Beləliklə, KQB yenidən günah keçisi yaratmağa çalışırdı.

Sovet kəşfiyyatçıları Nyu-Yorkun qaradərili əhalinin sıx yaşadığı məhəllələrindən birində partlayıcı qurğu yerləşdirmək üçün də icazə almışdılar. Daha sonra KQB rezidenturasına qaradərili əhalinin maraqlarını müdafiə edən təşkilatlara anonim zənglər etmək və partlayışların arxasında JDL-in dayandığını bildirmək tapşırılmışdı.

Əməliyyatın bu hissəsinin həyata keçirilib-keçirilmədiyi məlum deyil. Lakin planın digər elementləri reallaşdırılmışdı.

Vasili Mitroxinin məlumatına görə, Andropov JDL-in adından saxta vərəqələrin hazırlanmasına da razılıq vermişdi. Həmin vərəqələrdə guya «qaradərili cinayətkarların» törətdiyi əməllər pislənir və bu materialların radikal afroamerikan qrupları arasında yayılması nəzərdə tutulurdu.

Bundan başqa, qaradərili amerikalıların gənclər və tələbə təşkilatlarına JDL-ə aid edilən uydurma zorakılıq aktlarını təsvir edən, qisas almağa çağıran təhrikedici məktublar göndərilirdi.

Hər iki halda KQB-nin hesabı eyni idi: Nyu-Yorkda kütləvi iğtişaşlar və irqi qarşıdurma yaratmaq.

Sionizmə qarşı mübarizə adı altında antisemit təbliğat

Andropov sionizmə sadəcə milli hərəkat kimi yanaşmırdı. O, yəhudi fəallarının fəaliyyətini, mühacirət tələblərini və Qərbdəki yəhudi təşkilatları ilə əlaqələrini vahid beynəlxalq sui-qəsdin tərkib hissəsi kimi təqdim edirdi.

Beləliklə, Sovet İttifaqının anti-Qərb ideologiyası getdikcə antisemit konspirasiya nəzəriyyələrinə çevrilirdi. Bu düşüncə tərzi isə dezinformasiya əməliyyatlarına, süni qarşıdurmaların yaradılmasına və cəmiyyət daxilində düşmənçilik toxumlarının səpilməsinə yol açırdı.

Bütün bunlar göstərirdi ki, sovet xüsusi xidmət orqanları yalnız siyasi rəqibləri gözdən salmaqla kifayətlənmirdi. Onlar cəmiyyətlər arasında etnik və dini ziddiyyətləri qızışdırmaq, xalqları bir-birinə qarşı qoymaq və daxili sabitliyi pozmaq üçün də sistemli şəkildə çalışırdılar.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью