Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 29 noyabr, AZƏRTAC HİV infeksiyasına qarşı mübarizədə mühüm irəliləyiş əldə edilib.
ABŞ-ın Emori Universiteti və “Grady” Sağlamlıq Sisteminin əməkdaşlarının apardığı tədqiqat nəticəsində, “Lenacapavir” adlı inyeksiya formasında təqdim olunan yeni HİV profilaktikası vasitəsi ildə cəmi iki dozada 96 faizlik yüksək qoruma təmin edir.
Bu, gündəlik oral dərmanlarla müqayisədə daha effektiv və asan seçim kimi qiymətləndirilir.AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “New England Journal of Medicine” jurnalında dərc olunub.
Aparıcı müəllif, Emoryi Universitetinin Tibb Məktəbinin professoru Kolin Keley bildirib ki, inyeksiya üsulu ardıcıl dərman qəbulu ilə bağlı çətinliklər yaşayan insanlar üçün əhəmiyyətli alternativdir: “İnsanların yalnız altı aydan bir qəbul etməli olduğu bu yüksək effektivlik səviyyəsini - demək olar ki, 100 faizə yaxın qoruma təmin etməsini görmək inanılmazdır”.
Üçüncü faza klinik sınaqda “Lenacapavir” qrupunda iştirak edən 2179 nəfərin yalnız iki nəfəri HİV infeksiyasına yoluxub.
Bu, gündəlik qəbul edilən “Truvada” dərmanı istifadə edən qrupda (1086 nəfər) doqquz yeni infeksiya ilə müqayisədə əhəmiyyətli üstünlük təşkil edir.
İnyeksiyanın tətbiqində ardıcıllıq səviyyəsi oral dərmanlarla müqayisədə daha yüksək olub.
Keley gündəlik həb qəbul edən insanların təxminən yarısının il ərzində müxtəlif səbəblərdən dərman qəbulunu dayandırdığını qeyd edərək, inyeksiyanın bu problemi aradan qaldırmaq potensialını vurğulayıb.